Bir neçə il cinayət işinin qaldırılmaması və Vladimir Tskayevin qətlində günahlandırılan polislərin ittihamı rədd etməsi mərhumun ailəsini qəzəbləndirib" />

Şimali Osetiyada yerli sakini işgəncə verərək öldürməkdə ittiham edilən polislər mühakimə olunur

Bir neçə il cinayət işinin qaldırılmaması və Vladimir Tskayevin qətlində günahlandırılan polislərin ittihamı rədd etməsi mərhumun ailəsini qəzəbləndirib

“Kavkazskiy uzel” informasiya agentliyinin məqaləsi əsasında

Şimali Osetiyada yerli sakin Vladimir Tskayevə işgəncə verərək ölümünə səbəb olmaqda ittiham edilən 10 polis əməkdaşı məhkəmə qarşısına çıxarılıb.

• Qafqazın ekologiyası üçün təhlükəli olan Vladiqafqazdakı kanserogen zavodunu bağlamaq mümkün olacaqmı?

• Azərbaycanlı vicdan məhbuslarının anaları övladlarının necə və niyə 10 il cəza aldığı haqda danışır

• Parkda görüşən cütlüklərin qənimi – Azərbaycanda keçmiş polis mühakimə olunur

Olay 2015-ci ildə baş verib. Polis əməkdaşının qətlində şübhəli olaraq Vladiqafqazda saxlanılanda Vladimir Tskayevin 37 yaşı vardı, o, Şimali Osetiya Kənd Təsərrüfatı Nazirliyində işləyirdi. Tskayevi polis şöbəsinə aparıblar. Orada ona amansız işgəncə verilib, nəticədə 2015-ci il oktyabrın 31-dən noyabrın 1-ə keçən gecə o keçinib.

Bundan iki həftə sonra Tskayevin təqsirsiz olduğu təsdiqlənib. Onun işi isə “ehtiyatsızlıq üzündən ölüm” maddəsi ilə təsbit edilib və bağlanıb.

O vaxtdan bəri Tskayevin qohumları ədalətə nail olmaq üçün işin yenidən açılmasına çalışıblar. Rəsmi sorğular işə yaramayıb. Tskayevlər ailəsinin vəkili Anjelika Sikoyeva dəfələrlə xəbərdarlıq edib ki, işin uzadılması bir sıra ittihamlarla bağlı məsuliyyət müddətinin bitməsinə gətirib çıxara bilər.

Buna görə də Vladimir Tskayevin ailəsi və dostları küçə aksiyalarına başlayıblar.

Vladiqafqazda Vladimir Tskayevin işi üzrə ədalətli mühakimə tələbi ilə keçirilən etiraz aksiyası. Etirazçılar əllərində mərhumun üzərində işgəncə izləri görünən meyitinin fotolarını tutublar. Dekabr 2018

Etirazlardan sonra 2019-cu ilin fevralında iş üzrə məhkəmə araşdırması yenidən başlanıb.

Polislər səlahiyyətlərini aşaraq zor tətbiq etməkdə; qəsdən bədənə ölümlə nəticələnən ağır xəsarət yetirməkdə; vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə; xidməti saxtakarlıqda ittiham olunurlar.  

Onların bəzilərini 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Amma indiyə qədər Vladimir Tskayevin ölüm işi üzrə ittiham olunan on polis əməkdaşından heç biri məhkəmə qarşısında təqsirini qəbul etməyib.

Vladimir Tskayevin həyat yoldaşı Zemfira “Kavkazskiy uzel” portalının müxbirinə bildirib ki, müttəhimlərin onun ərinin ölümünə aidiyyatlarının olmadığında israr etmələri onu qəzəbləndirib.

“Mən onların gözlərində məyusluq və ya peşmanlıq görmədim”, – Zemfira Tskayeva deyib.

Onun sözlərinə görə, bu yaxınlarda baş tutan məhkəmə dinləməsində ümid eləyirmiş ki, “müttəhimlərdən hansısa gözlərini yerə dikəcək, əsl osetin kimi “bəli, mən bunu eləmişəm”, deyəcək”.

Tskayevin həyat yoldaşı danışıb ki, müttəhimlərdən biri onunla söhbətində ərinə “səhra telefonu” ilə işgəncə verdiklərini deyib.

“Kavkazskiy uzel”in məlumatına görə, işgəncə üçün elektrik cərəyanı mənbəyi kimi səhra telefonundan istifadə edilməsi geniş yayılıb. Bu cür işgəncə heç bir iz buraxmadan güclü əzab verir – bunu ancaq ekspert müəyyən edə bilir.

“Biz onun bədənini gördük – sanki onu ət maşınından keçirmişdilər”, – Zemfira Tskayeva deyib.

O danışıb ki, ərini xəstəxanaya artıq ölü ikən aparıblar, amma heç kim bu cür ifadə verməyə cəsarət etməyib, ölüm haqda rəydə ölüm saatı göstərilməyib.

“Saat müəyyən edilməyib”, – Zemfira Tskayeva bildirir.

Qadın onu da deyib ki, doğmalarının əlində olan ekspertiza rəyində Vladimir Tskayevin mexaniki asfiksiya nəticəsində öldüyü göstərilib. Zemfira Tskayevanın fikrincə, onu paketlə, əllərilə, zəncirlə, əllərinə keçən hər şeylə boğublar.  

Zemfira Tskayeva hesab edir ki, müttəhimlərin hər biri ən azı vəzifə səlahiyyətlərini aşmaqda və sağlamlığa qəsdən ağır zərər vurmaqda, ən doğrusu isə qətldə ittiham olunmalıdır.

Facebook Comments

More on JAMnews