Abxaziyadakı populyar teatr direktorundan cavablar " />

Teatrı necə uğurlu etmək olar?

Abxaziyadakı populyar teatr direktorundan cavablar

Məşhur politoloq və Abxaziya XİN-in keçmiş yüksək vəzifəli əməkdaşı İrakli Xintba yazın axırlarında siyasəti tərk edərək, Suxumdakı Rus Dram Teatrının başına keçdi. Və artıq teatrın payız mövsümü hamını heyran etdi. Üç premyera və bir yenilənmiş tamaşa tamaşaçıları zala qaytardı.

Əvvəllər tamaşada heç 20-30 tamaşaçı yığılmırdı, indi isə anşlaqsız ötüşmür.

İrakli Xintba müxtəlif dövrlərdə xarici işlər nazirinin müavini olub, həm də Abxaziyanın prezident administrasiyasında ekspert idarəsinə rəhbərlik edib. Onun teatra gəlişini çoxları təəccüblə qarşıladı. İndi isə hamı düşünür ki, bu mərhələdə bundan daha doğru qərar vermək mümkün deyildi.

İrakli Xintba JAMnews-a müsahibəsində yaxşı politoloqdan uğurlu teatr prodüserinə çevrilməyin yolları barədə danışır.

1

– Fəaliyyət sahəsini kökündən dəyişmək barədə qərar vermək nə dərəcədə ağır oldu? Həm də bu qərarı niyə verdiz?

– Bu, çətin olmadı, çünki teatrı bilirəm və sevirəm, artıq çoxdandır ki, peşəkar kimi bu sahə ilə maraqlanıram. Mənim üçün bütün bunlar çox məntiqə uyğun idi. Buna görə qərarı da çox asanlıqla verdim. Hətta teatrda işləmək üçün yüksək dövlət vəzifələrini tutmaqdan imtina etdim. Teatrın əhəmiyyətini və rolunu o dərəcədə vacib hesab edirəm ki, buna vaxt və güc sərf etməyi tam normal sayıram. İnanın mənə, vaxtımı boşuna xərcləməyə hazırlaşmıram.

– Rus Dram Teatrında payız mövsümü çox uğurla keçdi. Artıq çox şeyə nail olmusuz. Kənardan gələn bir adam kimi, bunu necə bacara bildiz?

– Buna bir neçə cavabım var.

Uşaqlıqdan teatr mənim üçün xüsusi yer olub. Tələbəlik illərində Moskvada demək olar ki, hər axşam teatra getmişəm, sonralar da dünyanın ən yaxşı teatrlarında olmuşam.

Bundan başqa bir çox teatr xadimləri ilə tanışam, xüsusi ədəbiyyat oxumuşam, zövqüm yaxşıdır, buna görə də bu sahədə özümü tam peşəkar hesab edə bilərəm.

Teatrı idarə etmək üçün həm də menecment bacarıqlarına malik olmaq lazımdır – onlara da icra hakimiyyəti orqanlarında müxtəlif vəzifələrdə işləyərkən yiyələnmişəm. İxtisasca politoloqam, həm idarəçilik, həm də piar mənim çox yaxşı bildiyim sahələrdir.

– Bu mərhələdə nəyi ən mühüm nailiyyətiniz hesab edirsiz?

– Ən mühüm nailiyyətimiz odur ki, teatrlarımızın bir neçə onillik ərzində nail ola bilmədiyini üç aya əldə edə bilmişik. Müntəzəm iş rejiminə keçidi nəzərdə tuturam. Əminliklə deyə bilərəm ki, heç olmasa həftədə bir dəfə səhnəyə çıxmaq imkanı olmayan artist tək peşəkar bacarıqlarını deyil, həm də istedadını itirir, daha yaxşı olar ki, iki-üç dəfə çıxsın.

İndi artistlərimiz hətta daha tez-tez çıxır, əvvəllər isə bu, ən yaxşı halda ayda bir dəfə olurdu. Bu gün onlara çətindir, belə iş rejiminə alışmayıblar, bəziləri hətta narazılıq edir, amma teatrın başqa yolu yoxdur, ola da bilməz.

Rus Dram Teatrı daimi repertuarla işləyir, afişa iki ay əvvələ açıqlanır, yeni tamaşaların çıxma tarixinə ciddi şəkildə riayət olunur. İstehsalat sahəsində bir dənə də olsun pozulma olmayıb.

