Bu gündən həm Rusiya, həm də Gürcüstan aviaşirkətlərinin reysləri dayandırılıb" />

Rusiya Gürcüstanla birbaşa hava əlaqəsini kəsib

Bu gündən həm Rusiya, həm də Gürcüstan aviaşirkətlərinin reysləri dayandırılıb

Rusiyada yerli aviaşirkətlərə Gürcüstan ərazisinə sərnişin daşımanı müvəqqəti olaraq qadağan edən prezident fərmanı qüvvəyə minib. 

Novaya qazeta xəbər verir ki, Tbilisidən Rusiyaya son reysləri Rusiyanın “Ural Hava Yolları” və S7 aviaşirkətlərinin, Moskvadan Tbilisiyə isə Gürcüstanın Georgian Airways və MyWay Airlines aviaşirkətlərinin təyyarələri həyata keçirib.

Tbilisidə etirazları başladan rusiyalı pravoslav kommunist kimdir?

Tbilisidə etirazlar və sərt müdaxilə. Bütün bunlar nə deməkdir və nə gözləmək lazımdır?

Rusiya prezidenti Vladimir Putinin fərmanı Dövlət Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan Parlamentində çıxışı səbəbilə  iyunun 21-də Tbilisidə keçirilən etiraz aksiyalarından sonra imzalanıb. O, spiker kürsüsünə əyləşərək rus dilində çıxış edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Gürcüstanda vəziyyət “qeyri-rusofob məcraya” qayıdandan sonra Rusiyadan uçuşlar bərpa olunacaq. Onun sözlərinə görə, məhdudiyyətlər rusiyalıların rahatlığı və təhlükəsizliyi üçün tətbiq olunub.

Rusiyanın Nəqliyyat Nazirliyinin dəyərləndirməsinə görə, Gürcüstanla birbaşa hava əlaqələrinə qoyulan qadağa təxminən 3 milyard rubl (46 milyon dollar) ziyan hesabına başa gələcək. Rusiyadan uçuşların qadağan olunması ilə əlaqədar Gürcüstanda turistlərin sayının azalmasına görə ziyan 710 milyon dollar civarında dəyərləndirilib.

Daha əvvəl Rusiya və Gürcüstan arasında mütəmadi hava əlaqəsi 2008-ci ilin avqustunda silahlı münaqişə səbəbilə kəsilmişdi. Uçuşlar 2010-cu ildə bərpa olundu, amma 2014-cü ilə qədər ölkələr arasında yalnız birbaşa çarter reysləri həyata keçirilirdi.

 


More on JAMnews