Yerevanda gənclər geyimə daha çox diqqət yetirməyə və yerli dizaynerlərin işləri ilə maraqlanmağa başlayıblar - moda ekspertlərinin şərhləri" />

Zövqlü paltar həmişə baha olmur

Yerevanda gənclər geyimə daha çox diqqət yetirməyə və yerli dizaynerlərin işləri ilə maraqlanmağa başlayıblar - moda ekspertlərinin şərhləri

Yerevanın küçələrində ildən ilə al-əlvan rənglər, bəzən ultradəbli, bəzən də qeyri-adi obrazların sayı artmaqdadır. Erməni stilistləri qeyd edir ki, yerevanlılar bu gün bir neçə il bundan əvvəllə müqayisədə paltar seçiminə daha çox vaxt və diqqət ayırırlar. Onlar bizə Yerevanda street fashion-ın necə inkişaf etməsi və müsbət dəyişikliklərin nəyin bahasına baş verməsi barədə danışdılar.

Stilist, dizayner Marianna Kababyan deyir ki, dəb tendensiyaları Ermənistanda son 5-6 il ərzində, Yerevanda brend paltar təqdim edən dəbli geyim hiper-marketləri açılandan sonra xüsusiylə hiss olunmağa başladı.

Bu vaxta qədər isə, Mariannanın sözlərinə görə, Ermənistanda əsasən xaricdən gətirilən bahalı brendlərin saxta paltarlarını geyinirdilər:

“İndi isə əhalinin əksər hissəsi brend paltarların saxtalarını qəbul etmir, geyinmir”.

Stilistin fikrincə, gündəlik paltar məhz gündəlik xarakter daşımağa başlayıb:

“Bir neçə il bundan əvvəl universitetə tələsən qızı axşam ziyafətinə gedən qızdan fərqləndirmək çətiniydi. İndi vəziyyət dəyişib, müvafiq paltarlar seçilir. Makiyaj isə hələ də ziyafət makiyajı olaraq qalır. Amma bu, görünür onunla bağlıdır ki, bizdə özünə qulluğa xüsusi diqqət yetirirlər”.

Ekspert onu da qeyd edir ki, erməni gəncləri yerli dizaynerlərin işləriylə də maraqlanmağa başlayıb: onlar fərqlənmək və orijinal görünmək istəyirlər, buna da mass market fashion-la [kütləvi istifadə üçün paltar] nail olmaq çətindir.

Stilist-bloqer Narine Simonyan hesab edir ki, hər iki cinsin nümayəndələri, xüsusən də gənclər gündəlik paltarda xeyli daha cəsarətli obrazlar seçir, yaradıcı yanaşma nümayiş etdirir, əvvəlkindən daha sərbəst və rahat şəkildə yeni istiqamətləri qəbul edirlər. Bayram “look” ları isə  [ingilis sözü olan “look” bu kontekstdə “obraz” mənasını verir] həmişə detalları və bəzək əşyaları ilə seçilib.  

“Mən hələ də gündəlik və bayram üslublarının mikslərinə rast gəlirəm. Erməni qızlarının, qadınlarının gündəlik obrazlarında hələ də əksər vaxtlarda obraza uyğun gəlməyən hündür daban ayaqqabılar var”, – byuti-bloqer deyir.

Narinenin fikrincə, kişilər də son zamanlar kifayət qədər maraqlı obrazlar yaradırlar: onlar güllü printli köynəklər, kostyumlar, loferlər  [qaytansız enli, alçaq dabanlı ayaqqabılar] geyinməyə başlayıb, müxtəlif uzunluqda olan paltarı uyğunlaşdırır, bununla da lay-lay paltar təəssüratı  yaradırlar.

Eyni zamanda Narinə təəssüflə qeyd edir ki, pozitiv tendensiyalarla yanaşı, neqativ hal – yamsılama da müşahidə olunur:

“Çoxları bu və ya digər dəb tendensiyalarını öz üslubu və obrazına uyğunlaşdırmağı bacarmır, nəticədə də ya orijinal təklifə tam uyğun olmayan nəsə, ya da tam surətin çıxarılması alınır ki, bu da öz üslubunun göstəricisi deyil”.

Stilistlər isə cəsarətli olmağı, öz üslub hissinin arxasınca getməyi, baza paltarlarını almağı, öz bədən quruluşunun  xüsusiyyətlərini nəzərə alaraq, geyinməyi və obrazınıza uyğun olmayan trend arxasınca qaçmamağı məsləhət görür.

Dəbli görünmək üçünsə çox pul xərcləməyə heç bir ehtiyac yoxdur – büdcənizə uyğun da qəşəng geyinmək mümkündür. Narine Simonyan əmindir:

“Tam obraz yaratmaq üçün orta hesabla 45 min dram [93 dollar] kifayət edir”.


More on JAMnews