Yerevanın mərkəzindəki köhnə tikililər yoxa çıxıb, onların yerini də elitar yeni binalar tutub" />

Təzə Yerevan köhnəni məhv edir

Yerevanın mərkəzindəki köhnə tikililər yoxa çıxıb, onların yerini də elitar yeni binalar tutub

Fotoqraf-salnaməçi

Onun kamerasının obyektivi Yerevanın mərkəzində növbəti tarixi bioqrafiyası olan binanın son qırıntılarını çəkir. Paytaxtın tarixi və mədəni irsi fotoşəkillərdə qalır. Amma 2798 yaşlı Yerevanda artıq heç olmasa 200 yaşlı bina belə tapmaq mümkün deyil.

Hayk Biandjyan sökülmüş abidə binaların daşlarının yanında
“Bina sadəcə daşlar deyil, onlarda kodlaşdırılmış enerji var. Mən həmişə şəhəri mənzillə müqayisə etmişəm. Biz mənzillərdə bir neçə ildən bir təmir işləri aparırıq. Amma burada bizə yaşlı nəsildən keçən əşyalar qalır. Xatirələrə qiymət qoyan insan onları öz övladlarına ötürür. Bu köhnə qara binalarda şəhərimizin yaddaşı saxlanılırdı və biz onu gələcək nəsillərə ötürməliydik, amma biz bunu etmədik, – fotoqraf Hayk Biandjyan deyir. O, artıq 13 ildir ki, köhnə Yerevanın binalarının sökülməsini kameraya alır.

2000-ci ildə hökumətin qərarı ilə paytaxtın mərkəzindəki köhnə şəhərin tarixi və mədəni təbəqələri qalan əksər ərazilər “ictimai maraqların prioriteti elan edildilər. Hakimiyyət bildirdi ki, şəhər canlı orqanizmdir və vaxtaşırı olaraq onun həyat fəaliyyətinə mane olan hissələri aradan götürmək lazımdır. Nəticədə Yerevanın mərkəzində bu gün elitar yeni tikililər ucalır.

39 yaşlı Biadjyan deyir ki, dağıdılan köhnə Yerevanın hər bir anını kamerasının yaddaşına həkk edib: Şimal prospekti, Gənclər palatası, “Araqil restoranı, Örtülü bazar, sirk, “Zvartnos kinoteatrı, Afrikyanların binası…

2005-ci il, Büzand, 25 ünvanında yerləşən binanın söküntüsü. Stepan Biandjyanın fotosu

“Mən Büzand küçəsində sökülən hər bir bina ilə yaşamışam. İndi mən oradan keçib, həmin binaların izi-tozu qalmadığını, onların yerində isə sıx sıra ilə yeni tikililərin əjdaha kimi yan-yana düzdüldüyünü görəndə, heç mən də cəmi 10 il bundan əvvəl burada tamamilə başqa bir ab-havanın olduğuna inanmıram.

Maraqlı koloriti, səs-küy salan uşaqlar və nərd oynayan böyüklərlə dolu olan həyətlərə açılan tağlar…. Bütün bunları mən çox gec gördüm, necə deyərlər, axırıncı vaqona özümü güclə çatdırıb, ancaq vidalaşmağa imkan yapdım”, – Hayk deyir.

Memarların günahı yoxdur

2004-cü ildə hökumətin “Yerevan şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət siyahısının təsdiq edilməsi haqqında 1616-Н saylı qərarı dərc edildi, amma bu, siyahıya daxil olan 975 binadan çoxunu dağıdılmaqdan xilas edə bilmədi.

Memarlar İttifaqının sədri Mkrtıç Minasyan qeyd edir ki, köhnə şəhərin saxlanması prinsipi bütün dünyada qəbul olunub, amma Yerevanda heç kim mərkəzdən getmək istəmir.

“Biz onun qorunması prinsipini administrativ, əmr metodu ilə qəbul etmədik. Əksinə, biz dedik: bütün bunlar köhnəlib, yenisini tikərik. Amma mərkəzdə tikməmək də olardı: şəhərin böyük imkanları var, mən torpaq ehtiyatlarını nəzərdə tuturam. Bütün dünyada müasir ofis mərkəzləri və mənzilli hündür mərtəbəli binalar şəhər mərkəzinə zərər yetirilmədən tikilir, – Minasyan deyir.

Memarlar İttifaqının rəhbəri bildirir ki, əksər adamlar memarları günahkar sayır, onlar isə sadəcə inzibati orqanların tələblərini yerinə yetirirlər:

“Kapital deyir: mən bu ərazini istəyirəm və şəhər sərmayə almaq istəyirsə, qoy belə bir sahəsi olan ərazi versin. Sovet dövründə istənilən növ binalar ancaq dövlət sifarişi ilə tikilirdi, indi isə dövlətin payı ancaq 5-10% təşkil edir, qalan hissə sahibkarların əlindədir.

