Qroznı meriyasından Gürcüstan jurnalistlərinə bu səfər haqda xəbəri yaymamağı tövsiyə ediblər" />

Qroznı meri Gürcüstanda olub. Nə işi varmış görəsən?

Qroznı meriyasından Gürcüstan jurnalistlərinə bu səfər haqda xəbəri yaymamağı tövsiyə ediblər

“Rustavi-2” tele-şirkəti xəbər verir ki, Qroznı  şəhərinin meri Müslim Xuçiyev Gürcüstanda “məxfi səfərdə” olub.

Tele-şirkət Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın silahdaşının Batumidə “Hilton” otelinin vestibülündə çəkilmiş video-kadrlarını yayımlayıb.

“Rustavi-2”-nin məlumatına görə, Xuçiyev Tbilisi və Batumidə olub, bir neçə “tam məxfi” görüş keçirib. Tele-şirkət bu görüşlər haqda daha ətraflı məlumat əldə edə və Ramzan Kadırovun yaxın ətrafına daxil olan şəxsin səfərinin rəsmi, ya şəxsi xarakterli olduğunu aydınlaşdıra bilməyib.

Xuçiyev iki gün Batumidə “Hilton” otelində qalıb. Acariya hökumətindən “Rustavi-2” jurnalistlərinə bildiriblər ki, onlarda bu səfər haqda heç bir məlumat yoxdur. Çəkiliş qrupu otelin vestibülündə Xuçiyevin özünə sual verməyə cəhd edib, amma onun mühafizəçiləri aqressiv şəkildə jurnalistlərin sözünü kəsib və çəkilişi dayandırmağı tələb ediblər.

Xuçiyevin həqiqətən də Gürcüstanda olduğu ilə bağlı informasiyanı Qroznı meriyasının mətbuat mərkəzi də təsdiqləyib. Bunla belə “Rustavi-2”-yə bu faktı “yaymaqdan çəkinməyi” tövsiyə ediblər, səfərin məqsədini də aydınlaşdırmayıblar.

“Heç bir məqsəd yoxdur, bəlkə adam müalicəyə, ya da kiməsə qonaq gəlib. Bilin ki, o, rəsmi səfər etməyib, xəbəri yaymamağınız məsləhətdir, çünki adam məzuniyyətdədir və dincəlmək istəyir. Bilmirəm nə zaman çatıb və nə qədər vaxtdır oradadır, əgər bilsəydim də, əlbəttə ki, deməzdim”, – Qroznı meriyasının kargüzarlıq departamentinin rəhbəri “Rustavi-2” ilə telefon danışığında bildirib.

Jurnalistlər qeyd edirlər ki, Xuçiyevlə müsahibə ilə bağlı mətbuat mərkəzi ilə razılığa gəliblər, amma sonradan onlara bildiriblər ki, Qroznı meri “səfərini yarıda kəsməyə məcbur olub və Gürcüstanı tərk edib”, – “Exo Kavkaza” xəbər verir.

Xuçiyevin səfəri ilə bağlı hazırlanmış süjetdə tele-şirkət Ramzan Kadırovun az əvvəlki bəyanatını xatırladıb. “Biz indi bilirik, bizdə bir neçə şeytan haqda məlumat var, onları Çeçenistanda terror aktı törətməyə göndəriblər və onlar artıq Gürcüstana çatıb”, – Kadırov dekabrın 24-də NTV telekanalına müsahibəsində bildirib.

Tele-şirkət onu da qeyd edib ki, bu yaxınlarda Gürcüstanda terrora qarşı xüsusi əməliyyat keçirilib və bu əməliyyatda Çeçenistandan olan, İstanbul aeroportunda terror aktı törətməkdə ittiham edilən Ahmed Çatayev öldürülüb.


More on JAMnews