Cənubi Osetiyada bayram və gürcü-osetin münaqişəsində sülhməramlılığın qısa tarixi " />

“Sülhməramlılar osetin xalqını xilas edib” – Cənubi Osetiyada qarışıq sülhməramlı qüvvələrin yaradılmasının 25 illiyi qeyd olunur

Cənubi Osetiyada bayram və gürcü-osetin münaqişəsində sülhməramlılığın qısa tarixi

Cənubi Osetiyada gürcü-osetin münaqişə zonasında vəzifəsi vəziyyəti nəzarətdə saxlamaq və zorakılığın təkrarlanmasının qarşısını almaq olan unikal sülhməramlı qrupun yaradılmasının 25 illiyi qeyd olunub.

“Sülhün dəstəklənməsi üzrə qarışıq qüvvələr” sülhməramlı qrupunun yaradılması haqda qərar 1992-ci il iyunun 24-də Daqomısda o vaxt Gürcüstan Dövlət Şurasının sədri vəzifsini tutan Eduard Şevarnadze və o zamankı Rusiya prezidenti Boris Yeltsin tərəfindən imzalanıb. Sülhməramlıların əraziyə yerləşdirilməsi qərarı “Gürcü-osetin münaqişəsinin sülh yolu ilə nizamlanmasının prinsipləri haqda” sazişin bir hissəsi idi.

Sülhməramlı qrup istisna xarakterli oldu – qrup özündə münaqişəyə cəlb olunmuş bütün tərəfləri təmsil edən dörd batalyonu birləşdirdi: Cənubi Osetiya, Gürcüstan, Şimali Osetiya və Rusiya batalyonu. 

Rusiya batalyonu qarışıq sülhməramlı qüvvələrə ən son daxil oldu. Bu, 1992-ci il iyulun 14-də baş verdi və elə bu tarixdə Cənubi Osetiyada bu sülhməramlı qrupun yaradılması günü hesab olunur.

Cənubi Osetiya prezidenti Anatoli Bibilov və hökumət nümayəndələri Sxinvalda 4-cü Rusiya bazasına gəliblər. Daha sonra isə respublikanın müstəqilliyi uğrunda canını fəda edənlərin xatirəsinə bir dəqiqəlik sükut elan olunduğu mitinqdə iştirak ediblər.

Anatoli Bibilov 1992-ci ildən 2008-ci ilə qədər missiyada iştirak edən bütün sülhməramlılara öz minnətdarlığını bildirib və qarışıq sülhməramlı qüvvələrin vaxt etibarilə ən son komandanı Marat Kulaxmetovun hazırda Rusiyanın Cənubi Osetiyada səfiri olması faktının “dərin rəmzi mənası” olduğunu bildirib. “Rusiya Cənubi Osetiya xalqının məhv edilməsinə imkan verməyən bir dövlətdir”, – Bibilov deyib.

Təmtəraqlı gün şərəfinə təşkil olunan iki mərasim respublika sakinlərinin marağını xüsusi olaraq çəkib.

İntrabis kəndində 1992-ci il iyulun 14-də Rusiya sülhməramlılarından ibarət kolonnanın gəlişini əks etdirən retrospektiv tamaşa hazırlanıb.

Sxinvalda Sülhməramlılar küçəsində isə baxımlı bayk-şou təşkil olunub. İlk olaraq meydana kvadroçikl sürən uşaqlar çıxıb, daha sonra isə artıq təcrübəli sürücülər samokat, motosiklet və skeytbordlarda öz məharətlərini göstəriblər. Tamaşanın bu hissəsində Cənubi Osetiya və Rusiyadan 70 motosikletçi iştirak edib.

“Motofristayl” – akrobatika elementlərini əks etdirən tullanışlar minə yaxın tamaşaçını heyrətləndirib.

Bayram Sxinvalın mərkəzindəki Pioner parkında xalq gəzintiləri ilə sona çatıb.

“Sənin seçimin – Osetiya” ictimai hərəkatının lideri Alan Cussoyev JAMnews-a müsahibəsində bildirib:

“Sülhməramlı qüvvələrin yeridilməsindən 25 il keçəndən sonra hamıya aydındır ki, bu, doğru addım idi. Sülhməramlılar regionda stabillik amili, təhlükəsizlik amili oldu. Sülhməramlılar Cənubi Qafqazda osetin etnosunun məhvinin qarşısını aldı. Xatırlatmaq istəyirəm ki, zviadçıların həyata keçirdiyi etnik təmizləmələr zamanı Gürcüstanın daxili rayonlarında yaşayan 100 mindən çox osetin qaçqın düşüb. Bu, BMT QAKİ-nin 1992-ci ilə aid rəsmi məlumatıdır. Cənubi Osetiyaya sülhməramlı qüvvələrin daxil edilməsi bu etnik təmizləmələrin qarşısını aldı və bölgəyə sülh, stabillik, təhlükəsizlik gətirdi”.

Bayram Cənubi Osetiyanın dövlət bayramları və tarixi günləri təqviminə daxil edilib.

1992-ci ildə imzalanan “Gürcü-osetin münaqişəsinin sülh yolu ilə nizamlanmasının prinsipləri haqda” saziş qarışıq sülhməramlı qüvvələrlə paralel olaraq atəşkəs rejimini, silahlı qüvvələrin ərazidən çıxarılmasını, özünümüdafiə qüvvələrinin buraxılmasını və təmas zonasında təhlükəsizlik rejiminin təmin edilməsini nəzarətdə saxlamalı olan Qarışıq Nəzarət Komissiyasını yaratdı.

Sülhün dəstəklənməsi üzrə qarışıq qüvvələr öz missiyalarını 16 il ərzində, 2008-ci ilin avqustunda yeni gürcü-osetin silahlı qarşı durmasına qədər davam etdirdi.

Həmin “beşgünlük müharibənin” ilk günündə Gürcüstan tərəfindən sülhməramlıların bazası atəşə tutulmuş, Rusiya batalyonundan 15 Rusiya sülhməramlısı həlak olmuşdu.

Bu müharibənin nəticəsində Rusiya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmək prinsipindən vaz keçərək, Cənubi Osetiyanın müstəqilliyini tanıdı.

2009-cu ildə Rusiya və Cənubi Osetiya arasında imzalanan iki sənəd: “Rusiya və Cənubi Osetiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardımlaşma haqqında Saziş” və “Dövlət sərhədinin qorunmasında müştərək səylər haqda Razılaşma” əsasında respublikada dördüncü Rusiya hərbi bazası və RF FTX-nın Sərhəd İdarəsi yaradıldı.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır


More on JAMnews