Aleksandr Cecelava hesab edir ki, uşaq oyun prosesində daha yaxşı oxuyur" />

Təhsil naziri nə deyir?

Aleksandr Cecelava hesab edir ki, uşaq oyun prosesində daha yaxşı oxuyur

Müasir görüşlü “yaxşı oğlan, yoxsa diletant? Təxminən altı aydır ki, Aleksandr Cecelava Təhsil Nazirliyinə rəhbərlik edir və özünün qeyri-adi bəyanatları səbəbindən daima ictimaiyyət və mətbuatın fokusuna düşür. Onun demək olar ki, hər bir müsahibəsi ictimai diskussiya predmetinə çevrilir və birmənalı qarşılanmır. Bəzilərinin Cecelava xoşuna gəlir, digərləri onu tənqid atəşinə tutur. Biganə qalanlar yoxdur.

Nazir olana qədər Cecelava “İdarəçilik Akademiyasının sədri işləyib və menecment, satış, layihə idarəçiliyi və liderlik məsələləri üzrə treninqlər keçirib. O, həm də insan ehtiyatları, satış və idarəçiliyin istiqamətlənməsi üzrə bir neçə gürcü təşkilatında işləyib. Onun nazir təyin olunmasına etiraz edənlər məhz bu cür “işgüzar keçmişinin təhsil naziri vəzifəsinə uyğun olmadığını hesab edirlər.   

Biz Aleksandr Cecelavanın baxışlarının daha aydın ifadə olunduğu bir neçə maraqlı bəyanat və fikirlərini seçdik: 

Yeni məktəb necə olmalıdır?

“Köhnə məktəb yaddaş məktəbi idi. İnternet yaranana qədər məktəbin vəzifələrindən biri də yaddaşın inkişafı idi. Müasir məktəb təfəkkür məktəbidir… Milli təhsil planı mütləq yüklənməmiş olmalıdır. Uşaq kiçik yaşlarında daha yaxşı öyrənir – oyunda, dostlarla, bəzən dəcəllikdə və s. Uşağı kiçik yaşlarında həddən artıq yükləmək olmaz. Yuxarı məktəblərdə ixtisaslaşmanın olması yaxşıdır – filologiya ilə məşğul olacağını dəqiq bilən adam fizikanın mürəkkəb komponentlərini niyə öyrənməli olduğunu anlamır.

Nazir məktəblərdə kompüter oyunlarını tətbiq etməyi planlaşdırır. Misal üçün, “Pələng dərisi geyinmiş pəhləvan əsərinin motivləri əsasında oyun yaradılacaq və məktəblilər bu əsəri oyun prosesində öyrənəcəklər. Cecelava bütün fənlər üzrə – tarix, kimya, biologiya və s. – tədrisin oyun metodunu tətbiq etməyi planlaşdırır.

 Ura! Əzbərləməyə ehtiyac olmayacaq! 

“Belə bir fikir var ki, müəllim bilikləri şagirdə düzgün verməlidir, amma burada öhdəlik tək müəllimin üzərinə düşmür. Əgər nəyinsə məzmunu, kontenti maraqlı deyilsə, bunu güclə mənimsəyə, öyrənə bilməyəcəksən. Biz artıq o yerə çatmışıq ki, kontent reallıqdan tamamilə ayrılıb. Misal üçün, bəlkə mənə başa sala bilərsiz ki, niyə uşaq  gürcü əsərlərinin fraqmentlərini əzbər öyrənməli və bilməlidir? Əlbəttə ki, izah edə bilməyəcəksiz, çünki bunun izahı yoxdur.

 Bəşəriyyətə necə gürcülər lazımdır?

