Qətldən altı ay keçsə də, Tbilisinin mərkəzində məktəblini kimin öldürdüyü məlum deyil " />

Tbilisidə məktəblilərin qətliylə bağlı məhkəmə qərarı kütləvi etirazlara səbəb ola bilər

Qətldən altı ay keçsə də, Tbilisinin mərkəzində məktəblini kimin öldürdüyü məlum deyil

Tbilisinin mərkəzində 16 yaşlı yeniyetmələr Levan Dadunaşvili və David Salaridze amansızca qətlə yetiriləndən altı ay sonra məhkəmə qərar çıxarıb və bu iş üzrə ittiham olunan iki yeniyetməyə qismən bəraət verib.

Tbilisi şəhər məhkəməsinin qərarına görə, ittiham olunanlardan biri  Dadunaşvilinin ölümünə görə müqəssir bilinib, amma Salaridzenin qətlinə görə bəraət alıb. Salaridzenin qətlində ittiham olunan ikinci müttəhimə gəlincə isə, onun ittihamını qəsdən adam öldürmədən qəsdən adam öldürməyə cəhdə tövsif ediblər, – “Novosti Qruziya” xəbər verir.

Məhkəmənin qərarı böyük hay-küyə səbəb olub.

Qətlə yetirilənlərdən birinin atası Zaza Salaridze Gürcüstan əhalisinə müraciət edərək onu dəstəkləməyə, küçələrə çıxıb baş prokuror İrakli Şotadzenin istefasını tələb erməyə çağırıb.

Salaridzenin əsas iradı məhkəməyə yox, prokurorluğadır. Əvvəllər Salaridze dəfələrlə bəyan edib ki, polis bütün günahkarları tutmayıb. Salaridze keçən bir neçə ay ərzində prokurorluğu obyektiv araşdırmanın aparılmasına mane olmaqda və qətldə iştirak edən həmin qurumun keçmiş əməkdaşının oğlunun günahını ört-basdır etməkdə ittiham edib.

“Mənim sözlərimi oğlumun qətlində ittiham olunanlara bəraət verən məhkəmə də təsdiqlədi. Məhkəmə bu qərarı ilə prokurorluğa bildirdi ki, əsl qatillər azadlıqdadır”, – Salaridze məhkəmədən sonra jurnalistlərə bildirib.

Salaridzenin vəkilləri də deyiblər ki, məhkəmənin qərarı əsl günahkarları azadlıqda buraxan prokurorluq üçün sillədir.

Məhkəmə qərarı açıqlanandan sonra məhkəmə binasının qarşısında vəziyyət gərginləşib. Salaridze və onu dəstəkləməyə gələn onlarla insan “rəzalət” və “qatillər” deyə qışqırıblar. Tbilisi məhkəməsinin qarşısından onlar şəhər prokurluğuna doğru gediblər.

“Bu sistem dağılmalıdır. Ya o dağılacaq, ya da mən öləcəm! Mən hamını səsləyirəm, mənim yanımda durun”, – Salaridze jurnalistlərə emosional halda bildirib.

Foto: İctimai TV

Prokurorluq qarşısında Salaridzenin atasını dəstəkləməyə gələn insanlar toplaşır. Müxtəlif müxalif partiyaların üzvləri və ictimaiyyət təmsilçiləri artıq oradadır.

Parlament müxalifəti xüsusi komissiya yaratmağı, baş prokuroru parlamentə dəvət edib, ona suallar verməyi təklif edib:

“Oğlu 12 bıçaq yarası ilə öldürülmüş insana deyirlər ki, qatil mövcud deyil. O, təsəvvürə gəlməz ədalətsizliklə üzləşib və proseslər küçədə çox təhlükəli forma ala bilər. Buna görə də, biz maksimum çalışmalıyıq ki, bu məsələyə müdaxilə edək”, – müxalif “Avropa Gürcüstanı” partiyasının nümayəndəsi Yelene Xoştariya deyib.

Tbilisinin 51 saylı məktəbində təhsil alan iki 16 yaşlı yeniyetmə David Salaridze və Levan Dadunaşvili 2017-ci il dekabrın 1-də gündüz saatlarında şəhərin gur küçələrindən birində – Xorova küçəsində baş verən qanlı davanın qurbanı olub. Hər ikisi ölümcül bıçaq yaraları alıb. Dadunaşvili yerindəcə ölüb, Salaridze isə bir müddət sonra xəstəxanada keçinib. Daha sonra polis iki yeniyetməni saxlayıb və cinayət silahlarını – iki bıçağı onlardan müsadirə edib.

Saxlanılanlardan birinin vəkilinin sözlərinə görə, qətli ittiham olunan yeniyetmələr törətməyib. Bu arada məhkəmənin bugünkü qərarı da David Salaridzenin əsl qatilinin indiyə qədər azadlıqda olduğunu təsdiqləyir.

“Məhkəmə qərarı bizim üçün gözlənilən idi… Biz əmin idik ki, məhkəmə mənim müvəkkilimin David Salaridzenin qatili olmadığını bildirəcək. Bu hissədə məhkəmə bizim mövqeyimizi bölüşdü. David Salaridzeni həqiqətən öldürən şəxslər hələ də məsuliyyətə cəlb olunmayıb. Bu qərar istintaq orqanlarının real caniləri ittiham etməsi üçün təkan olacaq”, – vəkil Tariel Kakabadze deyib.


More on JAMnews