Hərbi xronika, hekayələr, portretlər" />

Qarabağ müharibəsi: sənədli filmlər nədən bəhs edir?

Hərbi xronika, hekayələr, portretlər

“Evdən evə” filminin çəkilişləri, Cünaşox, Ermənistan, 2008-ci il. Fotolarda: filmin müəllifi Seda Muradyan və həmrejissoru Arsen Qasparyan. Seda Muradyanın arxivindən.

Dağlıq Qarabağ müharibəsinin (1991-1994) elə ilk illərindən ən qaynar nöqtələr və döyüş meydanları erməni dokumentalistlərinin diqqət mərkəzində olub.

Onlar döyüşləri, məcburi köçü, bir sözlə müharibəni kamera yaddaşına köçürürdülər.

Kino tənqidçiləri Ruben Gevorqyantsın “Artsax gündəliyi” film silsiləsini (1993 və 1995), həmçinin Vrej Petrosyanın “Sonsuz davam edən tənəffüs” (1996) və “Missiya – yaşamaq” (2011), Qaqik Harutunyanın “Kişi və çörək” (2001), Nikolay Davtyanın “Uzadılmış kanat”, “Deyirlər ki, guya…”, Karen Gevorqyanın “Bizim xaçımız” (1998), “Yolayrımı” (1998), “Şərhsiz müharibə” (2004) və Vardan Hovannisyanın “Müharibə və sülh günlərində insan hekayələri” (2007) filmlərini qeyd edirlər.

Kino-operator, rejissor Şarvaş Vardanyan hərbi xronikanın zəngin irsini yaradıb, onun sayəsində bu gün Qarabağ müharibəsi haqda 1200 saatlıq sənədli video-material var. O, demək olar ki, bütün qaynar nöqtələrdə çalışıb, işini gördüyü zaman bir neçə dəfə yaralanıb, amma müharibənin sonuna qədər cəhbədə çəkilişlərə davam edib.

“Bizim sənədli kinomuz ilk növbədə faktları, cəbhədə baş verənləri canlı tarix kimi qeydə alırdı. İkinci aspekt erməni döyüşçülərinin rəqibi məhv edən zaman göstərdikləri qəhrəmanlığı və vətənpərvərliyi əks etdirir. Tamaşaçılarda bu cür filmlər qürur, qəhrəmanların əməllərinə heyranlıq hissi doğurur, digər tərəfdən isə itkilər və qurbanlara görə ağrı hissi yaradır”, – kinoşünas, Yerevan Dövlət Teatr və Kino İnstitutunun  dosenti Siranuyş Qalstyan deyir.

Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ arasında atəşkəs rejimi bərqərar olandan sonra (1994) erməni sənədli kinosu son zamanlar Azərbaycan-Ermənistan sərhədində yaşayan insanların həyatına müraciət edir, onların şəxsi hekayələrini işıqlandırır. Məhz bu dövrdə bir sıra müştərək Ermənistan-Azərbaycan filmləri ərsəyə gəlib.

Tiqran Paskeviçyan, dokumentalist

Son 20 ildə dokumentalist Tiqran Paskeviçyan Qarabağ münaqişəsinə həsr olunmuş 4 film çəkib. Onlardan üçü – “O uzaq qonşu kənddə”, “Müharibədən sonra müharibə” və “Müharibə əsirləri” – Ermənistan-Azərbaycan müştərək filmləridir.

Ermənistanın Aygepar və Azərbaycanın Əlibəyli kəndləri qarşı-qarşıya yerləşir. Ermənistan-Azərbaycan sərhədi bu kəndlər arasında şəffafdır, hər gün səhərdən axşamacan iki kəndin sakinləri bir-birinin gündəlik həyatını müşahidə edir. 2006-cı ildə çəkilmiş “O uzaq qonşu kənddə” filmi məhz bu iki kənddən, bu kəndlərin sakinlərinin hazırkı həyatı və keçmişlə bağlı xatirələrindən bəhs edir. Filmin rejissoru Ara Şirinyandır.

Filmin qəhrəmanları münaqişəyə qədər erməni və azərbaycanlıların yanaşı həyatı, dostluq etməsi, toyları birlikdə keçirməsi, birlikdə işləməsi, bir-birinə yardım etməsi haqda danışırlar. Hətta müharibədən sonra da onlar yaxşı, xoş xatirələri qoruyub saxlayıblar.

“Bizim evimiz azərbaycanlıların atəşləri və tank zərbələri ilə dağılmış, yerlə bir olmuşdu, amma müharibədən əvvəl bizim evimizi məhz azərbaycanlılar tikmişdi, ərim isə onların evi üçün darvaza və qapı düzəltmişdi. Biz çox yaxın idik, dostluq edirdik… Mən indiyə qədər qarşı kənddə hansı evdə kimin yaşadığını adbaad xatərlayıram”, – filmdə Aygepar kəndinin sakinlərindən biri danışır.

