Saakaşvilinin tərəfdarları da partiyasının və etiraz aksiyalarının haradan maliyyələşdiyini soruşur? " />

Saakaşvili Putinin agentidir? Ukrayna Prokurorluğunun ittihamına reaksiya

Saakaşvilinin tərəfdarları da partiyasının və etiraz aksiyalarının haradan maliyyələşdiyini soruşur?

Bu gün Ukrayna prezidenti Petro Poroşenko ilk dəfə Mixail Saakaşvilinin qısa müddətli həbsini şərh edib. Onun sözlərinə görə, Kiyevin mərkəzində baş verənlər onu şoka salıb.

Poroşenko deyib: “Ordu cəbhəni düşmənin arxa cəbhədə at oynatması üçün saxlamır. Biz Moskvadan maliyyələşən hay-küylü kompaniyalara lazımi cavabı veririk və mən bu sahədə cəmiyyətdən dəstək hiss edirəm”.

Saakaşvili nədə ittiham olunur

Dekabrın beşində Kiyev Baş Prokurorluğunun əməkdaşları təhlükəsizlik xidməti əməkdaşları ilə birlikdə Kostelni küçəsində yerləşən səkkiz mərtəbəli binanın damında keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilini həbs ediblər. Amma onu həbsxanaya çatdırmaq mümkün olmayıb, tərəfdarları hüquq-mühafizə orqanlarının maşınının qabağını kəsib, Odessa vilayətinin keçmiş qubernatorunu azad ediblər.

Saakaşvili mütəşəkkil cinayətkar təşkilatla əməkdaşlığa köməkdə və dövlət maraqlarına zidd cinayətkar fəaliyyətdə ittiham olunur. Ukraynanın baş prokuroru Yuri Lutsenko onun sözlərinə görə Saakaşvilinin Serqey Kurçenkodan ən azı 300 min dollar aldığını sübut edən audio və video yazılar təqdim edib. Kurçenko hazırda Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan və Rusiyada gizlənən eks-prezident Viktor Yanukoviçin tərəfdarıdır.

Lutsenkonun sözlərinə görə, hüquq-mühafizə orqanları Saakaşvilinin məhkəmə qarşısına çıxarılması üçün “hər şey edir”. Prokurorluq Saakaşvilini axtarışa verib. Lutsenko bunu deyəndə Saakaşvili ondan təxminən yüz metr aralıda idi.

İstintaqın əlində hansı sübutlar var?

Lutsenkonun sözlərinə görə, Saakaşvilinin işini Ukrayna Təhlükəsizlik Xidməti araşdırıb. Saakaşvilinin və onun tərəfdarlarının telefonları dinlənib. Əks kəşfiyyat xidmətinin yazdığı səs yazılarından birində, istintaqın bildirdiyinə görə, Saakaşvili danışdığı adam Sergey Kurçenko olub.

Ukrayna xüsusi xidmət orqanları Saakaşvili və Kurçenko arasında əlaqə yaradan adamı öz tərəflərinə çəkib. O, pulu Saakaşvilinin məsləkdaşı və onun “Rux novıx sil” partiyasının şöbələrindən birinin lideri Severion Danqadzeyə verməli idi.

Lutsenko bildirir ki, Saakaşvili Kurçenkodan iki dəfə – 10 və 19 noyabr tarixlərində alıb. Lutsenko o görüşlərin videoyazısını təqdim edib, amma onların əsilliyini hələ məhkəmə sübut etməlidir.

Bu məlumat alındıqdan sonra Ukrayna Təhlükəsizlik Xidməti (UTX) aşağıdakı kimi hərəkət edir – dörd dekabr tarixində Danqadzeni həbs edir. Həmin gün Saakaşvilinin saxlanılması üçün yetərincə sübutun olduğuna qərar verilən UTX və prokurorluğun müştərək iclası baş tutur. Həmin görüşdə əməliyyat da planlaşdırılır. Dekabrın beşində səhər tezdən xüsusi təyinatlılar Sakkaşvilinin evinə yollanır.

Əməliyyatdan DİN-nin xəbəri yox idi. Əməliyyatda iştirak edən mənbə Hromadskeyə bildirib ki, buna səbəb informasiya sızıntısı ilə bağlı şübhələrin olduğu ilə bağlı olub.