2008-ci ildə Ermənistan memarlıq abidələri üzrə Avropa konvensiyasını imzaladı, həmin konvensiyaya əsasən, tarix və mədəniyyət abidəsini əsaslı səbəb olmadan köçürmək olmaz. Ermənistan “Daşınmaz tarix və mədəniyyət obyektlərinin və tarixi mühitin mühafizəsi və istifadəsi haqqında qanunun 21-ci maddəsinə görə, respublika və yerli əhəmiyyətli binaların ancaq müstəsna hallarda – hökumətin icazəsi ilə sökülməsi mümkündür.

Memar Saşur Kalaşyan böyük narazılıqla bildirir ki, qanunumuz olsa da, ölkədə qanunun aliliyi yoxdur, şəxsi maraqlar prioritet təşkil edir:

“Biz dövlət üçün prioritet ictimai maraqdan danışırıq. Amma hansı sökülən binanın yerində dövlət əhəmiyyətli bina tikdilər? Tikən sahibkarlardır, dövlət isə cəmiyyətin maraqlarını qorumalıdır. Bunu isə mən görmürəm. Dövlətin kimin maraqlarını qoruduğu aydındır. Hazırda onlar sadəcə büdcənin doldrululması ilə məşğuldurlar.

Memarlar təəssüflə qeyd edirlər ki, Yerevan Tamanyan – yeni erməni memarlığının banisi tərəfindən yaradılan simasını itirib. 1934-cü ildə memar “Böyük Yerevanın (500 min nəfərlik) layihəsini qurmağa başladı, amma işi yarımçıq qaldı. İndiki Ermənistan hakimiyyəti isə dəfələrlə bildirib ki, paytaxt mərkəzi Tamanyanın layihəsinə əsasən tikilməlidir.

Saşur Kalaşyan hesab edir ki, məzh memarlıq milli mədəniyyətin siması sayılır: “Biz xaricə gedəndə ilk ekzotik təəssüratları məhz zamanla formalaşan və vahid bir görünüş alan arxitekturadan alırıq. Bizim həmin xalqa münasibətimiz də elə buradan başlayır.

Memarlar İttifaqının sədri Mkrtıç Minasyan bildirir ki: Aleksandr Tamanyan Yerevanı şəhər-park prinsipi ilə layihələndirib:

“Bu, amfiteatrın içində şəhər-park olmalı idi. Yerevan şimaldan yuxarı qalxır, buradan da Ararat vadisinə, Ararat dağına mənzərə açılır. Gözəl mənzərə və əla ideya, elə deyilmi? XX əsrin əvvəlində o opera binasını bu miqyasda və belə bir sahədə görə bilib”.

Fantaziyadan başqa, sovet dövründə həm də bütün bunların qabağa çəkilməsi üçün cəsarət lazımıydı ki, hamı sənin doğru yolda olduğuna inansın. Və o bizə gözəl irs, əla məktəb, sonradan Tamanyan vektorunu qoruyub saxlayan memarlar qoyub getdi.

Sovet arxitekturası daha funksional, ciddi, milli çalarsız idi. Minasyan qeyd edir ki, Yerevan buna baxmayaraq, öz milli simasını qoruyub saxlaya bildi, əks halda, bizim öz ruhu və siması olmayan şəhərimiz olardı. Bununla yanaşı, köhnə Yerevandan ancaq ayrı-ayrı hissələr qalıb:

“Puşkin və Abovyan küçələrində bu ab-hava hələ də qalır və inşaatçılar binaların fasadlarını saxlasaydılar, əla olardı. Puşkin küçəsi, ev 4 ünvanında yerləşən binadan “Dövlət tərəfindən mühafizə olunur lövhəsi asılıb. Bu, salamat qalan nadir tarixi binalardandır. Binanın zirzəmisində məşhur çaxır anbarı yerləşir”.

Köhnə şəhərin sakinləri

Puşkin küçəsi, 4/5 saylı evdə yaşayan 84 yaşlı Aşot Kilikyan danışır ki, bu ev görkəmli şərabçı Vasili Tiarovun evi idi. Burada Yerevanın ilk baş memarı Nikolay Buniatyan, Vasil Tairovun oğlu olan Mktıç Tairovun anası, Ermənistan SSR-nın xalq artisti Anik [Anait] Mkrtumyan yaşayıblar.

Kilikyanlar bu evi 1953-cü ildə Anik Mkrtumyandan alıblar. Binanın qonşuluğunda Yerevanın ilk stomatoloji klinikası fəaliyyət göstərirdi, binanın o biri hissəsində məşhur pendir istehsalı yerləşirdi. Məhz Puşkin küçəsindəki ev 4/5-də Yerevanda ilk dəfə krandan su axmağa başladı.

