Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili deyir ki, onun siyasi planları Ukrayna ilə yox, Gürcüstanla bağlıdır.

Gürcüstanın müxalif “Mtvari arxi” kanalına müsahibəsində Saakaşvili bildirib ki, “İvanişvili hakimiyyətinə son qoymaq üçün” yaxın aylarda, Gürcüstanda 2020-ci ilin payızında baş tutacaq parlament seçkilərinə qədər Ukraynanı tərk edib Tbilisiyə yola düşmək niyyətindədir.

• “Gürcü” Saakaşvilinin “ukraynalı”dan dörd fərqi

• Gürcü milyarder uğrunda mübarizə

Onun Ukraynadakı “Ruh yeni qüvvələr” partiyası ilə bağlı planlarına gəlincə, Saakaşvili deyib ki, onun partiyası bütün reytinqlərdə liderlik edir, amma “ölkənin [Gürcüstanın] dağılmasının və tənəzzülünün qarşısını alana qədər” “başqa heç bir işlə məşğul ola bilməyəcək”.

Saakaşvili bildirib ki, Ukraynada özünü yaxşı hiss edir, “amma ölkə əldən gedir”.

“Əgər siz mənimlə hazırda olduğum Odessa küçələrində gəzsəniz, siz görərsiniz ki, iki nəfərdən biri mənə yaxınlaşır və mer seçkilərində iştirak etməyimi xahiş edir”, – o, bildirib.

Saakaşvilinin sözlərinə görə, o, “gürcü xalqı ilə birlikdə” iqtidarda olan “Gürcü arzusu” partiyasının lideri, milyarder Bidzina İvanişvilinin “hakimiyyətinə son qoymaq” niyyətindədir.

Bunun inqilab ssenarisi ola biləcəyi ilə bağlı sualın cavabında isə Saakaşvili deyib ki, “bu, gürcülərin alçaldılmaması üçün olan ssenaridir”.

“Mən gürcü xalqı ilə birlikdəyəm. Gəlin, siyasətçiləri bir kənara qoyaq. Mən siyasətçi deyiləm, mən müasir Gürcüstan dövlətçiliyinin yaradıcısıyam, Gürcüstan vətənpərvəriyəm, sizlərdən, ölkə dağıldığı üçün ürəyi ağrıyanlardan biriyəm”, – o bəyan edib.

Gürcüstanda haqqında bir neçə cinayət işi qaldırılan Saakaşvili vətənə qayıtdığı zaman saxlanıla biləcəyini istisna etmir:

“Saxlayacaqlar, ya yox, bu, gürcü xalqından asılı olacaq… Mən Ukraynda həbsxanadan qorxmadım, öz ölkəmdə bundan heç qorxmuram… Onlar o qədər zəifdirlər ki, gürcü xalqına müqavimət göstərə bilməyəcəklər”, – o deyib.

•2020-ci ildə Gürcüstanda mühüm parlament seçkiləri baş tutacaq. Gürcüstan parlament respublikası olduğu üçün 2020-ci ildə seçkilərdə qalib gələcək partiya növbəti dörd il ərzində respublikanı idarə edəcək.

•Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Gürcüstanı 2013-cü ildə, ikinci prezidentlik müddətini başa vurandan sonra ölkəni tərk edib. Bundan sonra artıq 6 ildir ki, o, ölkəyə qayıda bilmir, çünki ona qarşı dörd epizod üzrə – vəzifə səlahiyətlərindən sui-istifadə, dinc mitinqin dağıdılması və teleşirkətə basqın, deputatın döyülməsi və büdcə vəsaitlərinin talanması – cinayət işi qaldırılıb.

•Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Hazırda o, Ukrayna vətəndaşıdır.

•Saakaşvili Ukraynada müxalif “Ruh yeni qüvvələr”, Gürcüstanda isə müxalif “Vahid Milli Hərəkat” partiyasının lideridir. Gürcüstanda keçirilən son sosial sorğuların nəticələrinə əsasən, Saakaşvilinin partiyasını əhalinin 9 faizi dəstəkləyir.