Danışıqların əsas müzakirə mövzusu Suriya və onun ərazi bütövlüyünün, müstəqilliyinin dəstəklənməsidir" />

Rusiya, Türkiyə və İran prezidentləri son yarım ildə ikinci dəfə görüşür

Danışıqların əsas müzakirə mövzusu Suriya və onun ərazi bütövlüyünün, müstəqilliyinin dəstəklənməsidir

İran, Rusiya və Türkiyə prezidentləri (soldan sağa) Rusiyanın Soçi şəhərində mətbuat konfransında, 2017-ci ilin noyabrı. Foto REUTERS/Mikhail Klimentyev

2-3 apreldə Ankarada Rusiya, Türkiyə və İran prezidentilərinin: Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhaninin üçtərəfli danışıqları keçirilir,  Reuters informasiya agentliyi xəbər verir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, danışıqların yekununda üç ölkə liderlərinin müştərək bəyanatı elan ediləcək, bu bəyanatda onlar “Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəklərini” vurğulayacaqlar.

Uşakovun sözlərinə görə, hazırda bəyanatın mətni ekspertlər tərəfindən hazırlanır.

Ankaradakı sammitdə Vladimir Putin və Həsən Ruhani ikitərəfli danışıqlar keçirməyi də planlaşdırır. Bu zaman prezidentlər İranın nüvə proqramını müzakirə etməyi nəzərdə tutublar.

Son dəfə Putin, Ərdoğan və Ruhani üçlükdə 2017-ci ilin noyabrında Soçidə görüşmüşdülər.

Həmin görüşün yekununda Vladimir Putin bildirib ki, onun Ərdoğan və Ruhani ilə razılaşdırdığı əsas məsələ Suriyada sülh nizamlamasına dair konqresin keçirilməsi ilə bağlıdır. Bu konqresin əsas məqsədləri yeni Suriya konstitusiyasının hazırlanması və onun əsasında seçkilərin keçirilməsi olmalıdır. Amma hələlik konqres baş tutmayıb.

2016-cı il dekabrın 19-da Türkiyədə Rusiya səfiri Andrey Karlov qətlə yetirilib. Xarici İşlər Nazirliyi hadisəni terror aktı kimi dəyərləndirib.

Danışıqlar ərəfəsində – 2018-ci il aprelin 2-də:

Türkiyə məhkəməsi Ərdoğanın əsas siyasi opponenti, uzun zamandır ABŞ-da yaşayan Fətullah Gülənin həbsinə qərar verib. O, Karlovun qətlinin təşkilində ittiham olunur. Bir çox ekspertlər hesab edirlər ki, bu yolla Ərdoğan iki problemi birdən həll etməyə çalışıb: birincisi, Gülənin həbs qərarı Putinlə danışıqlar ərəfəsində rəmzi jest oldu, ikincisi isə Türkiyə prezidenti növbəti dəfə öz düşməni Fətullah Gülənə qarşı növbəti həmləsini etdi.


More on JAMnews