Cəmiyyət hakimiyyəti isteblişmentə aid cinayətkarların cəzasız qalmasında günahlandırır " />

Qızın zorlanması və bacısının qətli Abxaziyada etiraz dalğasına səbəb oldu

Cəmiyyət hakimiyyəti isteblişmentə aid cinayətkarların cəzasız qalmasında günahlandırır

Yetkinlik yaşına çatmayan qızın zorlanması (bu məsələdə Abxaziyada məşhur ailənin nümayəndəsi şübhəli bilinir) və bundan sonra həmin qızın bacısının qətlə yetirilməsi Abxaziya cəmiyyətini şoka salıb və kriminalın cəzasızlığına qarşı açıq ictimai etirazına səbəb olub.

Zorlanmada ittiham prezident mühafizəsinin işçisi olan Astamur Copuaya irəli sürülüb. İlkin məlumata görə, o Caqmaziya ailəsinin evinə çox içkili vəziyyətdə gəlib və silahla hədələyərək autizmdən əziyyət çəkən 14 yaşlı Liananı güclə evdən aparıb. O, qızı Eşera kəndinə dağılmış idmal bazası ərazisinə aparıb, onu silahdan atəş açmaqla qorxudub və zorlayıb.

Bundan bir qədər sonra Suxumun qırağında Liananın bacısı, Astamur Copuanın tanışı olan iyirmi iki yaşlı Anjela Caqmaziya güllələnib. Qətli törətməkdə qızların atası Ruslan Caqmaziya şübhəli bilinir. O, axtarışa verilib.

Bütün bu, onsuz da dəhşətli olan hadisənin başqa bir konteksti də var. Astamur Copua Abxaziyanın yüksək isteblişmentinə aiddir: qardaşı Almas parlament deputatı, “Aynar” partiyasının üzvüdür; atasının bacısı Tali Copua dövlət tələradio şirkətinə başçılıq edir. Talinin əri daxili işlər naziri Aslan Kobaxiyadır.

Astamur Copua özü hakimiyyətə təslim olub, amma qəti şəkildə hər hansı günahını etiraf etməkdən imtina edir. Eyni zamanda da ifadə verməkdən boyun qaçırır. Cəmiyyətdə hakimiyyət qurumlarının kriminal vəziyyəti düzəldə bilməməsi və bir çox hallarda cinayətkarların günahını ört-basdır etməsi barədə söhbətlər artır.

“Hüquq-mühafizə sistemində mütləq islahatlar aparmaq lazımdır. O, özünün tam tutarsızlığını nümayiş etdirib, – Abxaziyanın Humanitar Proqramlar Mərkəzinin direktoru Arda İnal-Apa deyir. – Çox vaxt qeyri-obyektiv araşdırma aparılır, hansısa ifadələr kənara atılır. Hakimiyyət nümayəndələri və onların yaxınlarının ayrı-ayrı ifadələri nəzərə alınmadan, məsuliyyətdən azad edilməsi halları var. Düşünürəm ki, komissiyaya peşəkar insanlar daxil olmalıdır, onların da materiallarla tanış olmaq, parlament qarşısında suallar qoymaq hüququ olmalıdır”.

Konkret olaraq bu dəfə Astamurun nüfuzlu qohumları onun günahını ört-basdır etməyə çalışmır. Tali Copua istefa verib. Yoldaşı, daxili işlər naziri artıq on gündən çox sürən məzuniyyətini dayandırmamaq qərarına gəlib. Müttəhimin qardaşı, deputat Almas Copua özünün sosial şəbəkədəki səhifəsində bəyanat yerləşdirərək bildirib ki, “son bir neçə gün mənim və ailəm üçün bütün ömrümüz boyu ən ağır günlər oldu… Sosial statusundan, milliyyətindən və qohumluq əlaqələrindən asılı olmayaraq, uşağa qarşı cinayət törədən kəs mövcüd olan cəzaların ən ağırını almalıdır”.

Müxtəlif ictimai təşkilatları təmsil edən qadınlar qrupu parlamentə sosial müraciətlə çıxış ediblər, bazar ertəsi, iyunun 19-da isə parlament deputatlarıyla görüşüblər.

“Cinayətkarların cəzasızlığı elə bir səviyyəyə çatıb ki, dövlətçiliyimiz dağılmaq təhlükəsi ilə üzləşib. Yetkinlik yaşına çatmayan qızın zorlanması və onun böyük bacısının qətli də cəzasız qalsa, cəmiyyətimizin dağılması prosesinin qarşısını almaq artıq mümkün olmayacaq. Xahiş edirik ki, parlament… ictimaiyyət nümayəndələrinin iştirakı ilə araşdırmalara ciddi nəzarət üçün komissiya yaratsın və ictimaiyyətin bu məsələlərin həlli üzrə işin gedişatı haqqında müntəzəm məlumatlandırılmasını təmin etsin”, – müraciətdə deyilir.

İyunun 19-da bu iki cinayətlə bağlı bəyanatla Abxaziya prezidenti Raul Xadjimba çıxış edib və bildirib ki: “Heç bir bağışlama, heç bir bəraətdən söhbət gedə bilməz! Heç kimdə fikir yaranmasın ki, burada kimsə kimisə müdafiə etməyə çalışır”.

Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər

More on JAMnews