Vitali Səfərovun qətli ilə bağlı iş üzrə iki şəxs həbs edilib. Hər ikisi qondarma neonasist qruplaşmanın üzvüdür " />

Tbilisidə 25 yaşlı Vitali Səfərovun qətlinin motivi ksenofobiya ola bilərdi

Vitali Səfərovun qətli ilə bağlı iş üzrə iki şəxs həbs edilib. Hər ikisi qondarma neonasist qruplaşmanın üzvüdür

Foto: Vitali Səfərovun “Facebook”dakı şəxsi səhifəsindən

“İnsan haqlarının müdafiəsi üzrə mərkəz” (HRIDC) qeyri-hökumət təşkilatı güman edir ki, sentyabrın 30-da Tbilisinin mərkəzində qətlə yetirilmiş 25 yaşlı Vitali Səfərov ksenofobiyanın qurbanı olub.

Səfərovun qətli ilə bağlı iş üzrə bu vaxta qədər iki şəxs həbs edilib ki, bunlar qondarma neonasist qruplaşmanın üzvləridir.

Vitali Səfərov sentyabrın 30-da səhər saat 5-də Tbilisinin mərkəzində, Aleksandr Düma küçəsində qətlə yetirilib. Bu vaxta qədər o, dostları ilə kafedə olub və orada mübahisə yaranıb. Dava küçədə davam edib. Səfərov bıçaqla ölümcül yaralanıb. Hadisə yerinə gəlmiş təcili yardım həkimləri onun öldüyünü bildiriblər.

 

Jurnalistlərlə söhbətdə hadisə şahidləri bildiriblər ki, Səfərovla davada bir neçə nəfər iştirak edib.

 

Vitali Səfərov “Cəlbolunma və inkişaf mərkəzi” qeyri-hökumət təşkilatında işləyirdi. O, bir neçə il ərzində yeniyetmələr üçün tolerantlıq düşərgələrinin təşkilində və irqçilik, ksenofobiya və diskriminasiyaya qarşı digər layihələrdə fəal iştirak edib.

HRIDC bu gün Səfərovun qətli ilə bağlı iş üzrə mətbuat konfransı keçirib.

Mərkəzin əməkdaşları baş vermiş hadisə ilə əlaqədar məlumat toplayıblar. Şahidlərin sözlərinə görə, qətlin axşamı Səfərov və onun qatilləri bir barda olublar.

Güman edildiyinə görə, münaqişəyə səbəb o olub ki, Səfərov gürcü dilində danışa bilmirdi. Şahidlər xatırlayırlar ki, sonradan mübahisə kəskinləşib və söhbət “vətən və gürcü identikliyi”ndən gedib.

“Bunu nəzərə alsaq, Vitali Səfərova qarşı zorakılıq, güman ki, ksenofobiya zəminində həyata keçirilib ki, bu da əcnəbilərə, yaxud fərqli insanlara qarşı qorxu və/və ya nifrəti ehtiva edir”, – mərkəzdən bildiriblər.

Mətbuat konfransında qeyd olunub ki, Səfərovun öldürülməsi ilə bağlı iş üzrə başlanmış istintaq yanlış tövsiflə aparılır.

“Vitali Səfərovun qətli qrup tərəfindən, xuliqanlıq zəminində, irqi, dini, milli və ya etnik dözümsüzlük səbəbindən həyata keçirilib”, – hüquq müdafiəçiləri bildirirlər.

Lakin prokurorluq özünün ittihamında nə qrup şəklində cinayətdən, nə də etnik dözümsüzlükdən soz edir.

Saxlanılanlardan biri bilərəkdən qətl törətməkdə (ağırlaşdırıcı hallar olmadan), ikincisi isə cinayəti gizlətməkdə ittiham olunur.

Prokurorluqda deyirlər ki, Vitali Səfərovun qətli ilə bağlı iş üzrə istintaq davam edir və əlavə sübutlar əldə edildiyi təqdirdə o, başqa cür tövsif olunacaq.

Hər iki saxlanılan neonasist qruplaşmanın üzvüdür və əvvəllər də buna bənzər zorakılıqda qeydə alınıblar. Onlardan biri 1995, digəri isə 1998-ci il təvəllüdlüdür.

Mərkəzin əməkdaşları şahidlərə istinadən bildirirlər ki, son iki il ərzində 112 informasiya mərkəzinə və kriminal polisə şübhəlilər tərəfindən zorakılıq faktları ilə bağlı dəfələrlə məlumatlar daxil olub, lakin polis həmin məlumatlara reaksiya verməyib.

Mərkəzdən bildirirlər ki, son zamanlar “ksenofob, faşist qrupların fəallığı və nifrətin qızışdırılması Gürcüstan dövləti üçün ciddi çağırışlardan birinə çevrilib”.


More on JAMnews