Bakının “Fantaziya” hamamının tarixi " />

Şirlər kimi qoruyur?

Bakının “Fantaziya” hamamının tarixi

Bakıdakı Füzuli və Səfərli küçələrinin kəsişməsində, Fəvvarələr meydanının bir qədər yuxarısında yerləşən məşhur “Fantaziya” hamamı 13 yanvar 1897-ci ildə açılıb. Bu hadisəyə “Kaspi” qəzetində pafoslu məqalə də həsr edilmişdir. Məqalənin müəllifi şübhə edirdi ki, sərmayədarlar qoyulan vəsaiti çıxara biləcəklər, çünki “Fantaziya” çox möhkəm və dəbdəbə ilə düzəlmişdi.

O bu gündür ki, adam səhər durur, duşun altına girir, qəhvə içir və işə qaçır. Keçmiş çətin dönəmlərdə, su kəməri və kanalizasiyanın olmadığı zamanlarda yuyunma prosesi əsl bayramıydı. Qırx yaşına çatmısan və səndən pis iy gəlmirsə, deməli xoşbəxtsən.

Aslanın zamanın qaraltdığı başı suyla deyil, plastik butulkalar, salfet və hələ payızdan qalan çürümüş yarpaqlarla dolu su çəninin içinə doğru əyilib. Əvvəllər bura əlində balaca süpürgəylə yaşlı qadın gəlib, içini təmizləyərdi. Çoxdandır ki, görünmür.

Hər şey necə başlayıb

Hamamın əvvəlki sahibini müəyyən etmək olmadı. Onun layihəsini isə şəhər idarəsinin üzvü, daha sonra isə şəhər başçısı, şəhərin ilk baş planının tərtibatçısı olmuş memar Nikolay Avqustoviç fon der Nonne verib. Belə olan halda bina sadəcə şəhər balansında ola bilərdi, bu da niyə özəl sifarişçinin olmadığını izah edir. Həqiqətən də işləri başından aşıb daşan şəhər başçısı özəl sifarişlə bina tikərdimi?

“Fantaziya” Bakıda elektrik xəttinin çəkildiyi ilk kommersiya tikilisi olub (onun telefon nömrəsi də varıydı). Müasir mühəndisliyin möcüzəsi – elektrik spiral lampalar. O vaxta qədər elektrik enerjisi ancaq dövlət idarələrində (o cümlədən, vağzalda) və varlıların evlərində olub. Rəngli lampalar dəhlizdə yerləşən fəvvarəni işıqlandırırdı. “Bu, hamam sahibinin özünün kəşfidir”, – “Kaspi” qəzeti yazırdı.

Ümumiyyətlə tək binanın içərisində deyil, çölündə də bütün işıqlandırma elektrikiydi. Künclərdən asılan fənərlər yuxarıda qeyd edilən şirləri işıqlandırırdı, damdan isə sanki xüsusi bir təmtəraq vermək üçün elektrik projektor asılmışdı.

Hamamda proseduralardan sonra çay içmək üçün xüsusi bir zal varıydı, çay masaları “Fantaziya”nın daxili həyətində də dururdu.

İçəridən binanın divarları ancaq mərmərlə örtülmüşdü, döşəmə də mərmərdəniydi, amma indiki dövrdə müasir, sürətlə inkişaf etməkdə olan Bakıda camaatın yağışlı və qarlı havada sürüşdüyü mərmərdən deyil, xüsusi işlənmiş mərmərdən.

Hamamda “otaqlar” varıydı, yəni iyirmi dənə ayrıca hamam otağı quraşdırılmışdı. Amma ağlınıza başqa pis fikir gəlməsin. Gəldin, çimdin, iş yoldaşınla işini müzakirə etdin, ordan-burdan söhbət etdin, vəssalam.

Hamam otaqlarında paltarınızı soyuna və əşyalarınızı qoya biləcəyiniz soyunma otağı və hamamın özü – bütöv mərmər parçasından hazırlanmış vanna varıydı.

Həm də orada yapma naxışlar, çoxlu yapma naxışlar, mələklər, yunan allahları, tavanda Şərq və Roma üslubunda divar naxışları varıydı, həmişə də bahalı güldanlarda diri güllər olub.