Kəndin digər sakini qarşılıqlı etibar və dostluq sayəsində azərbaycanlılardan ərzağı nisyə aldığını yada salır.

“Bu film göstərir ki, sadə xalq arasında, adi insanlar arasında müharibə yoxdur, münaqişə yoxdur, bu münaqişə daha yüksəkdədir, beynəlxalq aləmin, nəhəng ölkələrin marağındadır”, – filmin ssenari müəllifi Tiqran Paskeviçyan deyir və əlavə edir ki, film həm Azərbaycanda, həm də Ermənistanda nümayiş olunub.

2007-ci ildə növbəti müştərək film – sərhəddə atışma və mina partlayışından zərər çəkən Ermənistan və Azərbaycan sakinlərindən bəhs edən “Müharibədən sonra müharibə” filmi çəkilib. “Müharibə əsirləri” sənədli filmi isə həm Ermənistan, həm də Azərbaycandakı əsirlik həyatı yaşamış insanların dramatik hekayələrini üzə çıxarır.

“Bu üç filmdə paralellik prinsipi çox vacibdir. Azərbaycanlı həmkarlarla iş prosesi çox rahat keçirdi, münaqqişə yaşanmırdı. Mən bircə dəfə də olsun azərbaycanlı həmkarların səmimiyyətinə şübhə etmədim, filmlərin heç birində təbliğatın ağır damğası yoxdur”, – Paskeviçyan deyir. – “Mən ümumiyyətlə qarşı tərəfə həmişə çox adekvat yanaşmışam. Bu münaqişə insanlar arasındakı, kəndlər və ya xalqlar arasında müharibə deyil. Müştərək filmlərin çəkilişləri zamanı bizim komandalar üçün ən vacibi insanlar idi, bizim hər birimiz həmişə öz subyektivliyimizi bir kənara qoyurduq”.

“Evdən evə” filminin posteri

2008-ci ildə çəkilmiş “Evdən evə” filmi humanist münasibətləri və insani dəyərləri uca tutan iki icmadan bəhs edir. Filmin ssenari müəllifi və həmrejissoru jurnalist Seda Muradyandır.

“Evdən evə” Sumqayıt iğtişaşlarından sonra Azərbaycandan Ermənistana köçən ermənilər və Ermənistandan Azərbaycana köçən azərbaycanlılar haqdadır. Bu insanlar könüllü şəkildə kəndlərini dəyişib və bir-birlərinə söz veriblər ki, kənd məzarlıqlarını qoruyacaqlar.

Əsas qayəsi məhz bu vəddən ibarət olan bu film Ermənistanın Cünaşox  (keçmiş Qızıl Şəfəq) və Azərbaycanın Kərkənc kəndlərinin sakinlərinin hələ də azərbaycanlı və erməni məzarlıqlarını qoruyub saxladıqlarını nümayiş etdirir.

“Bu, çox səmimi filmdir, xalq diplomatiyasının qalib gəldiyini göstərir. İki kəndin sakinləri öz diplomatiyası ilə qalib gəlir və problemlərinin daha əlverişli, daha doğru həllini tapa bilirlər”, – filmin həmrejissoru Arsen Qasparyan deyir.

“Mən ümuminsani dəyərlərin daşıyıcıları olan insanlar haqda danışmaq istəyirdim. Bu film hər gün həsrətlə mübarizə aparan, amma bununla belə insani dəyərləri və verilən sözü uca tutan insanlar haqda niskilli hekayədir”, – Seda Muradyan deyir.

Arsen Qasparyan, “Evdən evə” filminin rejissoru

Rejissor ermənilərlə azərbaycanlılar arasında barışıq nöqtələrinin tapılması üçün bu cür filmlərə həddən artıq ehtiyac olduğunu vurğulayır.

Bu filmin nümayişi sayəsində azərbaycanlı və erməni kəndirinin sakinləri öz doğmalrının sərhədin o tayında qalan qəbirlərini bir daha görə bildilər və onların qorunub saxlandığına əmin oldular.

Kinoşünas Siranuyş Qalstyanın sözlərinə görə, ermənilərin və azərbaycanlıların bir-birinə verdiyi bu vəd insani dəyərlərin ifadəsinin unikal nümunəsi olduğu üçün bu haqda sənədli film çəkməyə dəyərdi.

