Saakaşvili: məni Gürcüstana buraxın və siz seçkiləri kimin qazanacağını görəcəksiz

Gürcüstanın keçmiş prezidenti vətəndaşlığının və prezident seçkilərində iştirak etmək hüququnun geri qaytarılmasını tələb edir

REUTERS/Valentyn Ogirenko

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaaşvili hazırkı prezident Giorgi Marqvelaşvilini Gürcüstan vətəndaşlığını ona qaytarmağa və prezident seçkilərində iştirak etməsinə imkan verməyə çağırıb.

“Məni Gürcüstana buraxın və milyonlarla insanın kimi qarşılayacağını, kimin seçkiləri qazanacağını görəcəksiz”, – Saakaşvili “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

Saakaşvili prezident Marqvelaşvilini qorxaq, özünü isə Gürcüstan dövlətçiliyinin qurucusu adlandırıb:

“Marqvelaşvili əsl qorxaqdır. Çünki o, əvvəlcə məni vətəndaşlıqdan məhrum etdi, qoy indi əgər onun elementar cürəti varsa, əgər onun bir mahiyyəti varsa, o məni Gürcüstan vətəndaşlığına qaytarmalıdır. Onlar haqqımda hökm çıxarıb, mənə siyasi fəaliyyətdə iştirak etməyi qadağan ediblər.

Təəssüf ki, qeyri-hökumət təşkilatları susur, bu adamlar hardadır? Gürcüstan dövlətinin qurucusu Gürcüstana buraxılmırkən onlar niyə susurlar?” – Mixail Saakaşvili bəyan edib.

Onun sözlərinə görə, Gürcüstana qayıdacağı təqdirdə o, mütləq prezident seçkilərində qələbə qazanacaq:

“Mənim əllərimdən və reputasiyamdan başqa heç nəyim yoxdur. Məni Gürcüstana buraxın və biz onaların kimdən qorxduğunu və xalqı kimlə qorxutduqlarını göstərəcəyik, məni ölkəyə buraxın, sonra da baxaq görək seçkiləri kim qazanır”, – Saakaşvili bəyan edib.

•   Gürcüstanın üçüncü prezidenti Mixail Şaakaşvili 2013-cü il prezident seçkilərindən sonra ölkəni tərk edib və o zamandan bəri geri qayıda bilməyib. Vətənə qayıdacağı təqdirdə onu həbs gözləyir.

2014-cü ildə Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşviliyə Ukrayna vətəndaşlığı verib və onu Odessa vilayətinin qubernatoru təyin edib. 2016-cı ildə qubernator vəzifəsindən istefa verəndən sonra o, müxalif partiya qurub  və prezident Poroşenkoya qarşı mübarizəyə başlayıb, buna görə də Ukraynada onun problemləri yaranıb. Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilib, 2018-ci ilin fevralında isə ölkədən deportasiya olunub. Ona qarşı Ukraynada cinayyət işi qaldırılıb.

İndi Saakaşvili Hollandiyada məskunlaşıb. O bildirir ki, Ukrayna və Gürcüstanın oliqarx idarəçiliyinə qarşı mübarizəsini davam etdirir.

Ona qarşı dörd epizod üzrə cinayət işi qaldırılıb – vəzifə səlahiyyətlərindən sui-istifadə, dinc mitinqin və televiziyanın dağıdılması, deputatın döyülnəsi və dövlət vəsaitlərinin tar-mar edilməsi.

Son bir ildə məhkəmə onun haqqında iki hökm çıxarıb:

2018-ci ilin yanvarında o, bank əməkdaşı Sandro Qirqvilianinin səs-küylü qətl işi ilə bağlı üç il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İyunun  28-də məhkəmə Saakaşvilini müxalif deputat Valeri Qelaşvilinin döyülməsini təşkil etməkdə təqsirli bilib və onu ailtı il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkuum edib. Sakaşvili bildirir ki, məhkəmə siyasi motivli olub və onun “Kennedinin qətlinə” nə qədər dəxli varsa, deputatın döyülməsinə də aidiyyatı o qədərdir.


More on JAMnews