Bugünkü Gürcüstanda rus dili: kimə və nəyə lazımdır?" />

Rus dilinin birinciliyi əbədi deyil

Bugünkü Gürcüstanda rus dili: kimə və nəyə lazımdır?

Gürcüstanda son 20 il ərzində rus dili arealı ildən ilə daralır. Bu gün rus dilini bilmək karyera qurmaq üçün mütləq şərt sayılmır. Buna həm də iki ölkə arasındakı münasibətlərdə siyasi gərginlik, iqtisadiyyat, mədəniyyət və təhsildə əlaqələrin kəsilməsi əlavə olunur.

Ola bilsin, son illərdə Rusiyadan turist axınının artması Gürcüstanda rus dilinə olan marağı qaytaracaq, bununla belə çox güman ki, rus dili birinci xarici dil statusunu artıq bərpa edə bilməyəcək.

***

“Amirani” kinoteatrında Coan Roulinqin ssenarisi üzrə “Fantastic Beasts” (“Fantastik məxluqlar”) filmi nümayiş olunur.

13 yaşlı Anna və sinif yoldaşı Maryam, pop korn və koka-kola alaraq zalda ən yaxşı yerləri tuturlar. Qızlar Coan Roulinq və Harri Potterin fanatlarıdır və bu filmin kinoteatrlarda nümayişini çoxdan gözləyirdilər.

Film başlayır. Hardasa 10 dəqiqə sonra qızlar ayağa durur və heç nəyə ilişib yıxılmamaq üçün ehtiyatla,  qaranlıq zalı tərk edirlər:

“Film rus dilindədir. Demək olar ki, heç nə başa düşmədim.” – Anna deyir. Qız əməlli-başlı kövrəlib.

Anna Tbilisinin orta təhsil məktəblərinin birində 8-ci sinifdə oxuyur. Ən çox sevdiyi kitablar Harri Potterin macəralarıdır. O bu sehrbaz haqqında bütün seriyanı 1-ci sinifdən öyrəndiyi ingilis dilində oxuyub. Məktəbdə hər gün xarici dil dərsləri olur. Bundan başqa, müəllim yanına gedir. Kino və cizgi filmlərinə ingilis dilində baxır. Bu il ingilis dili üzrə olimpiadada iştirak etməyə hazırlaşır.

“İstəyirsiz sizə gülməli bir şey danışım, – Anna gülərək deyir. – Anamla nənəm mənim yanımda gizli nə isə danışanda rus dilinə keçirlər. Anamla mən nənəmdən nə isə gizlətməyə çalışanda isə ingilis dilində danışmağa başlayırıq”.

Anna hələ hansı sənəti seçəcəyini bilmir, amma Oksford universitetində oxumağı arzulayır.

Rus dili dərsləri Anna və Maryamın məktəbində həftədə cəmi iki dəfədir. “Rus dilini də öyrənirəm, amma o qədər də yaxşı bilmirəm, – Maryam deyir, – rus dili ancaq məktəbdə lazımdır. İngilis dilində isə filmlərə baxıram, kitab oxuyuram. İnternetdə də hər şey ingilis dilindədir”. “Kimya dərsləri üçün sınaqları youtube-da axtarırıq, o da ingilis dilindədir. Valideynlərim tələb edir ki, rus dilini öyrənim, mən də az-çox öyrənirəm”, – Anna deyir.

Anna və Maryam 2003-cü ildə anadan olublar. Bu, Gürcüstan üçün böyük dəyişikliklər ili idi. “Qızılgül inqilabı”ndan sonra gələn yeni hakimiyyət Qərbə doğru yön aldı.  Rusiya ilə həm iqtisadi, həm siyasi münasibətlər bir az da pisləşdi. O vaxtkı prezident Mixail Saakaşvili bildirirdi ki, sovet keçmişi ilə vidalaşan və Avropaya inteqrasiya etməyi planlaşdıran balaca ölkənin qarşısında duran qlobal tələblərin həlli, eyni zamanda da özünü dünyaya layiqli təqdim etməsi üçün beynəlxalq dil bilməsi vacibdir.

2011-ci ildən başlayaraq, Gürcüstanın ümumtəhsil məktəblərində ingilis dili mütləq fənn oldu, bu dilin tədrisinə birinci sinifdən başladılar; Gürcüstanın dövlət proqramı üzrə ümumtəhsil məktəblərində işləmək üçün ölkəyə bir necə min könüllü ingilis dili müəllimi gəldi.

Planlar nəticələrdən daha möhtəşəm idi. Məktəblərdə ingilis dilinin tədrisinin keyfiyyəti o qədər də yüksək olmadı. Amma tendensiya dəyişdi: bu gün söyləmək olar ki, gürcü məktəblərində ingilis dili rus dilinin yerini tutaraq bir nömrəli xarici dil ola bilib.