“Areni festivalı fondunun direktoru Nune Manukyan qeyd edir ki, köhnə binalar turizm baxımından maraqlıdır:

“Ölkəmizdə turizm və şərabçılıq proirotet sahələr kimi elan edilsə də, şəhərin tarixinin bir hissəsi olan və turistlərin marağına səbəb olan binalar qəddarcasına məhv edilir. Bu siyasət nəticəsində şəhərimiz öz simasını itirir, buna görə də turizm məhsulu yaratmaq və onu satmaq çətindir”.

Hayk Biandjyan qeyd edir ki, xarici qonaqlar ondan həmişə xəbər alır: “Bəs köhnə şəhər hardadır?

Köhnə Yerevanın gələcəyi

Puşkin küçəsi, ev 4 və ona bitişik ərazi hökumətin 2013-cü il tarixli qərarı ilə “xüsusi ictimai maraq kəsb edən elan olunub və “Lokal developers tikinti şirkətinin sahibi Samvel Mayrapetyan tərəfindən alınıb.

“Şirkət evimizə görə bizə 196 milyon 100 min dram həcmində kompensasiya təklif edir, bizim tutduğumuz özəl şirkət isə 932 kvadrat metrlik sahəmizi 618 milyon 141 min dram həcmində qiymətləndirdi. Bizi qarət edirlər, duran yerdə 400 millon dramımızı əlimizdən alırlar. – ev sahibi Aşot Kilikyan deyir və əlavə edir ki, “Lokal developers şirkətini məhkəməyə verərək, kompensasiyanın həcmini artırmağı tələb edir.

Şirkətə qarşı iddiaları həmin ərazinin digər sakinləri də verib. Puşkin küçəsi, 4 ünvanında Yerevanın ən məşhur restoranlarından biri olan “Dolmama yerləşir. Burada Fransanın üç prezidenti, Hillari Klinton, Vladimir Putin, Kardaşyan bacıları, aktyorlar Alen Delon və Jerar Depardye, müğənni Xulio İqlesias, yazıçı Paolo Koelyo və digər məşhurlar erməni milli yeməklərin dadına baxıblar.

Şəhərsalma naziri Narek Sarqsyan bildirib ki, Puşkin küçəsi, 4 ünvanında yerləşən çaxır anbarları sökülməyəcək.
“Əminəm ki, qarşıya məqsəd qoyulandan sonra bütün məhdudiyyətlər də təsbit olunacaq: nə olar, nə olmaz.

Məhdudiyyətlər abidələrin öz yerlərində qalmasına aid olacaq. Bura dəyəri olan çaxır anbarlarının məsələsi də daxil ediləcək. Mən özüm bu anbarda olmamışam, – şəhərsalma naziri deyib.

Yerevanın mərkəzində mədəni və tarixi əhəmiyyət kəsb edən bir neçə bina, o cümlədən də vaxtıykən varlı Afrikyan qardaşlarının tikdiyi məşhur 130 illik bina da demontaj edilib və başqa ərazilərə köçürülüb. Bura məşhurların və şəhər elitasının yığışdığı bir yer idi.

Hökumətin bildirdiyinə görə, binanın nömrələnmiş daşları “Köhnə Yerevan layhəsi çərçivəsində yenidən yığılacaq, özü də şəhərin mərkəzidə. Bununla belə, memarlar bildirir ki, bu layihənin köhnə Yerevanla heç bir əlaqəsi yoxdur.

“Yanında şəhərin müxtəlif küçələrindən hansısa binaları, ya da onların qalıqlarını düzəcəklər. Bu sadəcə biznes layihədir. İçində mağazalar olan böyük bina tikəcəklər. Adamları gətirib, göstərəcəklər, nə olsun ki? Onlara deyəcəklər ki, Yerevan budur? Hamı bizə güləcək, xüsusən də peşəkarlar. – Memarlar İttifaqının rəhbəri Mkrtıç Minasyan deyir.

“Mən bütün sökülmüş binaları çəkmişəm. Özüm özümdən xəbər alıram, çəkdiklərimdən nəsə qalıb? Heç nə. İndi şəhərdə elə yerlər var ki, onları görməmək üçün gözlərimi yumuram, təəssüf və ağrı ürəyimi doldurur. Heç nə qoymadılar. Deyək ki, on binadan yeddisini sökərdilər, şəhər də inkişaf edərdi, amma tarixin hesabına yox”, – fotoqraf Hayk Biandjyan deyir.

Dərc edilib: 15.04.2016


More on JAMnews