Hərçənd, qanunla onlara kompensasiya düşmür " />

Ticarət mərkəzində yanan malların pulunu dövlət ödəyəcək

Hərçənd, qanunla onlara kompensasiya düşmür

Bakıda Diqlas ticarət mərkəzində mağazaları yanan sahibkarların ziyanını dövlət ödəyəcək.

Əvvəlcə iş adamları dəymiş ziyana görə kompensasiyanı ticarət mərkəzinin direktorundan və icra hakimiyyəti başçısından tələb edirdilər, amma heç nəyə nail olmadılar. Məsələ gedib prezidentə çıxdı və o, kompensasiyaların ödənməsi haqda sərəncam verdi.

• Azərbaycanda “blekaut”: bu, necə baş verdi və günahkar kimdir?

İlkin hesablamalara görə, ümumi ziyan 200 milyon manat (117 milyon dollara yaxın) təşkil edib.

Ticarət mərkəzi niyə yanıb?

Martın 26-da Diqlas ticarət mərkəzində yanğın baş verib. Hər şey qonşuluqdakı yeməkxanada baş verən yanğınla başlayıb – alov ticarət mərkəzinə keçib və bina tamamən yanıb.

• Ticarət Mərkəzində yanğının təfərrüatları haqda

FHN nümayəndələri bəyan ediblər ki, binada yanğın əleyhinə təhlükəsizlik normalarına əməl olunmayıb, fasad isə yanan materialla üzlənib.

Ziyana görə kompensasiya ödənməlidirmi və kim ödəməlidir?

Bununla belə, qanunla ziyan çəkənlərə kompensasiya ümumiyyətlə ödənməməlidir. Çünki,

 

  • ticarət mərkəzinin binası sığortalanmayıb;
  • yanmış mallar da sığortalanmayıb, heç sığortalana da bilməzdi, çünki xırda daşınan mallar sığortalanmır;
  • ticarət mərkəzindəki mağazalar yazılı müqaviləsiz icarəyə verilib.

Bütün bunların nə anlama gəldiyini vəkil Fərruh Hüseynov izah edir:

“Belə vəziyyətlərdə mütləq araşdırma aparılmalıdır və cinayət işi açılmalıdır. Əgər qəsdən yandırma və ya qəsdən əmlakın korlanması faktı sübut olunarsa, o zaman ziyanı ittiham olunan ödəməlidir. Yox əgər bu, sadəcə bədbəxt hadisədirsə və bina sığortalanmayıbsa, o zaman heç kim heç bir ziyana görə məsuliyyət daşımır. Ticarət mərkəzinin sahibinə gəlincə, əgər binada yanğın təhlükəsizliyi normalarının pozulduğu sübut olunarsa, ondan kompensasiya tələb etmək olar. Amma yalnız icarə haqda müqavilə imzalandığı və dəymiş ziyanın dəqiq məbləğini sübut etmək mümkün olduğu halda. Sadə dillə desək, Diqlasla bağlı durumda heç kimə kompensasiya düşmür”.

Vəkil onu da bildirib ki, Azərbaycanın Mülki Məcəlləsində göstərilməyib ki, icarə müqaviləsi yazılı, ya şifahi olmalıdır. Yəni hətta ticarət mərkəzi yerləri “sözlü razılaşma ilə” icarəyə versə də, bu, qanun pozuntusu sayılmır.

Facebook Comments

More on JAMnews