İddia təmin edilsəydi, Teymur Kərimov böhtana görə yarım ilə qədər həbsdə qalacaqdı " />

Səhiyyə naziri jurnalistə qarşı iddiasını geri çəkib

İddia təmin edilsəydi, Teymur Kərimov böhtana görə yarım ilə qədər həbsdə qalacaqdı

Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev böhtanda günahlandırdığı jurnalist Teymur Kərimova qarşı iddiasını geri çəkib. Mayın 18-də Kərimov Səhiyyə Nazirliyi binasının qarşısında təkbaşına mitinq keçirib. O, həkimlərin pulgirliyindən gileylənib və baş veriən pozuntularda nazir Şirəliyevi günahlandırıb.

Aksiyanın təfərrüatları

Mayın 18-də səhər Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısına gəlib, paltarlarını soyunaraq qarşısına qoyub və satmağa çalışıb. O, pencəyini və köynəyini çıxararaq kameralar qarşısında başına gələnləri danışıb.

• Azərbaycan həkimləri öz işlərinin spesifikliyi haqda danışırlar

• Azərbaycanda xalq təbabəti: çildağ qorxu götürmək vasitəsi kimi

Kərimovun sözlərinə görə, onun anası qan xərçəngidir və dövlət xəstəxanasında müalicə olunur. Amma xəstəxana personalı mütəmadi olaraq ondan iynə, dərman və qanunla pulsuz olan digər prosedurlar üçün pul istəyir.

“Onlar insanları məcbur edirlər ki, müalicənin pulunu ödəmək üçün alt paltarına qədər sözün həqiqi mənasında hər şeyini satsın. Mən də paltarlarımı satmaq qərarına gəldim ki, anamın bir-iki iynəsinin pulunu ödəyə bilim”, – Kərimov aksiyasının formatını izah edib.

Daha sonra nə olub?

Aksiya başlayandan 15 dəqiqə sonra hadisə yerinə polis gəlib, Teymur Kərimov “Kavkazskiy uzel” saytına danışıb. Jurnalisti polis idarəsinə aparıb, hər şey haqda ətraflı sorğu-sual ediblər və söz veriblər ki, mayın 20-də onu Səhiyyə Nazirliyində qəbul edəcəklər, ondan pul tələb olunması məsələsini isə prokurorluq araşdıracaq.

Mayın 20-də Səhiyyə Nazirliyi bəyan edib ki, “bütün bu ittihamlar tamamilə əsassızdır” və onun anasına bütün mümkün kömək göstərilir.

Həmin gün jurnalisti prokurorluğa dəvət ediblər. Oradan çıxandan sonra Kərimov deyib:

“İnanmaq istəyirəm ki, prokurorluq həqiqətən də məsələni aydınlaşdıracaq. Şəxsən mən hesab edirəm ki, vəziyyəti düzəltmək yolu Oqtay Şirəliyevi vəzifədən çıxarmaqdır”.

Böhtan ittihamı və iddianın geri götürülməsi

Piketdən az sonra nazir Oqtay Şirəliyev Kərimova qarşı məhkəmədə böhtan və təhqir ittihamı ilə iddia qaldırıb.

Bu iddia təmin edilsəydi, Kərimov yarım ilə qədər həbsdə qala bilərdi.

İyunun 14-də hazırlıq iclasının əvvəlində hakim nazirin məhkəməyə məktub göndərərək, iddiasını geri çəkdiyini elan edib.

Nazir iddiasını geri götürməyinin səbəbini açıqlamayıb. Teymur Kərimov isə hesab edir ki, “mənfi ictimai rəy” onun bu qərarına təsir edib.

“Hələ ötən iclasda onlarla insan məhkəməyə gəlmişdi ki, həkimlərin pul alması, müəyyən xəstələr üçün pulsuz dərmanların çatışmaması, pullu tibbi xidmətlərin baha olması faktlarını təsdiqləsin. Bu mövzu sosial şəbəkələrdə fəal müzakirə olunurdu. Bəlkə mən emosional və ifadələrimdə sərt olmuşam, amma mahiyyətcə mən haqlıydım” – Kərimov “Kavkazskiy uzel” portalına deyib.

Jurnalistin anası iyunun 7-də vəfat edib.


More on JAMnews