“Burada ermənilərin və azərbaycanlıların bir-birinə qarşı insanlıqlarını qoruduqları önəmlidir, məzarları qoruyacaqlarına və qayğılarına qalacaqlarına söz verdilər və sözlərinin üstündə də dururlar. Axı qəbirlərin dağıdılması vandallıqdır, dindən və siyasi baxışlarından asılı olmayaraq”, – kinoşünas deyir.

“Sərhədsiz xatirələr” filminin posteri

Erməni, azərbaycanlı və türk rejissorun müştərək çəkdiyi “Sərhədsiz xatirələr” filmində regiondakı münaqişələr, bağlı sərhədlər, tarixi keçmiş, bugün və şəxsiyyətin müəyyən edilməsi haqda danışılır.

Dörd hissədən ibarət olan bu film 2012-ci ildə Media Təşəbbüslər Mərkəzinin təşəbbüsü ilə çəkilib. Filmdə insan hekəyələri və səmimi söhbətlər qəhrəmanların  şəxsi həyatına, əcdadlarına, Ermənistan, Azərbaycan və Türkiyənin müxtəlif tarixi mərhələlərinə aid arxiv kadrları və fotolarla çuğlaşır.

Rejissor Mehmet Bina tərəfindən çəkilmiş filmin birinci hissəsi – “İtirilmiş və tapılmış” Türkiyədə yaşayan öz şəxsiyyətinin fərqinə varmış, erməni olduğunu öyrənmiş, amma bunu cəmiyyətdən gizlədən kripto-erməninin hekayəsini əks etdirir. Rejissoru Levon Kalantar, müəllifi isə Harutyun Mansuryan olan filmin ikinci hissəsi – “Avetis” (erməni dilindən tərcümədə “Xoş xəbər”) Fransada yaşayan, sonra isə Qarabağın Şuşi şəhərinə köçən və orada övladları dünyaya gələn erməni ailəsi haqdadır.

“Bu dörd hissəli filmdə münaqişə haqda analiz və hekayələr yoxdur. Burada öz hekayələrini danışan insanlar keçmişə və bugünə münasibətini bildirir. Bu dörd hekayə şəxsiyyətin tapılmasına və sərhədlərin müəyyən edilməsinə aparır”, – dördüncü filmin müəllifi olan Media Təşəbbüsləri Mərkəzinin inkişaf üzrə prodüseri Armen Sarqsyan deyir.

Armen Sarqsyan, Media Təşəbbüsləri Mərkəzinin inkişaf üzrə prodüseri, “Sərhədsiz xatirələr” filminin dördüncü hissəsinin müəllifi

“Sərhədsiz xatirələr” filminin üçüncü hissəsi – “Kabuslar teatrı”nın rejissoru Ayaz Salayevdir. Bu, Yerevanda doğulub-böyüyən, Yerevan Azərbaycan Dövlət Dram Teatrında işləyən aktrisa Elmira Məhərrəm qızı İsmayılovanın həyatından bəhs edən hekayədir.

Yerevanda keçirdiyi illəri həsrətlə xatırlayan zaman kamera aktrisanın dolmuş gözlərinə zillənib.

“Bizim Ermənistandakı son tamaşamızdan sonra tamaşaçılar səhnəyə qalxdılar. Onlardan birinin əlində saz vardı, biz də ondan xahiş elədik ki, nəsə çalsın. O, bizim hamımızın bildiyi mahnını çaldı – “Bəlkə bu ellərə bir də gəlmədim”. Bütün truppa ağlayırdı… Heç kim sürgündə vətən həsrətilə yaşamaq istəmir”, – azərbaycanlı aktrisa filmdə danışır.

“Sərhədsiz xatirələr” filminin dördüncü hissəsi – “Ağ qonşular”ın rejissoru Levon Kalantar, müəllifi isə Armen Sarqsyandır. Film Ermənistanın Qoris şəhərində yaşayan, Qarabağ müharibəsi zamanı silah istehsal edən, indi isə erməni-türk şahmatı yaratmış bir ermənidən bəhs edir. Usta Miqran Mirumyanın düzəltdiyi şahmatın fiqurları erməni və türk hərbi rəhəbərlərini və siyasi xadimlərini əks etdirir.

Filmin qəhrəmanı şahmat müstəvisi və döyüş meydanı arasında paralellər aparır. Onun sözlərinə görə, şahmatda olduğu kimi müharibədə də istənilən piyadanın atdığı addımlar və buraxdığı səhvlər həlledici ola bilər.

“Mən heç vaxt silah hazırlamaqla məşğul olmaq istəməzdim, qoy yer üzündə həmişə sülh olsun”, – Miqran Mirumyan filmdə deyir və əlavə edir ki, “qonşularla ümumi dil tapmaq, dostluq etmək lazımdır, ya da gərək evi satıb, gedəsən. Sərhəd nədi axı, kim yaradıb bu sərhədləri?”