Saakaşvili qapını açmayıb. Xüsusi təyinatlıların qapını sındırmağı təxminən yarım saat vaxt alıb. Saakaşvili mənzildə deyildi, o pəncərədən dama çıxaraq qonşuları polis çağırmağa səsləyib.

Kostelni küçəsində bu hadisələr baş verdiyi vaxtda Ukrayna baş prokuroru Saakaşviliyə qarşı sübutlara təqdim etmək üçün Ali Radaya gəlib.

Lutsenko deputatlara bildirib ki, Kurçenkodan Saakaşviliyə 1,5 milyon dollar ötürəcək iki kuryer saxlanılıb.

Kurçenkonun Saakaşviliyə verdiyi pullar etiraz aksiyası keçirmək üçün nəzərdə tutulurdu. Baş prokuror deyir ki, bunun əvəzində Saakaşvili Kurçenkonun cinayətkar dəstəsinin maraqlarını təmin etməliydi.

Lutsenko deyir ki, hüquq-mühafizə orqanları Saakaşvilinin tərəfdarlarının Rusiyadan göndərilən yarım milyon dollar (vəd edilən 1,5 milyonun bir hissəsi) aldığını müəyyən edib.

Baş prokurorun sözlərinə görə, məbləğin köçürülməsinə xüsusi xidmət orqanları nəzarət edib və zskinazların nömrələri köçürülüb.

 

Lutsenko deyib: “Biz gücün tətbiqi və qan axıdılması ssenarisi təhlükəsinin qarşısını aldıq. Düşünürəm ki, Kiyevin küçələrində əmin-amanlığa və Moskvanın Kiyevdə “rus qışı” planının neytrallaşdırıldığına görə ilk növbədə UTX-yə təşəkkür etmək lazımdır”.

İttihamlara reaksiya necə idi?

Saakaşvili ona qarşı sürülən ittihamları qətiyyətlə rədd edib.

“Lutsenkonun nə dediyi vecimə deyil. Onlar yalançı murdarlardır”, – Saakaşvili Hromadskeyə deyib.

Amma hər şey o qədər də asan deyil. Saakaşvilidən ittihamlara konkret cavabı tək hüquq-mühafizə orqanları deyil, həm də öz tərəfdarları və müttəfiqləri tələb edir.

Deputat Mustafa Nayem oktyabrda Rada qarşısında keçirilən aksiyalarda Saakaşvilinin yanında idi. O, Ukraynada avrooptimist adlandırılan və Saakaşviliyə loyal yanaşan deputatlardandır (onlar onun partiyasının üzvləri deyil, çox zaman onun mübarizə metodları ilə razı deyil, amma bir çox məsələdə onu dəstəkləyirlər).

Nayem öz “Facebook” səhifəsində Lutsenkonun ittihamlarına məhəl qoymamağın düzgün olmadığını yazır:

“Prokurorluq tərəfindən irəli sürülən ittihamlara cavab olaraq susmaq çıxış yolu deyil. Yuri Lutsenko tərəfindən ortalığa qoyulan materiallar çox güman ki, saxtadır. Amma “Kurçenkonun maliyyələşdirməsi” elə bir haldır ki, təxminlər qurmaq istəmirsən. Danqadze Mixailin etibarlı adamıdırmı? Onun və onun ətrafının Sergey Kurçenko ilə əlaqəsi olubmu? Saakaşvilinin komandası Rusiya Federasiyası tərəfindən hər hansı bir dəstək alıbmı? Susqunluq, şüarlar və qeyri-müəyyən cavablar yolverilməzdir. Rusiya ilə müharibə şəraitində istənilən cavabsız suallar, izah oluna bilməyən şübhələr və ya faktlar məhvedici ola bilər.

