Mübahisələrə abxaz və gürcü cəmiyyətləri də fəal şəkildə qoşulub " />

Şotlandiyada Gürcüstan-Abxaziya müharibəsi hadisələri haqqında memorial: söküləcək, dəyişdiriləcək yoxsa Abxaziyaya köçürüləcək?

Mübahisələrə abxaz və gürcü cəmiyyətləri də fəal şəkildə qoşulub

Şotlandiyanın kiçik Kilmarnok şəhərindəki bir neçə gün əvvələ qədər çox az sayda adamın haqqında bildiyi kiçik heykəl Abxaziya və Gürcüstan cəmiyyətlərində yüksək səviyyədə petisiya, mitinqlər, dəyirmi masalar, müzakirələr, sosial şəbəkələrdə isə qızğın mübahisələrə səbəb olub.

 

Stella hələ 1995-ci ildə qoyulub, üzərində Abxaziya bayrağı və “Bizim qardaş şəhər olan Suxumda 1992-1993-cü illərdə Abxaziya-Gürcüstan münaqişəsində həlak olanların xatirəsinə” yazısı həkk olunub.

Heykəl məhz ona görə bu şəhərdə qoyulub ki, Kilmarnok və Suxum hələ Sovet İttifaqı illərindən qardaşlaşmış şəhərlərdir.

Elə həmin vaxt, 1995-ci ildə onun açılışına Suxum meri Harri Ayba gəlib. Cavab jesti kimi də Suxumda küçələrdən birinin adı Şotlandskaya küçəsinə dəyişdirilib.

 

Amma Gürcüstan rəhbərliyi bu heykəlin mövcudluğundan hələ indi, bir neçə gün bundan əvvəl xəbər tutub. Gürcüstanın Böyük Britaniyadakı səfiri Tamar Beruçaşvili rəsmi Londona öz narazılıqlarını göndərib – onunla razılaşıb, memorialı götürmək qərarını verdilər.

Heykəlin qoyulduğu gündən 22 il keçib və Şotlandiyada çoxları onu unutmağa başlayıb. Gürcüstan və Abxaziya cəmiyyətlərində isə heykəlin söküləcəyi barədə məlumat səs-küyə səbəb olub, xüsusən də son vaxtlarda onların müzakirələr üçün ümumi mövzularının olmaması fonunda.

Abxaziya tərəfinin reaksiyası

Abxaziyada memorialın saxlanması haqda Kilmarnok və Şotlandiya hakimiyyətlərinə ünvanlanmış petisiyanın altından imza toplamağa başlayıblar.

Abxaziya XİN-i yaydığı xüsusi bəyanatda Gürcüstanın heykəlin sökülməsi ilə bağlı hərəkətlərini “abxaz xalqının tarixi yaddaşının məhvinə yönəlmiş vandalizm aktı” kimi qiymətləndirib.

Bəyanatda həm də deyilir ki, “rəsmi Tbilisinin heykəllə mübarizəsi gürcü qvardiyaçıları tərəfindən 1992-ci ilin oktyabr ayında Abxaziya dövlət arxivinin və Abxaziya dil, ədəbiyyat və tarix institutunun yandırılmasına oxşayır”.

Abxaziya XİN-i Cenevrə beynəlxalq danışıqlarında beynəlxalq vasitəçiləri “Gürcüstanın destruktiv hərəkətlərinə adekvat və obyektiv qiymət verməyə” çağırıb.

Analoji bəyanatla Abxaziyanın demək olar ki, bütün siyasi təşkilatları çıxış edib. İctimai Palata da xüsusi bəyanat verib.

Abxaziyanın sosial şəbəkələri heykəlin sökülməsi ilə bağlı qərarı qəti şəkildə pisləyir. Bir neçə səciyyəvi nümunə:

“Heykəllə fundamentalistlər, cahil vandallar mübarizə aparır, çünki onlar mədəniyyətin qatı düşmənləridir. Burada taliblər, işidçilər və mədəni avropalılar arasında heç bir fərq görmürəm”.

“Abxaziyaya mümkün olan hər yerdə pislik etmək davamlı siyasətdir. Gah uşaqlara konsert və ya yarışlara getməyi qadağa edirlər, indi də heykəl”.

“Ölmədik, bunu da gördük, yaddaşı silməyə çalışırlar. Heç olmasa ölüləri rahat buraxsınlar”.

“Kilmarnok yaxınlığında məskən var, adı Moscow-dur. Bəlkə bir dəfəlik onu da sökməyi xahiş etsinlər?”

“Gücsüzlər ancaq heykəlin öhdəsindən gələ bilir. Kədərlənməyə dəyməz. Zəifdən nə gözləyəsən?”

