“Rus faşizminə son” – dünənki aksiyanın əsas şüarı" />

Tbilisidə Anti-faşist yürüşünün iştirakçılarına yumurta və süpürgə atdılar

“Rus faşizminə son” – dünənki aksiyanın əsas şüarı

Tbilisidə Ağmaşenebeli prospektində “Avropa Gürcüstanı” siyasi birliyi tərəfindən təşkil olunan yürüş iştirakçılarına yumurta, süpürgə və butulka atdılar.

“Avropa Gürcüstanı” tərəfindən təşkil olunan anti-faşist yürüşü Tbilisidə iyulun 14-də baş tutan və Gürcüstan hakimiyyətindən qeyri-leqal mühacirlərin çıxarılmasını tələb edən millətçi təşkilatlar tərəfindən təşkil olunan “Gürcü marşı”na cavabıydı. Marş ksenofob şüarlar altında keçib.  

“Avropa Gürcüstanı”nın üzvlərindən başqa, dünənki yürüşdə digər müxalifətçi partiyaların və qeyri-hökumət sektorunun nümayəndələri də iştirak edib. Onlara “Gürcü marşı”nın ideyalarını dəstəkləməyən ictimaiyyət nümayəndələri də qoşulub.  

“Rus faşizminə yox deyək” – dünənki etiraz aksiyanın əsas şüarı belə səslənirdi. “Avropa Gürcüstanı”nın nümayəndələrinin fikrincə, “Gürcü marşı” Rusiyanın layihəsidir və Gürcüstanın beynəlxalq imicinə qara yaxılmasına istiqamətlənib. Həm də onların sözlərinə görə, “Gürcü marşı”nın nümayəndələrinə Bidzina İvanişvili hökuməti himayədarlıq edir.  

“Gürcüstanda Rusiya təbliğatı qorxunc bir forma alıb və gördüklərimiz – aqressiya, zorakılıq, əsl gürcü ənənələrinin tapdalanması, fərqli fikrə qarşı dözümsüzlük, ksenofobiya – bütün bunlar Avropaya inteqrasiya yolunu bağlayan Rusiya təbliğatının təsiridir. Gürcü cəmiyyəti imkan verməməlidir ki, Gürcüstanda gürcü ənənələri adı altında Rusiya təbliğatı qalib gəlsin, hansı ki əslində əsl gürcü ənənələri ilə mübarizə aparır”, – “Avropa Gürcüstanı”nın liderlərindən biri David Bakradze deyib.

İnsidentsiz də ötüşmədi. “Gürcü marşı”nın təşkilatçıları da əks-aksiya keçirmək qərarına gəldilər və Ağmaşenebeli prospektində toplaşdılar. Onlar anti-faşist marşının iştirakçılarına yaxınlaşmağa cəhd göstərdilər, amma bu zaman da polisin müqavimətinə rast gəldilər. Qarşıdurmanın qarşısını almaq üçün dünən Ağmaşenebeli prospektinə hüquq-mühafizə orqanlarının yüzlərlə işçisi toplaşıb.  

Amma onlar “Avropa Gürcüstanı” ilə “Gürcü marşı”nın iştirakçıları arasında söz deyişməsinin qarşısını ala bilmədi. “Gürcü marşı”nın nümayəndələri həm də yürüş iştirakçılarına yumurta, süpürgə və su butulkaları atdılar.

Axşam saat səkkiz radələrində başlayan aksiya axşam onda başa çatdı. “Gürcü marşı”nın təşkilatçıları jurnalistlərlə söhbətlərində bildirdi ki, ancaq bütün Gürcüstanın Katolikos patriarxı İkinci İlianın xahişilə çoxsaylı aksiyadan və “Avropa Gürcüstanı” ilə qarşıdurmadan imtina ediblər.

  • “Avropa Gürcüstanı” ilin əvvəlində keçmiş hakim partiya olan “Vahid milli hərəkat”ın parçalanması nəticəsində yaranan müxalif siyasi qüvvədir. Onun liderləri keçmiş prezident Mixail Saakaşvilinin keçmiş məsləkdaşları David Bakradze, Qiqa Bokeriya və Qiqi Uqulavadır.

“ქართველთა მარშის” წარმომადგენელთა შეკრება:

 


More on JAMnews