Növbəti premyeramız, “Beş axşam” tamaşası 13 aprel 2017-ci il tarixinə təyin olunub və sizi əmin edirəm ki, bu tamaşa məhz həmin gün səhnəyə çıxacaq.

– Rus Dam Teatrının son mövsümündə iki tamaşanı Rusiyalı rejissorlar qoyub. İkisi də uğurlu olub. Belə bir təəssürat yaranır ki, rejissorlar Rus Dram Teatrı ilə əməkdaşlığa məmnuniyyətlə razılıq verirlər. Bəs əslində danışıqlar necə gedir? Xarici rejissoru öz tamaşalarınıza dəvət etmək çətin deyil ki?

– Mən tam əminəm ki, Rusiyadan mütəxəssislər dəvət etmədən Abxaziyada teatrı yeni zirvəyə qaldırmaq mümkünsüzdür. Öz qazanında qaynamağı bitirmək lazımdır, bu səmərəli deyil.

Payızda rusiyalı rejissorlar Andrey Timoşenko və Anastas Kiçik bizdə iki tamaşa qoydular, hər ikisi mədəniyyət sahəsində böyük hadisə oldu. Bizdə bu keyfiyyətdə tamaşalar olmayıb, bunu tam məsuliyyəti ilə deyirəm.

Mənim vəzifəm bundan sonra da yaxşı rejissorlar, işıq üzrə rəssamlar, digər teatr mütəxəssislərini dəvət etməkdir. Bizim əməkdaşlarımız da dəvət olunan peşəkarlarla işləyə-işləyə püxtələşir.

Həqiqətən də yaxşı rejissor tapmaq elə də asan iş deyil. Teatr məhsulunun keyfiyyətindən özün də baş çıxarmalısan, bundan başqa Rusiyada nüfuzlu mədəniyyət xadimlərindən məsləhət almaq həmişə öz səmərəsini verir. Teatrımızın səviyyəsi buna uyğun olmalıdır.

Gələn il də Andrey Timoşenko ilə işimizi davam etdirəcəyik, başqa rejissorlar da dəvət edəcəyik, onlarla artıq konkret razılaşmalarımız da var.

– Çox mühüm bir məsələ də var – maliyyə. Siz əvvəlki kimi dövlət teatrının büdcəsinə ümid edirsiz? Bu effektiv iş üçün kifayət edir?  

– Bu, ümumiyyətlə kifayət etmir. Biz maaş, üstə gəl 700 min rubl [təxminən $12,000] alırıq, bu məbləğ hər şeyə çatmalıdır: yeni tamaşalar qoymağa, kostyum və dekorasiyalar hazırlamağa, qonorar verməyə, böyük mülkiyyət kompleksini saxlamağa, kommunal xərcləri ödəməyə. Bu zaman bir projektorun lampasının qiyməti 40 min rubl [təxminən $700] ola bilər.

Bu büdcə bizim teatrımız kimi effektiv bir teatr üçün biabırçılıqdır. Özümüz pul qazanmağa çalışırıq, rəsmi tərəfdaşımız olan “A-Mobile” şirkəti də kömək edir.  Amma həmişə belə davam edə bilməz.

Axı biz dövlət teatrıyıq, ildə beşə yaxın premyera qoyuruq. Abxaziyada daha kim belə kiçik büdcə ilə bu cür effektiv, səmərəli və fədakarcasına işləyir?

Bu vəziyyət bizim əl-ayağımızı bağlayır, risk edə, eksperiment apara bilmirik, daimi alınan qazanc barədə düşünməliyik, amma teatr risk və eksperimentlər etmədən inkişaf edə bilməz axı. Çox ümid edirəm ki, 2017-ci ildə dövlət bizə daha çox diqqət yetirəcək.

– Teatrınızın aktyor potensialını necə qiymətləndirirsiz?

– Truppamız yaxşıdır, amma artistlərimizin sayı azdır, cəmi 13 nəfər. Bu, müntəzəm rejimdə işləyən teatr üçün çox azdır. Gənclərimiz  demək olar ki, yoxdur. Şukin adına Rusiya Teatr İnstitutunun tələbələri hesabına sıralarımızın artacağına ümid edirik.