Sovet Gürcüstanında rus dili gürcü dili ilə rəqabət aparırdı. O, gündəlik dilə çevrilməmişdi və ittifaqın digər respublikalarından fərqli olaraq o qədər də aktiv istifadə olunmurdu. Bununla belə, bəzən dövlət idarələrində, elmi müəssisələrdə dominantlıq edirdi, gürcü ziyalıları da öz fikir və mülahizələrini rus dilində bildirməyi xoşlayırdılar. Rus dilini bilmək karyera qurmağın vacib şərti idi.

Bu gün rus dili bu funksiyanı itirib, bunun da iki səbəbi var. Bir tərəfdən siyasi amil, digər tərəfdən də daha vacib olan praqmatik yanaşma.

Bu gün Gürcüstanda rus dili kimə və nəyə lazımdır?

Neli Kiknadze 40 il stajı olan rus dili müəlliməsidir. Bu gün o təqaüddədir, evində oturub uşaq hazırlaşdırır.

“Şagirdlərin azlığından şikayətim yoxdur. Əsasən imkanlı ailələrdən olan uşaqları hazırlaşdırıram, onlar rus dilini ikinci xarici dil kimi öyrənirlər. Demək olar ki, bütün şagirdlərim eyni zamanda həm rus, həm ingilis dilini öyrənirlər… Heç biri təhsilini Rusiyada davam etdirmək istəmir. Hamı fikrində Avropa və Amerikanı tutub”, – Neli Kiknadze deyir.

Onun fikrincə, rus dilinin əsas problemi gələcək və karyerə yüksəlişi üçün zəruri hesab olunmamasıdır. Gürcü gəncliyi Rusiya universitetlərinə qəbul olmağa can atmır.

“Hökumətə yeni nazir təyin olunanda ilk növbədə onun Amerika və ya Avropada təhsil aldığı vurğulanır. Bu gün bu, çox böyük üstünlükdür. Təbii ki, bunu gənclər və onların valideynləri görür və övladlarının ingilis dilini öyrənməsi, xaricdə təhsil alması üçün əlindən gələni edir ki, onlar həyatda nəyəsə nail ola bilsinlər”.

ACT Marketinq şirkəti tərəfindən aparılan tədqiqatın nəticələrinə görə, sorğuda iştirak edən Tbilisi sakinlərinin cəmi 36%-i rus dilini yaxşı bildiklərini deyiblər. Bu isə o deməkdir ki, qalan 64% bu dillə bağlı “diskomfort” yaşayır. Regionlarda rus dilini daha pis bilirlər.  Etnik gürcülər nadir istisnalarla gündəlik ünsiyyətlərində rus dilindən istifadə edirlər.

Gürcüstanın milli telekanalları rus dilində səsləndirilən filmləri demək olar ki, göstərmir. Rusiya telekanallarına isə əhalinin  kabel televiziyası xidmətlərindən istifadə edən çox kiçik bir hissəsi baxır.

Gürcüstanın kinoteatrlarında əksər filmlərin rus dilində nümayiş etdirilməsi heç də əhalinin rus dilinə olan tələbatından deyil, yerli kino sənayesinin maliyyə problemlərindən xəbər verir.

Düzdür, bu gün restoran və marşrut avtobuslarında rus estradası və şansonunu eşitmək olar, kabel televiziyasının menüsündə də Rusiya kanalları çoxluq təşkil edir, amma sadalanan kanalların istifadəçiləri adətən Sovet İttifaqında yaşamış yaşlı nəslin nümayəndələridir. Yeni nəsil isə bu mədəniyyətdən uzaqdır və demək olar ki, onu tanımır.

Rusiya gürcü gənclərini turizm nöqteyi-nəzərindən də cəlb eləmir. Onlar ancaq valideynlərindən, nənə və babalarından Moskvaya aviabiletlərin 37 rubl olduğu və orada keçirdikləri gözəl vaxt haqqında rəvayətlər eşidirlər. Bu gün-sabah Avropa ölkələri ilə vizasız rejimi gözləyən Gürcüstan vətəndaşları üçün Rusiya vizasını almaq istənilən Avropa ölkəsinə viza almaqdan daha çətindir, ona görə də Rusiyaya əsasən bu ölkədə qohumları olanlar gedir. Əlaqə qurduğumuz məşhur gürcü operatorlarından heç biri Rusiyaya tur təklif etmir.

“Birincisi, viza böyük problemdir. İkincisi, siyasət də öz işini görür. Gürcüstanlı gənclər hesab edirlər ki, Rusiyada problemlərlə qarşılaşacaqlar, çünki orada gürcüləri sevmirlər”, – tur operatorlardan birinin nümayəndəsi Natia Labartkava deyir.

Rus dilini qaytarsaq, nə qazanıb, nə itərəcəyik?

Politoloq Giorgi Sxadaya hesab edir ki, rus dilinin populyarlığının azalması tam normaldır, çünki “illərlə rus mədəniyyət məkanının tərkib hissələri olan ittifaq respublikaları yavaş-yavaş özgürlüyünü qaytarır”.

