Tarixçilər və şahidlərin memuarları nə deyir?" />

Stalinin İkinci Dünya Müharibəsindəki rolu haqda 10 mif

Tarixçilər və şahidlərin memuarları nə deyir?

“Kavkazskiy uzel”in arayışında İosif Stalinin İkinci Dünya Müharibəsindəki rolu ilə bağlı ən məşhur miflər və dəqiq məlumatlar haqda, müharibə başlayana qədər və hərbi əməliyyatlar zamanı onun atdığı addımlara dair ən populyar yanılmalar haqda danışılır.

Mif №1: “Stalin almanların hücumu haqda xəbərsiz idi”

“İndi bizim müharibənin konkret başlanacağı tarixi, planı bilib-bilmədiyimiz haqda müxtəlif versiyalar mövcuddur. Baş Qərargaha alman ordusunun hücum günü haqda məlumat yalnız iyunun 21-də qaçaq tərəfindən çatdırıldı, biz də dərhal bu haqda İ.V.Stalinə xəbər verdik.

O, qoşunları döyüş hazırlığı vəziyyətinə gətirməyə razılıq verdi. Görünür ki, o, daha əvvəl də başqa kanallardan bu cür vacib məlumatlar almışdı…”, – marşal Georgi Jukov 2002-ci ildə tam dərc olunan memuarlarında yazırdı.

REUTERS/Maxim Shemetov

Mif №2: “Molotov-Ribbentrop paktı müharibəni ləngitdi”

“Bu, geniş yayılmış nəzər nöqtəsidir, amma tamamən yanlışdır. Birincisi, ona görə ki, əxlaqa ziddir: Sovet İttifaqı nasist Almaniyası ilə saziş bağladı – bu əxlaqa zidd faktdır. Bu saziş digər dövlətlərin ərazilərinin bölüşdürülməsini nəzərdə tuturdu. Estoniya, Latviya, Litva, Polşa, Finlandiya SSRİ və Almaniya arasında bölüşdürülmüş oldu – bu da həmçinin həddən artıq əxlaqa zidd aktdır.

İkincisi, Molotov-Ribbentrop paktını imzalamaqla biz Almaniyanın müttəfiqi olduq və məhz buna görə Almaniya Polşada müharibəyə başladı. Əgər biz İngiltərə, Fransa, Polşanın müttəfiqi olduğumuzu və Polşaya hücum olduğu halda ona kömək edəcəyimizi bəyan etsəydik, Almaniya heç vaxt Polşaya hücum etməyə cəsarət etməzdi.

Molotov-Ribbentrop paktı nəinki Stalin rejiminin cinayətidir, həmçinin Böyük Vətən Müharibəsinin də bir epizodu olduğu ikinci dünya müharibəsinin başlama səbəblərindən biridir”, – sovet və Rusiya tarixçisi, dinşünas və politoloq, tarix elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) keçmiş professoru Andrey Zubov hesab edir.

Mif №3: “Stalin özü Gitlerə hücum eləmək istəyirdi”

Bu, müharibə haqda ən qərəzli saxtalaşdırmadır. Hətta alman sənədlərindən də məlum olur ki, Gitlerin yaxın ətrafı ona məruzə edirdilər: SSRİ hücum etməmək haqda paktın bütün şərtlərinə riayət edir, yaxın aylarda irtica gözləməyə dəyməz”, – REA-nın Rusiya Tarix İnstitutunun Rusiyanın  Hərb Tarixi Mərkəzinin rəhbəri Georgi Kumanyov qeyd edir.

Mif №4: “Müharibəni şəxsən Stalin udub”

“Stalin yox, bütünlükdə partiya, sovet hökuməti, bizim qəhrəman ordumuz, onun istedadlı sərkərdələri və şanlı döyüşçüləri, bütün sovet xalqı – Böyük Vətən Müharibəsinin qalibləri onlardır”, – 1956-cı il fevralın 25-də Sovet İttifaqı Kommunist Partiyasının (KPSS) XX qurultayının tarixi qapalı iclasında Mərkəzi Komitənin birinci katibi Nikita Xruşşov bildirmişdi.

Mif №5: “Stalin müharibədəki rolu haqda danışmağı sevmirdi”

“Əslində bilmək pis olmaz ki, Stalinin Qələbəmizdəki böyük rolu, düşməni darmadağın edən “dahi” haqda mifi Stalinin özü uydurub. 1948-ci ildə öndərin qısa bioqrafiyası işıq üzü gördü, mətnini o, özü redaktə etmişdi. Üstəlik, hərbi xidmətlərini vəsf edən tərifləri o özü mətnə əlavə etmişdi.

Məlumdur ki, nəyə görə – qəbul etdiyi yaramaz, hətta cinayətkar qərarlara görə özünü təmizə çıxarmalıydı, axı özü bunları çox yaxşı bilirdi. Necə ki, “hərb dahisi” Stalinin qərarlarının fəsadlarını öz canlarında sınamış milyonlarla insan bunu bilirdi”, – “Diletant” tarixi jurnalının baş redaktoru MQİMO-nun və Milli Tədqiqat Universiteti Ali İqtisadiyyat Məktəbinin professoru Vitali Dımarski bildirir.