Hamamlarda iyirmiyə yaxın lakey və ofisiant və bir o qədər də xadimə işləyib. Servis qəzetlər də təklif edirdi – rus, fransız, fars qəzetləri və jurnalları. Orada həm də canlı musiqi səsləndirilirdi, 1900-cü ildə isə onu yeni dəbə çıxan fonoqrafla əvəz etdilər.

1914-cü ilə qədər Bakıda ümumiyyətlə su kəməri olmayıb. Hamamda ağlasığmaz həcmdə xüsusiylə bunun üçün daşınan şirin sudan istifadə edirlirdi. Buna görə də bəzən “Fantaziya” bir neçə günlük ehtiyat toplamaq üçün bağlanırdı.

Ən maraqlısı odur ki, “Fantaziya”da qiymətlər baha deyildi – minimal servisin qiyməti cəmi 50 qəpik idi. Yəni 20 manat maaş alan ən sadə fəhlə belə bura ayda azı bir dəfə gələ bilərdi.

Sovet vaxtı

1920-ci ildə hamamı bağladılar, çıxarılması və satılması mümkün olan hər şeyi oradan çıxarıb satdılar. Hamamın bir hissəsini ümumiyyətlə sökdülər, mərməri çıxardılar və əvvəlcə hərbi hospitala, sonra da məktəbə çevirdilər.

Düzdür, “Fantaziya” artıq 20-ci illərin axırlarında qayıtdı. Burada xalçalar sərdilər, restavrasiya və bərpa etdilər. Amma restoranı ləğv etdilər. İndi bu, şəhərdə ən yaxşı olsa da, adi bir hamamıydı.

“Fantaziya” mənim üçün ilk növbədə nənəmlə assosiasiya olunur, Böyük Vətən Müharibəsi illərində və ondan sonra nənəm “Fantaziya”nın qarşısında qazlı su satırdı, onda biz yaxınlıqda, Vidadi küçəsində yaşayırdıq, – yaşlı bakılı xanım Lətifə danışır. – Ümumiyyətlə, həmin ərazidə bir neçə hamam varıydı. 1 saylı hamam, “Əsgər hamamı” – orada əsgərlər çimirdi, amma “Fantaziya” bunların içində ən yaxşısı sayılırdı. Mən özüm də uşaq ikən o hamamın gözəl vaxtlarını görmüşəm. Bu, 50-ci illəriydi, tez-tez ora gedirdik, çünki evimizdə su nadir hallarda olurdu.

O vaxtlar düz “Fantaziya”nın qarşısında, Qorki küçəsinə çıxan tərəfdə Şamaxinkadan gələn tramvayın düz hamamın qarşısında dayanacağı varıydı. Bu, ac vaxtlarda alver üçün çox əlverişli bir yeriydi – bir tərəfdən tramvaydan sərnişinlər düşür, digər tərəfdən də “Fantaziya”dan adamlar çıxır.

Sovet illərinin axırlarına yaxın burada qazlı su avtomatları və şirniyyat satılan köşklər peyda oldu. Bura əvvəlcədən abonement alaraq (adam başı bir saat bir manatıydı), uşaqlarla gəlir və ənənəvi uzun sovet növbəsinə düzülürdülər.

İçəri həyətdəki fəvvarə çox vaxt işləmirdi, diri gülləri isə sünilərlə əvəz etdilər.

“Biz yaxınlıqda, Vidadi küçəsində yaşayırdıq, qardaşımla məni “Fantaziya”ya anam aparırdı, – İsmayıl xatırlayır. – Mənim altı, qardaşımın on yaşı varıydı, o məni qaldırırdı və mən qazlı su avtomatına qəpik atırdım. Adətən adi limonad, qazlı və kremli su olurdu”.

Bütün bu müddət ərzində hamam həm də “yığıncaq” yeri olub, bura sadəcə çimmək üçün deyil, həm də dincəlmək, söhbət etmək üçün bütöv ailələrlə, dost-tanışla gəlirdilər.

