Kommunal xidmətlərə görə ödənişləri vaxtında ödəyən şəhər sakinləri izahat istəsələr də, şirkətin cavabı aydın deyil " />

Su təchizatına görə cavabdeh olan şirkət yerevanlılardan mənbəyi məlum olmayan borcların ödənməsini tələb edir

Kommunal xidmətlərə görə ödənişləri vaxtında ödəyən şəhər sakinləri izahat istəsələr də, şirkətin cavabı aydın deyil

“Veoliya Cur” su təchizatı şirkətinin bildirdiyinə əsasən, Yerevan sakinlərinin bir qisminin içməli suya görə borcu yığılıb. Hər ay şirkətin xidmətlərinə görə ödəniş edən insanlar bu borcların haradan yarandığını anlamır. Ötən ay ödəniş etdikləri halda indi onlara yığılmış borcla bağlı qəbz gəlib.

Kommunal ödənişləri qəbul edən poçt şöbələrinin əməkdaşları Lragir.az nəşrinə demək olar ki, bütün abonentlərin borcunun olduğunu bildiriblər.

Poçt şöbəsində insanlara izah etməyə çalışırlar ki, borclar əvvəl xidmət göstərən “Yerevan Cur” şirkətinin hesabında toplanıb. 2017-ci ildən isə içməli su təchizatı ilə məşğul olan operator “Veoliya Cur” şirkətidir. “Yerevan Cur”u məhz bu şirkət əvəz edib, indi də borcların ödənməsini tələb edir.

Poçt əməkdaşları abonentlərə hesab məsələsi aydınlaşmayana qədər ödənişləri etməyə tələsməməyi tövsiyə edirlər. “Veoliya Cur” şirkətinin mətbuat xidmətinin əməkdaşı Murad Sarqsyan isə bildirib ki, borclar mütləq ödənməlidir. Bununla belə o, ödəniş etməyən abonentləri gözləyən aqibət haqda heç nə deməyib.

Murad Sarqsyan borcların yaranmasını belə izah edib:

“2017-ci il yanvarın 1-dən “Veoliya Cur” işləyir, bundan əvvəl isə “Yeravan Cur” vardı. Bu şirkət daha ucuz tariflə işləyirdi – 170 dram, “Veoliya Cur”un tarifi isə daha yüksəkdir – 180 dram.

“Yerevan Cur”un müfəttişləri 2016-cı il dekabrın 31-də bütün 350 min istehlakçının göstəricisini qeyd edə bilməyib, onlar evlərə gediblər, amma hesabat aparanda 2016-cı ilin son qeydiyyatından 2017-ci ilin ilk qeydiyyatına qədər olan dövrü hesablayıblar. Buna görə də biz 2017-ci ildə kompüter proqramları yaratdıq, bütün sayğacların göstəricilərini götürdük, hesabat apardıq və belə nəticələr əldə etdik”.

Yerevan sakinləri sosial şəbəkələrdə narazılıq bildiriblər. Facebook paylaşımlarından bir neçəsi:

“Əgər kimsə “Veoliya Cur”un izahatından bir şey anlayıbsa, qoy, bir daha izah etsin. Onlar ilk dəfə deyil ki, özlərini belə aparırlar, biz bu hoqqalardan artıq yorulmuşuq”.

“Ödəməyəcəyik, vəssalam”

“Camaat, bu, növbəti reketdir. Onlar özlərini günahsız göstərirlər, guya heç bir şey yoxdur, amma məntiqsiz, əsassız izahatlar verirlər. Bu, qanunsuzluqdur, əsl dələduzluqdur, odur ki, məsuliyyətli orqanlar, xüsusən də prokurorluq bu vəziyyətlə bağlı araşdırmaya başlamalıdır. Bu, açıq-aydın soyğunçuluqdur”.

“Bu borclar hələ 2017-ci ildən qalıb. Soruşanda, deyirlər ki, bu yalnız sizdə belə deyil, borcları sıfırlayacağıq. İndi aydın olur, bunlar necə sıfırlayacaqlar”.

“Məlumatlı və müdafiə olunmuş istehlakçı” QHT-nın sədri Babken Pipoyan bildirib ki, “Veoliya Cur” ictimai şəkildə üzr istəməli və bu problemin necə və niyə yarandığına dair abonentlərə aydın və anlaşıqlı izahat verməlidir.

“Hər şeyə rəğmən istehlakçılar [xidmətə görə] bir dəfə ödəniş etməlidir, onlar iki dəfə ödəniş edə bilməzlər. Amma hüquqi münasibətlərin nizamlanması prosesini nəzərə alaraq, hissə-hissə keçid zamanı müəyyən texniki problemlər ortaya çıxa bilər, elə eləmək lazımdır ki, istehlakçılar zərər çəkməsinlər və iki dəfə ödəmək məcburiyyətində qalmasınlar”, – istehlakçıların hüquqlarının müdafiəçisi hesab edir.


More on JAMnews