Mif №6: “Ordu rəhbərliyində aparılan təmizləmə döyüş qabiliyyətinə təsir etmədi”

Stalin yoldaş müharibə ərəfəsində hərbi kadrların məhv edilməsində, bunun da ordunun döyüş qabiliyyətinə təsir etməsində çox günahkardır. Məhz buna görə, o, baş tutacaq əməliyyatın planını dinləməzdən əvvəl söhbəti kadr mövzusuna çevirdi ki, məni yoxlasın… Bu söhbət əsnasında Stalin yoldaş dəfələrlə müharibənin lap əvvəlində dustaq olduqları yerlərdə azad edilmiş və yaxşı döyüşən bir çox generaldan söz saldı.

“Bəs kim günahkardır ki, – mən çəkinərək Stalinə sual verdim, – heç bir günahı olmayan bu zavallı insanlar həbs olunmuşdular?” – “Kim, kim… – Stalin əsəbi halda dedi. – Onların həbsinə sanksiya verənlər, o zaman ordunun başında duranmlar”.”, – Sovet İttifaqı marşalı Andrey İvanoviç Yeryomenkonun xatirələrindən.

Mif №7: “Əsgərlər “Vətən uğrunda! Stalin uğrunda” hayqıraraq hücuma keçirdilər”

Bu, elə o vaxtdan təbliğ edilən tam bir əfsanədir. “Vətən uğrunda! Stalin uğrunda!” qışqıranlar politruklar (siyasi rəhbərlər – red.) idi. Onlar bunu qışqırmağa borcuydular. Əgər politruk bunu qışqırmasaydı, onun üçün çox ciddi nəticələri ola bilərdi. Qalan heç kim, sıravilər, hətta komandirlər də hücuma qalxanda Stalını xatırlamırdılar…

Buna görə də “Ana!” deyə qışqırırdılar, söyüş söyürdülər, sadəcə nəsə bağırırdılar ki, qorxunu yenə bilsinlər, heç bir “Vətn və Stalin” isə səslənmirdi əlbəttə, cəbhədə olmuş hər kəsdən soruşa bilərsiz, hərçənd onlar da çox qalmayıblar”, – tarixçi-jurnalist Nikolay Svanidze deyir.

Mif №8: “Stalin vaxtı milli zəmində münaqişə yox idi”

Çoxları bilmir və ya bilmək istəmir ki, Stalin vaxtında milli əlamətinə görə kütləvi həbslər, deportasiyalar və güllələnmələr həyata keçirilirdi, bütöv xalqlar “düşmən” elan olunurdu. Yəni doğrudanmı bütün bunlar beynəlxalq birliyə təkan verirdi?

Milli zəmində kəskin münaqişələrin olduğuna dair çox sayda sənədlər var, Stalin özündən sonra bu məsələdə çox mürəkkəb irs qoyub”, – Milli Tədqiqatlar Universiteti Ali İqtisadiyyat Məktəbinin İkinci Dünya Müharibəsinin Tarixi və Sosiologiyası Beynəlxalq Mərkəzinin elmi işçisi, “Stalin. Bir öndərin həyatı” bioqrafiyasının müəllifi Oleq Xlevnyuk hesab edir.

Mif №9: “Stalinin Böyük Vətən Müharibəsindəki rolunun üstündən keçmək istəyirdilər”

Heç kim heç vaxt Stalini tarixdən silməyə çalışmayıb və heç kim onun öz opponentlərini və məhv etdiyi insanları rahatlıqla ensiklopediyalardan sildiyi, bütün kitablardan adlarını çıxardığı kimi onu yox etmir. Stalin Böyük sovet ensiklopediyasında və bütün başqa ensiklopediyalarda, tarix dərsliklərində qalır, özü də layiq olduğundan da daha bər-bəzəkli halda”, – Rusiyanın “Memorial” cəmiyyətinin İdarə Heyətinin üzvü Yan Raçinski deyir.

Mif №10 “Stalinin 227 saylı əmri müharibənin gedişatını tam dəyişib”

227 saylı əmr (Bir addım da geri olmaz!) ikimənalı idi. Bir tərəfdən bu əmr qoşunların dəyanətini artırdı, əmr olmadan geri çəkilmə hallarının azalmasına səbəb oldu. Digər tərəfdən isə komandirlər yuxarıdan əmr gəlmədən geri çəkilmək göstərişi verməyə çəkindikləri üçün çox vaxt geri çəkilməyə gecikirdilər və mühasirəyə düşürdülər.

Stalin ümid edirdi ki, güllələnmə və cərimə batalyonlarının qorxusundan qızıl əsgərlər daha mətin döyüşəcək və düşmənə daha çox ziyan vura biləcəklər. Həqiqətdə isə bəzən tam əksinə olurdu. Bütün səviyyələrdə olan komandirlər repressiyalardan qorxaraq geri çəkilməyə gecikirdi, bu isə yalnız əlavə itkilərə gətirib çıxarırdı”, – tarixçi Boris Sokolovun “Mifik müharibə. İkinci Dünya Müharibəsinin ilğımları” kitabından.

Məqalə ilk dəfə 2017-ci ilin mayın 10-da dərc edilib.
Facebook Comments

More on JAMnews