Los-Ancelesdə "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimi baş tutub" />

Hollivud ulduzları seksual taciz qurbanı olmuş qadınlarla həmrəylik əlaməti olaraq qara geyiniblər

Los-Ancelesdə "Qızıl Qlobus" mükafatının təqdimetmə mərasimi baş tutub

Los-Ancelesdə “Qızıl Qlobus” mükafatının təqdimetmə mərasimi baş tutub. Mükafat Amerika kino industriyasının ən önəmli mükafatlarından biri sayılır. Bu mükafatı Hollivudun Xarici Mətbuat Assosiasiyası təqdim edir.
İngiltərə rejissoru Martin Makdonahın “Ebbinqin sərhədi, Missuridə üç bilbord” filmi eyni zamanda bir neçə nominasiyada qalib olub. “Qızıl Qlobus”un ən nüfuzlu – ən yaxşı drammatik film mükafatını da bu film qazanıb.
Rusiyalı rejissor Andrey Zvyaqintsevin ən yaxşı xarici film adına namizəd olan “Sevgidən qeyri” filmi “Son həddə” alman filmindən geri qalıb.
Mərasimdə iştirak edən aktrisiların əksəriyyəti qara geyinib. Bununla onlar nə zamansa seksual taciz qurbanı olmuş qadınlarla həmrəylik nümayiş etdiriblər.
Televiziya aparıcısı Opra Uinfri Los-Ancelesdə mərasimin keçirildiyi otelin səhnəsində çıxış edərək, məruz qaldıqları seksual taciz haqda danışmaq qərarına gələn qadınlara minnətdarlıq bildirib. Bu haqda CNN xəbər verir.
Amerika KİV-də son bir neçə ay ərzində müzakirə olunan əsas mövzulardan biri seksual taciz problemidir. Kino industriyasının ən nəhəng xadimlərindən eyni zamanda bir neçəsi bu ittihamlara görə çoxmilyonluq layihələrindən və reputasiyalarından məhrum olub.
Onlarla aktrisa tərəfindən seksual tacizdə ittiham olunandan sonra məşhur Hollivud prodüseri Harvi Vaynşteyn öz şəxsi şirkətindən qovulub. “Kart ev” populyar serialında baş rolu ifa edən Kevin Speysi 15 gənc onun tərəfindən tacizə uğradığını bildirəndən sonra “Emmi” mükafatından məhrum edilib. Aktyorun homoseksual olduğunu etiraf etməsi vəziyyəti bir qədər yumşaltsa da, onu “Kart ev” serialının sahibi Netflix servisi ilə müqavilənin pozulmasından xilas edə bilməyib.
Metoo – seksual taciz qurbanı olmuş qadınlara qlobal dəstək aksiyasının adı olan bu kəlmə 2017-ci ilin ən populyar sözü olub.

More on JAMnews