Hamamda kişi və qadın günləri olurdu, amma bu, ancaq ümumi zala aidiydi, ayrıca kabinələrə evli cütlükləri, o da pasportlarını yoxlayandan sonra buraxırdılar. Bununla belə, zinakarlar həmin sistemi aldada bilirdilər: məşuqəni arvadının pasportu ilə keçirmək olurdu. O vaxtlar hələ pasportda fotoşəkillər olmurdu.

Zəmanəmiz

2000-ci illərdə və 2010-cu illərin əvvəllərində “Fantaziya” hələ də işləyirdi, amma dəbdəbəsindən demək olar ki, əsər-əlamət qalmamışdı, bura evdə duş xarab olanda sadəcə çimməyə gəlirdilər.

“Köhnə təmir, böyük zalda vitrajlar, dekadent bir şərait. Orada otağa mürəbbəli çay sifariş etmək olardı, onu da məzəli diyircəkli sinidə gətirirdilər. Gedib sadəcə əsas zalda oturmaq da olardı. Kiçik oranjereya və fəvvarə də varıydı.

Köhnə diyircəkli sovet masalarıydı ancaq. Amma rədd cavabı da ala bilərdiz, deyirdilər, bütün masalar məşğuldur, gətirə bilmərik, – Fərid danışır. – Bu hamamdan başqalarından daha çox xoşum gəlirdi. Divarlarından da görünür ki, onlar özündə nə qədər sirr saxlayır”.

“Fantaziya” hamamında 2012-ci ildə “Qorxma, mən səninləyəm!” məşhur sovet filminin davamı olan “Qorxma, mən səninləyəm! 1919” filminin bir səhnəsi çəkilib. Videoda “otaqların” adda-budda sökülən kafelini və hamamın yapma naxışlı və fəvvarəli əsas zalını görmək olar.

“2010 və ya 2011-ci ildə ora xarici dostlarım üçün qiymətləri və hamamın vəziyyətini öyrənmək üçün getdim, – Nailə danışır. – Ətrafda solmuş sovet kafeli, döşəmədə isə sınmış metlax varıydı. Divarlardakı solmuş naxışlar qalın emulsiya qatı ilə malalanmışdı. Uşaqlığımda xatırlayıram ki, hamamı 80-ci illərdə təmirə bağladılar, elə onda da təsvirlərin və yapma naxışların üstündən kafel çəkdilər”.

Bu yaxınlarda “Fantaziya”nı elə həmin rayonda başqa hamamla səhv salan bakılı istifadəçilər səs-küylə onu ağlamağa başladılar. Məlum olanda ki, “Fantaziya” yerində qalıb, insanlar yenə də narahat qalmışdılar ki, o da söküləcək, axı 2016-cı ilin axırlarında onu artıq bağlamışdılar. Hazırda qapısından qıfıl və hamamın dövlət tərəfindən qorunan memarlıq abidəsi olduğunu bildirən lövhəcik asılıb.

Təxminən bu ruhda da – “dövlət tərəfindən qorunur” – şərhi 1news üçün Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbəy Kazımzadə verdi: “Bir il əvvəl rəssamlar, memarlar, bəstəkarlar, yazıçılar ittifaqları sədrlərinin imzasıyla cənab Prezidentə Bakıda memarlıq abidələrinin dağıdılması məsələsi ilə bağlı müraciət edilib. Bundan sonra bu cür binaların sökülməsi dayandırıldı, düşünürəm ki, “Fantaziya”nın binasına da toxunan olmayacaq”.

Nə İcra Hakimiyyəti, nə də Mədəniyyət Nazirliyi “Fantaziya”nın gələcək taleyiylə bağlı suallarımıza cavab verə bilmədilər.

Bununla belə, şəhərsalma ilə bağlı olan dövlət qurumundakı anonim mənbə təsdiq etdi ki, hamamı bu ərazini alan özəl şirkət sökəcək.

Bu gün “Fantaziya” şüşələri sınmış, rəngi qaralmış, bozarmış, qapıları bərk-bərk kilidlənmiş birmərtəbəli binadır. Və ancaq üç qaşqabaqlı şir onu künclərdən mühafizə edir və daş çənlərinə plastik butulkalar və şaurma salfetləri doldururlar.

Facebook Comments

More on JAMnews