Xronologiya və real insan həyatlarından yaradılmış filmlərdən başqa erməni dokumentalistlər müharibədə həlak olmuş döyüşçülər haqda portret filmlər də çəkiblər. Bu filmlərin sırasında bunların adlarını çəkmək olar: Ruben Gevorqyantsın “Bizim Komandos” (2000), Arsen Qasparyanın “Fasiləsiz uçuş” (2004), Anna Babayanın “Hələ görüşəcəyik, uşaqlar” (2010), Qaqik Stepanyanın “Şən, kədərli, belə şeylər” (2015) filmləri.

Tiqran Xzmalyan, “Qəlpə” filminin rejissoru

Kino-rejissor Tiqran Xzmalyanın “Qəlpə” sənədli filmi Qarabağ müharibəsi zamanı 1994-cü ildə Şuşi batalyonunun döyüşçülərindən bəhs edir.

Filmin epizodları müharibə zamanı gündəlik həyatı əks etdirir: döyüşçülər ratsiya ilə komandirlə əlaqə saxlayır, əmrləri yerinə yetirir, mütəmadi olaraq atəş səsləri eşidilir, amma hamı çox sakit, səssizcə dərin fikirlərə dalır. Bütün bunlar əsgərlərin öz aralarında elədikləri söhbətlərdən və zarafatlardan parçalarla növbələşir.

Son epizodda hospitalda yaralı əsgərlərin əməliyyat səhnəsi yer alıb. Yaralı döyüşçülərdən birinin bədənindən mərmi qəlpələri çıxarılır. Filmin adı da elə buradan yaranıb. Tiqran Xzmalyanın sözlərinə görə, “qəlpə” filmdə həm də alleqorik məna daşıyır.

“Mən müharibənin idbar, qanlı, irinli nəticələrini göstərmək istəyirdim. Biz hamımız içimizdə müharibənin qəlpələrini daşıyırıq. Hətta əməliyyat zamanı onlar bədəndən çıxarılsa da, yenə də müharibənin qəlpəsi adamın içində qalır. Bu, müharibənin hər birimizin içində buraxdığı tikandır – həm ermənilərdə, həm azərbaycanlılarda, qadınlarda və kişilərdə, sağ qalanlarda və ölənlərdə, o var və biz yaşadığımız müddətcə olacaq”, – Xzmalyan deyir.

Kino-rejissor Qarabağ müharibəsində şəxsən iştirak edib və 1992-1994-cü illərdə Ermənistanın “A1+” televiziyasının, Rusiyanın “Vesti” proqramının və “BBC” beynəlxalq media orqanının müxbiri olub.

Onun 33 dəqiqəlik “Qəlpə” filmi ilk dəfə 2010-cu ildə göstərilib.

“Filmin kadrlarında müharibə zamanı şəxsən tanıdığım uşaqları gördüm, onlardan çoxu artıq həyatda yoxdur. Mən özünm müharibədə üç dostumu itirmişəm və mənim üçün sənədli film çəkmək yetərincə çətin idi. Bu filmin montajından sonra anladım ki, mən özüm də müharibə qəlpəsini içimdə daşıyıram, buna qədər mənə müharibə haqda danışmağa mane olan da elə məhz bu nəsnə idi”, – Xzmalyan danışır.

Kino-rejissor vurğulayıb ki, “Qəlpə” filmi azərbaycanlı tamaşaçıda da, vyetnamlıda da, afrikalıda da empatiya doğura bilər.

“Ən başından məndə düşmənçilik və nifrət hissi yoxdur, əlbəttə ki, filmdə bu heç əks oluna bilməzdi də. Mən bilərəkdən düşmənin qeyri-humanist kimi görünməsinə və qəbul olunmasına, özümüzünkülərin isə supermenə çevrilməsinə, onların yüksəldilməsi, müqəddəsləşdirilməsinə səbəb ola biləcək bütün hissələri çıxardım. Buna ehtiyac yox idi, mən insanı, ölümü və müharibədə yaşamı göstərmək istəyirdim”, – Xzmalyan deyir.

Bu gün, müharibədən 25 il sonra dokumentalistlər ümid edirlər ki, insana fokuslanmış filmlərin nümayişi erməni və azərbaycanlı cəmiyyətlərində münaqişənin dərkinə müsbət dəyişikliklər gətirə, barışıq və sülh nöqtələri yarada, “düşmən” obrazını qarşı tərəfin nəzərində insaniləşdirə bilər.

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

More on JAMnews