“Bizim birinci dərəcəli və əsas vəzifəmiz harmonik insanın formalaşdırılmasından ibarətdir. Bazarın tələbatı liberal dəyərlər, azad və tənqidi düşünən insandır. Biz bazarın tələbatlarından danışanda, ancaq əmək bazarının tələbləri ilə kifayətlənməməliyik. Bazara geniş anlamda nə lazımdır? Müasir sivilizasiyaya necə gürcülər tələb olunur? İnanıram ki, peşəkarlıq nöqteyi-nəzərindən özünü realizə edə bilməyən insan harmoniya və xoşbəxtliyə çatmayacaq. İnsan harmonik və xoşbəxt münasibətlərdə olmalı, sağlam həyat qanununa riayət etməli, təkcə təbiət deyil, həm də özünün ətrafı və yaratdığımız dünya ilə harmoniyada olmalıdır.  

Bilmirsən? Mən Youtube-da görmüşəm!  

“Mən sovet məktəbində oxumuşam, orada laboratoriya vardı, bizə ora girməyi, nəyəsə əl vurmağı qadağa edirdilər. Öyrənmək istəyən uşaq Youtube-da sınaqların necə keçirildiyini görəcək və öyrənəcək. Yaxşı məktəblərdə pedaqoq stəkan, müəllim retorta, direktor kolba gətirir və laboratoriya alınır. Bu, uşaqların  problemidir. Uşaq oxumaq istəmirsə, pedaqogika çətinləşir.

“Pedaqoq Google və “Natela müəllimə dostlaşmalıdır  

“Google bütün dünyanın müəllimləri və 40 il heç bir rəqibi olmayan gürcü “Natela müəllimə üçün ciddi rəqib oldu. Bu gün sinifdə eyni zamanda həm “Natela müəllimə, həm də “pedaqoq Google olur. “Natella müəlliməyə çox-çox çətindir. Şagirddə cavab tapa bilmədiyi sual yaranırsa, o, kömək üçün rahatca Google-a müraciət edə bilər və bu, heç də ayıb deyil.

Pedaqoqların adları guruldamalıdır

“25 il ərzində müəllimlərə daş atanda və ancaq tələbə imtahandan keçməyən kimi onları yada salanda, cinayət törətdik. Mən müəllimləri həvəsləndirməyi planlaşdırıram və bu, maaşla bağlı deyil. Kim motivasiyanın sirrinin maaşda olduğunu düşünürsə, 50 il bundan əvvəl yazılan menecment kitablarını tullaya bilər. Məktəbə də pula görə gələnlər yolunu azanlardır. 

Pedaqoqlara imtahan lazım deyil

“Müəllimlər üçün imtahan baryeri ləğv olunacaq. Amma bu o demək deyil ki, hər kəs növbəti mərhələyə keçəcək. Misal üçün, siz 85%, mən 15% toplamışam, heç birimiz kəsilməyəcəyik, amma sizə 85, mənə isə 15%-ə müvafiq kredit yazılacaq. Bu da mənə növbəti mərhələyə keçid üçün kifayət etməyəcək, sizə isə edəcək.  Mən necə hərəkət etməliyəm? Davam etməliyəm, başqa bir imtahan verməliyəm, dərc olunmalıyam, sosial fəallığımı artırmalıyam və lazımi həcmdə kreditimi toplamalıyam. İmtahandan kəsilən müəllimlərimiz artıq heç vaxt olmayacaq. “İmtahan sözünü də bu sistemdən çıxarmaq istəyirəm. 30 il ərzində  həyatın özünün imtahana çəkdiyi, nəsillər böyüdən, indi də onların nəvələrini öyrədən  insanı imtahan etmək olmaz.  Bu adam artıq öz imtahanını verib və onu imtahana çəkmək yox, sadəcə peşəkarlığının təsdiqini tələb etmək lazımdır.

