Qiyas İbrahimova polis xəbərdarlıq edib ki, onu prezidentin “fanatlarından” qoruya bilməyəcəklər
Foto: Voice of America
Çoxu jurnalistlərdən ibarət olan otuza yaxın insan gənc fəal Qiyas İbrahimovun “profilaktik söhbət” üçün gətirildiyi Bakı Baş Polis İdarəsinin qarşısına toplaşıb. Toplaşanlar Qiyasın da bu günlərdə 30 sutka inzibati cəza alan əqidə yoldaşı Bayram Məmmədov kimi saxlanılıb-saxlanılmayacağı ilə bağlı ehtimallar üzərində düşünüblər.
• Bayram Məmmədov deyir ki, ona işgəncə verilib
• İşgəncə, oğurlanma, saxta işlər – Gürcüstanın keçmiş prokurorunun etirafları
Qiyas İbrahimov kimdir?
2016-cı ildə gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimov narkotik alveri ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həbslərindən bir gün öncə onlar Azərbaycanın eks-prezidenti və hazırkı prezidentin atası Heydər Əliyevin heykəlinin postamentinə hakimiyyət əleyhinə şüar yazmıblar. Amnesty International onları vicdan məhbusu olaraq tanıyıb. Azərbaycanda isə onları “heykəl məhbusu” adlandırırlar.
2019-cu il martın 16-da Qiyas və Bayram prezidentin əfv fərmanı əsasında 50 nəfəri siyasi məhbus olmaqla 399 nəfərlə birlikdə azad edilib.
Martın 30-da Bayram yenidən saxlanılıb və polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.
Qiyasın başına nə gəlib?
Aprelin 3-ü səhər saatlarında Qiyas İbrahimova bir neçə dəfə zəng vuraraq Bakı Baş Polis İdarəsinə gəlməsini tələb ediblər. Amma fəal rəsmi qaydada bildiriş göndərilməsini xahiş edərək, qeyri-rəsmi tələbə əməl etməkdən boyun qaçırıb.
Daha sonra polis əməkdaşları onun evinə gəlib, gənc fəalı aparmaq istəyiblər, amma o yenə də getməkdən imtina edib. Polislər gedib və bir neçə saat sonra əllərində rəsmi çağırışla qayıdıblar. Amma bu səfər də çağırış səbəbi sənəddə göstərilməyib.
Qiyas jurnalistlərin müşayiəti ilə baş idarəyə gedib.
Sosial şəbəkələrdə gedən canlı yayım sayəsində Qiyas baş verənlər haqda danışıb və məsələ qısa müddətdə böyük səs-küy doğurub. Daxili İşlər Nazirliyi BBC-nin Azərbaycan xidmətinə bildirib ki, Qiyasla söhbət edəndən sonra evə buraxacaqlar. Nazirlik nümayəndəsinin sözlərinə görə, bu, standart prosedurdur – bütün prezident fərmanı ilə əfv olunanları bu cür söhbətlər üçün çağırırlar.
Qiyas saat yarımdan sonra polis idarəsindən çıxıb. Onun sözlərinə görə, çağırılmasının səbəbi Bayramın müdafiəsinə yazdığı son statusu olub, polislər bu statusda onun prezidenti təhqir etdiyi qənaətinə gəliblər. Qiyas israrla bildirib ki, statusu prezidentə ünvanlı olmayıb, “Əliyev” soyadı isə Azərbaycanda ən çox yayılmış soyadlardan biridir.
Nəticədə prezidentin “fanatları” küçədə onun qarşısını kəsərək, haqq-hesab çəkmək istəsələr, polisin onu müdafiə edə bilməyəcəyi ilə bağlı ona xəbərdarlıq edərək buraxıblar.