Daha bir deputat Borislav Beraza yazır:

“İşlərin xarab olduğunu anlayan Gürcüstanın keçmiş prezidentinin bəzi tərəfdarları ondan “Facebook” vasitəsilə ittihamlara reaksiya verməsini xahiş ediblər. Yəni ki, cavab ver, Mixail Nikolozoviç Saakaşvili, öz siyasi gücünün maliyyələşdirilməsinə pulu haradan alırdın? …Bəs əvvəl maraqlanmırdılar? Ali Rada yaxınlığında qurulan çadır şəhərciyində gündəlik yeməyin neçəyə başa gəldiyi maraqlandırmırdı? Çadırların sutkalıq isidilməsi neçəyə başa gəlir?… Bütün bu sualları verənlərin oliqarxların muzdluları olmasıyla bağlı mesajla növbəti isterika əvəzində bütün bu suallara cavab almaq çox maraqlı olardı… Hamı adlar və rəqəmlər gözləyir. Bu yaxınlara qədər səhnədə Saakaşvilinin yanında duran və onun hərəkətlərini sevinclə dəstəkləyənlər belə cavab gözləyir”.

Politoloq, Kiyev Siyasi Araşdırmalar və Konfliktologiya mərkəzinin rəhbəri Mixail Poqrebinski deyir ki, hakimiyyət Saakaşvili ilə siyasi rəqib kimi mübarizə aparır:

“Mən Saakaşvilinin Yanukoviçdən necə pul aldığını təsəvvür edə bilmirəm. Hakimiyyət öz siyasi rəqibi ilə mübarizə aparır. Bu insanlar Saakaşvili kimi cəmiyyətdə etibar sahibi deyillər. Onlar etibarsızlığa görə təxminən eyni səviyyədədirlər. Amma Kiyevin müxalif əhvalı güclüdür. Lutsenkonun nə dərəcədə uydurma məlumatlar açıqladığını araşdırmaq lazımdır. Saakaşvilini pul aldığına görə ittiham etmədikləri məlumdur. Poroşenkonun və indiki hakimiyyətin bir çox dostu kimdən istəsən pul alır, amma buna barmaqarası baxılır… Saakaşvilini dövlət çevrilişi cəhdinə görə cəzalandırmaq istəyirlər. Gülməlidir! Düşünürəm ki, Mixailin real həbsini gözləməyə dəyməz. Onu maksimum xalqı küçələrə çıxarmamaq üçün ev dustağı edəcəklər”.

Saakaşvili prokurorluğa getməkdən imtina edir və müstəntiqləri Rada qarşısında qurulmuş şəhərciyə gəlib, orada onu dindirməyə çağırır.

“Amma biz səbirliyik. Sap nə qədər dolansa da, əvvəl-axır müstəntiqin qarşısına gətirib çıxaracaq. Bu, mütləq olacaq”, – Lutsenko belə cavab verib.

Qərb siyasətçilərinin reaksiyası

“Biz vəziyyəti diqqətdə saxlayırıq… Bizim Ukrayna hakimiyyəti ilə yaxşı münasibətlərimiz var, amma bu, onların hər etdiyi ilə razılaşdığımız anlamına gəlmir”, – ABŞ Dövlət Departamenti nümayəndəsi Xizer Noyert deyib.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Twitter-də yazır:

“Əlbəttə, mən Saakaşviliyə qarşı irəli sürülən ittihamlarda daha çox fakt gözləyirəm, amma Ukrayna hakimiyyətinin işin (ittihamın) öhdəsindən necə gəldiyi göz qabağındadır – pis”.

Avromaydanı dəstəkləyən siyasətçi, İsveçin keçmiş XİN rəhbəri Karl Bildt Ukrayna hakimiyyətini daha sərt tənqidlə çıxış edib:

“Ukraynadan gələn xəbərlər düşünməyə vadar edir. Siyasi həbslər ölkənin qərbdəki nüfuzuna radikal təsir edəcək. Hər halda bu bir təhlükəsizlik məsələsidir”.

Bilditin daha bir twiti:

“Saakaşvilinin hansısa Rusiya agenti olmaq səbəbi ilə saxlanılması çox qeyri-peşəkar görünür. Buna kim inanar? ”

_____________

Saakaşvili və onun tərəfdarları yenidən Rada yaxınlığında oktyabrdan qurulan çadır şəhərciyindədir.

Səhər saat yeddidə hüquq-mühafizə orqanları əməkdaşları ona hücum edərək, çadırları yığışdırmağa cəhd edib amma, tez də geri çəkiliblər. Toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb.

 


More on JAMnews