Elektron dərsliklər

“Ağır məktəb çantası bir çoxları üçün ciddi problemlər yaradıb. Bizim üç yolumuz var: birincisi – yüngül kitab standartları. İçində kitab və dəftər olan portfelin ümumi çəkisi 3 kilodan çox olmamalıdır. Bunu artıq reallaşdırırıq və gələcəkdə dərsliklər daha yüngül hazırlanacaq.  İkincisi, ibtidai siniflərin proqramını yüngülləşdirmək lazımdır – nə vaxt ki, hər gün çoxlu dərs olmayacaq, onda özünlə də çoxlu kitab götürməyə ehtiyac qalmayacaq. Üçüncüsü də elektron kitablar şəklində könüllü alternativ təklif edəcəyik. Ailə qərar verə bilər ki, uşaq  evdə adi kağız kitablarla dərs oxusun, məktəbə isə ancaq kompüter gətirsin. Yəni evdən məktəbə və geri dərslik daşımalı olmayacaq.

“Mendeleyev cədvəlinə hər il yeni element daxil edilir, fizika və riyaziyyatda isə fundamental dəyişikliklər baş verir, texnologiya barədə isə heç danışmağa dəyməz. Elektron dərsliklər də informasiyanı yeniləmək imkanı verir, – planlarına bəzi dərsliklərin yenilənməsi də daxil olan Cecelava deyir.

Nyutonun özü öz qanununu bilməyəndə 

“Dərsliyin müəllifi müəllimlər, şagirdlər və başqalarından gələn iradlar, düzəlişlər, təklifləri nəzərə almalıdır. İndiyə qədər belə olmayıb. Buna görə də artıq 6 ildir ki, bizdə tədris olunan fizika dərslikdə Nyuton qanunu elə təqdim olunub ki, Nyutonun özü də bununla razılaşmazdı.

Ali məktəblərdə ancaq seçilmişlər olmalıdır

“Ali təhsil müəssisələrinin əsas problemi tələbin aşağı olmasındadır. Biz həddən artıq çox adamı ali məktəblərə buraxırıq, halbuki ali məktəb ona görə ali məktəbdir ki, orada seçilmiş adamlar oxuyur. Maliyyələşdirmə sistemi də düzgün deyil. Sən məktəbdən imkanlı adam buraxırsan, ya yox, sənin məzunun yaxşıdır, ya yox, maliyyələşdirmə bundan asılı olmamalıdır, mən superuniversitetdə supertələbəyə də, orduya getməyib, hansısa universitetin hansısa fakültəsinə qəbul olunan adama da  2250 lari verirəm, – deyə nazir bildirib. 

Onun sözlərinə görə, imtahan sistemi hələ ki dəyişməyəcək. “Sistemin dəyişdirilməsinə hazırlaşmaq lazımdır. Bu sistem inersiya üzrə işini davam etdirir. Açıq müzakirələr, seçim, pilot layihənin işə salınmasına ehtiyac var və ancaq bundan sonra yeni sistemə keçmək mümkün olacaq.

Komble pis çoban; Spaydermen isə yaxşı müəllimdir 

“Komble (çoban, gürcü xalq nağılının qəhrəmanı) zalım və pis çobandır. Ona qarşı iki irad var. Komblenin cəmi iki qoyunu var. Niyə çobanın cəmi iki qoyunu olmalıdır? Düşünsəz, başa düşəcəksiz ki, bu onun pis çoban olmasına, qoyunlarla məşğul olmadığına görədir… “Supermen və “Spaydermen heç də gülməli personajlar deyil… Onlar müəllim, uşaq qəhrəmanlarıdır və deməli, biz qəhrəmanlardan başlayaraq nağıllara, uşaq ədəbiyyatına, dərsliklərə, məktəbdə tədris prosesinə və s. qədər hər şeyi düşünməliyik. Əsas məsələ ondadır ki, biz heç nəyi fakt kimi qəbul etməməliyik. Biz uşaqlarımız üçün nəyin daha optimal olduğunu düşünməliyik…  Bizi həm nağıllar, həm dərsliklər, həm də tədris metodikasında tamamilə yeni səviyyəyə keçid gözləyir və biz bütün bunları müzakirə etməliyik.

Dərc olunub: 17.11.2016 

 


More on JAMnews