Aktyorluq peşəsi ilk növbədə sənətdir. Bu sənəti isə ancaq yaxşı teatr məktəblərində öyrədə bilərlər, buna görə də bu uşaqlara böyük ümid bağlayırıq.

Həm də daimi yeni artistlərin axtarışı ilə məşğul oluram. “Beş axşam” tamaşasında artıq yaxşı aktyor hazırlığı olan istedadlı gənc abxaz rejissoru İnar Narmaniya məşq edir.

– Siz tamaşaçı ilə işə böyük diqqət yetirirsiz. Hətta köhnə tamaşalarda da dolu zal effektiv menecmentin nəticəsidir?

– İndi yenilik effekti var. Hamını premyeralar maraqlandırır. Problemlər sonradan, tamaşaçı marağını saxlamaq lazım olan vaxt yaranacaq.

Əlbəttə, biz yeni tamaşalar hazırlayacağıq, amma köhnələr də gedəcək. Burada medianın dəstəyi də vacibdir, şəxsən mən buna böyük diqqət yetirirəm.

-Artıq çox şeyə nail olmuşuq, teatrımızın tamaşaçıları çoxdur. Lazımdır ki, tamaşaçı üçün teatrımıza gəlmək adət halını alsın, burada onların vaxtı xoş və şən keçsin. Teatr hər şeydən əvvəl sevincdir. Mən şəxsən tamaşaçıları qarşılayıram, hər birinin üzünə gülürəm, xoş sözlər deyirəm, teatrda yerlərini tapmağa kömək edirəm.

Çox vacibdir ki, insanlar bizim üçün hər bir tamaşaçının qiymətli olduğunu bilsin, bilsinlər ki, hər kəsə diqqət yetiriləcək, həm də anlasınlar ki, teatr axşam zaman keçirmək üçün ən yaxşı yerdir.

Amma istənilən halda əsası yaxşı tamaşanın olmasıdır. Tamaşa zəifdirsə və tamaşaçıların diqqətini cəlb edə bilmirsə, piarın heç bir xeyri olmayacaq. Bu cür tamaşaları düşünmədən repertuardan çıxaracağıq.

– Bu gün Abxaziyada tamaşaçıya nə lazımdır, ötən üç ay ərzində hansı qənaətə gəlmisiz?

– İstənilən başqa ölkədə tamaşaçılara lazım olanlar. Tamaşaçının ürəyinə yol tapan, zaldan “soyuq burunla” çıxmağa imkan verməyən teatr lazımdır.

– Sizcə, bu mərhələdə bir rəhbər kimi birinci dərəcəli vəzifəniz nədən ibarətdir?

– Birinci dərəcəli vəzifəm repertuar toplamaqdır. Azı səkkiz keyfiyyətli tamaşa olmalıdır (dördü artıq var) və qısa müddət ərzində onları yaratmaq  lazımdır.

İkincisi, teatrın kollektivini effektiv işə daha çox kökləmək, o cümlədən istehsalat sexlərini inkişaf etdirmək lazımdır.

Üçüncüsü, truppaya gənclər gətirmək. Dördüncüsü, də texniki təchizat üçün maliyyə imkanları tapmaq.

– Rus Rdam Teatrının 2017-ci ilin qış və yaz mövsümləri ilə bağlı hansı planları var?

– Fevralda 36-cı mövsümün ikinci hissəsi başlayır. Aleksandr Volodinin məşhur “Beş axşam” pyesi əsasında qoyduğumuz tamaşanın məşqləri başlayır.

Tamaşanı moskvalı gənc və istedadlı rejissor Anton Kiselyus səhnələşdirir. Teatrın baş rəssamı Vitali Katsbanın çox maraqlı dekorasiyalarının maketi də artıq hazırdır. Aparıcı aktrisamız Anna Qüreqyanın çox ciddi rolda özünü göstərmək imkanı olacaq.

Bununla yanaşı, Qoqolun pyesi əsasında Andrey Timoşenkonun quruluşunda möhtəşəm “Müfəttiş”  tamaşasının məşqləri başlayacaq.

Repertuarımızda həm də mütləq komediya və uşaqlar üçün tamaşa olacaq. Hazırda üç rusiyalı rejissorla danışıqlar aparıram, yaxın gələcəkdə nəticələr barədə məlumat verəcəm.

2

Dərc edilib: 23.01.2017
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər

More on JAMnews