“Söküləndən sonra onu Abxaziyaya gətirib, Şotlandskaya küçəsində qoymaq və şotlandlara bu haqda xəbər vermək lazımdır. Qoy utansınlar! Onlarda dağlı nəsə qalıbsa, ümid edirəm ki, utanarlar”.

“Müharibə zamanı gürcülər arxivlərimizi yandırıb, idi də heykəlləri aradan götürürlər – xalqın tarixi yaddaşı da bu faktlardan yaranır”.

Gürcüstan tərəfinin reaksiyası

Gürcüstan tərəfi bildirir ki, söhbət memorialın sökülməsindən getmir – sadəcə onun şəkli dəyişdirilib, yerinə qaytarılacaq.

“Biz sadəcə yerli hakimiyyətə bildirmişik ki, memorialda siyasiləşdirilmiş simvolika var və o, Böyük Britaniyanın Gürcüstanın ərazi bütövlüyü məsələsində siyasətinə uyğun deyil. Yerli hakimiyyət bu arqumentlə razılaşıb və heykəli dəyişdirməyə söz verib. Bu məqsədlə də onu müvəqqəti olaraq söküblər və düzəlişlərdən sonra yerinə qaytaracaqlar”, – xüsusi olaraq bu məsələ ilə bağlı Gürcüstanın Xalq müvəkkili tərəfindən təşkil edilmiş görüşdə xarici işlər naziri David Dondua deyib (“Exo Kavkaza” onlayn portalından sitat).

Bununla belə Gürcüstanda heykəlin sökülməsinə qarşı etirazla eyni vaxtda bir neçə qeyri-hökumət təşkilatı çıxış edib, vətəndaş cəmiyyətinin bir çox nümayəndəsi də Abxaziyada irəli sürülən petisiyanın altından imza atırlar.

“Biz abxazlarla bir məsələdə həmfikirik ki, XXI əsrdə heykəllərlə mübarizə aparmaq mənasız və yersizdir. Hakimiyyətimizin bu qərarı sülhməramlılığa birbaşa zərbədir və münasibətlərin yaxşılaşdırılmasına xidmət etmir, əksinə, bizi abxazlardan bir az da uzaqlaşdırır. Beynəlxalq arenada barışmaqla bağlı istəyimizi bəyan edərək işdə tam əksini edirik”, – jurnalist, sülh prosesinin iştirakçılarından biri Rusiko Marşaniya JAMnews-a müsahibəsində bildirib.

Gürcüstanın sosial şəbəkələrində də heykəllə bağlı məsələ ətrafında çox qızğın müzakirələr gedir. Bir neçə səciyyəvi şərh:

“Heykəllər, bayraqlar və daşlarla mübarizə Gürcüstan hökumətinin zəifliyini göstərir. Ondansa işlə məşğul olsunlar, misal üçün, larinin dəyərdən düşməsini dayandırsınlar”.

“İnanmıram ki, Gürcüstan hakimiyyətinin Şotlandiyadakı heykələ reaksiyası tanımama siyasətinə və Gürcüstanın ərazi bütövlüyü prinsipinə mühüm nəsə versin. Etibar məsələsinə gəlincə – burada əksinə, böyük ziyan vurulub. Bizim xüsusilə ehtiyatlı olmalı olduğumuz məsələlər var”;

“Qoy bu cür memorialları Rusiyanın şəhərlərində qoysunlar! Sivil dünyada abxazlara və onların memoriallarına yer yoxdur”;

“Gürcüstan hakimiyyəti bu qədər vaxtı necə imkan verdi ki, Şotlandiyada Abxaziya bayrağı olsun? Bu cür faktlara göz yumsaq, Abxaziya bayraqları hər yerdə olacaq və sivil dünya onlara və Abxaziyanın Gürcüstanın bir hissəsi olmaması fikrinə alışacaq”;

“Düşünürəm ki, etibarın bərpası ancaq tərəflərin prinsipial mövqelərinin olduğu halda mümkündür. Bizim mövqeyimiz ondan ibarətdir ki, Abxaziya Gürcüstanın bir hissəsidir. Onların mövqeyi ondan ibarətdir ki, Abxaziya müstəqil ölkədir. Ona görə də nazlarını çəkmək, onları bacı və qardaşlar adlandırmaq lazım deyil. Özümüzün və qarşımızdakının ləyaqət hissini anlamalıyıq. Onlar da bizim kimi müharibə keçib, hamımız bundan travma almışıq. Məhz bunu dərk etmək lazımdır və yalnız bundan sonra etibarın bərpasından danışmaq olar”.

Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır

More on JAMnews