“Bu, çox vacib bir prosesdir və regionumuzun ölkələrinə özünün Rusiyanın tərkib hissəsi və rus mədəniyyətinin əlavəsi qismində deyil, müstəqil mədəniyyətini nümayiş etdirmək imkanı verir”, – Sxadaya hesab edir.

Rus dilinin dominantlıq etdiyi məkandan çıxmaq siyasi nöqteyi-nəzərdən də sərfəlidir, Gürcüstanda belə hesab edirlər. Total şəkildə rus dilində danışan ölkə Rusiyanın “yumşaq” gücü və rus informasiya təbliğatı üçün yaxşı hədəfdir, Tbilisidə belə düşünürlər. İngilis dili isə ölkəyə daha böyük açıqlıq və böyük informasiya axını, Avropa və Avropa dəyərləri ilə daha çox və daha sıx əlaqəni təmin edir ki, bu da postsovet mentalitetinin dəyişməsinə kömək edəcək.

Amma bu məsələnin o biri üzü də var.

Gürcüstan əhalisinin 13%-dən çoxu milli azlıqların nümayəndələridir. Onların böyük hissəsi Kvemo Kartli və Samtsxe-Cavaxetidə yaşayır.  Bu regionlarda yaşayan etnik azərbaycanlı və ermənilərin 90%-i dövlət dili olan gürcü dilini bilmir və onların həm sıravi gürcülər, həm də dövlət qurumları ilə danışa biləcəyi yeganə dil rus dili olaraq qalır. Rus dili həm də Gürcüstan vətəndaşları olan abxaz və osetinlərlə də yeganə ünsiyyət dilidir.

Rus dili bu günə qədər bütün Qafqaz regionu üçün “lingua franca” olaraq qalır. Gürcülər regiondakı qonşuları – ermənilər, azərbaycanlılar, ukraynalılar, qazaxlarla məhz bu dildə danışırlar. Rus dilinin birdəfəlik unudulması çox güman ki, regiondakı kommunikasiyanı çətinləşdirəcək və gürcülərə öz qonşuları ilə ünsiyyət qurmaq ağır olacaq.

Bundan başqa, rus dilinin ölkənin həyatından yavaş-yavaş “getməsinə” baxmayaraq, ingilis dili tam mənası ilə onun yerini tutmur. Nəticədə ancaq bir dili mükəmməl bilən nəsil böyüyür. Bu problem ali məktəblərdə özünü daha kəskin şəkildə büruzə verir. Əlavə dərslik və vəsaitlərin böyük hissəsi gürcü dilinə tərcümə olunmayıb, buna görə də ancaq gürcü dilini bilən tələbələr vacib informasiya almaq imkanından məhrumdur.

Rus dilinin Gürcüstanda şansı varmı?

İngilis dilinə meyllənməyə baxmayaraq, Gürcüstanda rus dilini bilənlərin ingilis dilində danışanlardan xeyli daha çox olduğu çox aydın görünür. Bu daha çox inersiya və ənənələrlə bağlıdır.

Rus dilinin Gürcüstanda bu gün heç bir üstünlüyü yoxdur, amma qadağan da olunmur, bu dildə danışmaqla bağlı heç bir problem yoxdur. Və insanlar hansı dili öyrənəcəklərini fərdi şəkildə seçir.

“Kiçik xalqların daha çox dil bilməkdən başqa çıxış yolu yoxdur. Bir dil çox azdır. Buna görə də rus dilinin ikinci xarici dil olmaq şansı çox böyükdür. Hələ ki heç bir başqa dil onunla bu status uğrunda rəqabət apara bilmir. Çünki rus dili bu gün regionda ən vacib kommunikasiya dili olaraq qalır və hələ uzun müddət belə olacaq”, – politoloq Giya Nodia hesab edir.

Gürcüstanda rus dilinin yoxa çıxmayacağını şərtləndirən ən vacib və praqmatik amil isə turizmdir. Gürcüstan vacib turist mərkəzi olmağa iddialıdır. Ötən və bu ilki statistika göstərir ki, Gürcüstana daha çox turist rusdilli ölkələrdən, postsovet respublikalarından gəlir. Buna görə də rus dili çox vacib praktiki əhəmiyyət kəsb etməyə başlayır. Gürcüstanın turizm sahəsində iş axtaranlar üçün rus dilini bilmək vacib şərtdir.

Turizm sahəsində bu məqamı və tendensiyaları vaxtında tutublar, indi populyar turizm məkanlarında yerləşən kafe və otellərdə gürcü və ingilis dilləri ilə yanaşı, rus dilində yazı və hətta menü görmək olar.

“Rus dilini işğalçı dili hesab etmirəm. Bu il otelimdə qalanların təxminən 90%-i ruslar və ukraynalılar idi. Gələn il daha çox qonaq gözləyirəm. Uşaqlarım həm rus, həm də ingilis dillərini öyrənir. Böyüyəndə də mənə bu işimdə kömək edəcəklər”,- Tbilisinin köhnə məhəllələrindən birində yerləşən otelin sahibi Nukri deyir.


More on JAMnews