Həm ekspertlər, həm də hakimiyyət əmindir ki, Rusiya valyutasının dəyərdən düşməsi Ermənistana da mənfi təsir göstərəcək " />

Rəsmi Yerevan rublun məzənnəsinin oynamasını “xüsusi diqqətlə” izləyir

Həm ekspertlər, həm də hakimiyyət əmindir ki, Rusiya valyutasının dəyərdən düşməsi Ermənistana da mənfi təsir göstərəcək

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Ermənistana da mənfi təsir göstərə bilər. Ermənistan hakimiyyəti və yerli ekspertlər bu fikirdədirlər.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar rublun məzənnəsinin oynaması ilə nəticələndi. İqtisadçılar hesab edirlər ki, bu proses Ermənistana təsirsiz ötüşə bilməz, çünki Rusiya onun ən iri tərəfdaşlarından biridir.

Milli Məclisin vitse-spikeri, iqtisadçı Mikael Melkumyanın sözlərinə görə, 600 mindən çox Ermənistan vətəndaşı Rusiyada işləyir və rublun məzənnəsinin oynaması ilk növbədə onlara təsir edəcək.

“Rusiyadan 1,5 milyon dollar həcmində maliyyə axını gəlir ki, bu həcmdə vəsait dəyərdən düşmüş olacaq. Yaxınlarının, ərlərinin göndərdiyi vəsait hesabına burada yaşayan ailələr eyni məbləğlə əvvəlkindən daha az mal ala biləcək. İnsanların alıcılıq qabiliyyəti azalacaq”, – Mikael Melkumyan deyir.

O hesab edir ki, rublun dəyərdən düşməsi nəticəsində qaz, neft, silah və digər strateji əhəmiyyətli malların qityməti də dəyişə bilər. Onun fikrincə, Ermənistandan ixrac edilən mallar da ola bilər ki, rusiya bazarlarında satılmasın, çünki orada da alıcılıq qabiliyyəti azalmış olacaq.

İqtisadi inkişaf və investisiya nazirinin səlahiyyətlərini yerinə yetirən Suren Karayan bəyan edib ki, Ermənistan Rusiyaya qarşı tətbiq olunan sanksiyaları “xüsusi diqqətlə” izləyir. O həmçinin hesab edir ki, Rusiya rublunun məzənnəsinin oynaması Ermənistan iqtisadiyyatına da təsir göstərə bilər.

“Qısa zaman kəsiyində bu, təhlükə yaratmır, amma biz rusiyalı həmkalarımızla prosesi izləyir və məsləhətləşmələr aparırıq. Biz vəziyyəti diqqət mərkəzində saxlayacağıq, indi də müqavilə münasibətlərini məhz Rusiya rublu ilə tənzimləyən ixracatçılarımızla mütəmadi əlaqədəyik. Lazım olduğu təqdirdə hökumət onları dəstəkləmək üçün öz alətlərindən istifadə edəcək”, – Karayan bildirib.


More on JAMnews