Yenidən dəfn edilmiş qalıqların Hacı Murada aid olmasının heç bir sübutu yoxdur " />

Qalmaqallı “dəfn”: güman edilir ki, əfsanəvi sərkərdənin nəşi Azərbaycandan oğurlanıb və Dağıstanda yenidən dəfn olunub

Yenidən dəfn edilmiş qalıqların Hacı Murada aid olmasının heç bir sübutu yoxdur

İyunun 2-də Dağıstanda [Rusiya Federasiyasının tərkibində muxtar respublika] baş tutmuş dəfn mərasimi ajiotaja səbəb olub – şübhə var ki, orada əfsanəvi sərkərdə Hacı Muradın Azərbaycandan oğurlanmış qalıqları yenidən dəfn edilib. Bu barədə «Molodyoj Dagestana» qəzeti yazır.

• Azərbaycanda saxlamalı, yaxud Dağıstana aparmalı – Hacı Muradın qalıqları ətrafında mübahisələr

• «Sovetski» – Bakının yoxa çıxmış məhəlləsi

Hacı Murad Dağıstanda anadan olub, nəşi Azərbaycanda dəfn olunub, kəlləsi isə Sankt-Peterburqda saxlanılır. Sərkərdənin harada yenidən dəfn edilməsi barədə məsələ 10 ilə yaxındır ki, həll olunur.

Hacı Murad Avarski (təxminən 1818-1852-ci illər) – Şimali Qafqaz sərkərdəsi və qəhrəmanıdır, Qafqaz dağlılarının Rusiya İmperiyasına qarşı mübarizəsinin iştirakçısıdır. Lev Tolstoyun eyniadlı povestinin personajıdır.

Hacı Murad Azərbaycanın şimalında – Qax rayonunda öldürülüb. Onun cəsədi elə oradaca dəfn edilib, başı isə hərbi trofey kimi Rusiyaya aparılıb. Hazırda kəllə Peterburqdakı Antropologiya və Etnoqrafiya Muzeyində saxlanılır.

Harada dəfn etməli?

On ilə yaxındır ki, “Lev Tolstoyun irsi və Dağıstan” ictimai komitəsi və Hacı Muradın varisləri Hacı Muradın qalıqlarının yenidən birləşdirilməsinə nail olmağa çalışırdılar. 2018-ci ilin əvvəllərində Rusiya onun kəlləsini dəfn edilmək üçün geri verməyə razılıq verib. Doğrudur, bunun nə vaxt baş verəcəyi hələlik məlum deyil. Rusiya prezidenti administrasiyasının nümayəndəsinin sözlərinə görə, bu, “daxili siyasi vəziyyət”dən asılı olacaq.

• Azərbaycansayağı dəfn

Lakin başqa bir məsələ – qalıqların dəfninin harada keçiriləcəyi açıq qalıb.

“Lev Tolstoyun irsi və Dağıstan” komitəsi qalıqların Azərbaycadan Dağıstana aparılmasını və orada kəllə ilə birlikdə dəfn edilməsini tələb edirdi.

Varislər isə qalıqlara toxunmamağı təklif edir, sadəcə. Kəllənin Azərbaycana gətirilərək, artıq mövcud olan qəbirə qoyulmasını istəyirdilər.

Azərbaycan tərəfi bu mübahisələrə qarışmır, lakin vəd etmişdi ki, nəsə baş verəcəyi təqdirdə yenidən dəfnə köməklik göstərəcək.

Qazılmış qəbir

Mayın 30-da Dağıstan sosial şəbəkələrində və mediasında xəbərlər yayıldı ki, Hacı Muradın qalıqları Dağıstanda – onun doğma kəndi olan Xunzaxda dəfn olunacaq. Mərasim iyunun 2-nə təyin edilmişdi. Jurnalistlər yazılarında “yenidən dəfn təşkilat komitəsinin sədri” Məhəmməd Əmirxanova istinad ediblər. Xunzax rayonunun administrasiyası bu məlumatı rəsmən təkzib edib.

Lakin iyunun 1-də Azərbaycanın Qax rayonunun sakinləri Hacı Muradın qəbrinin zədələndiyini bildiriblər. İyunun 2-də isə Xunzax kəndində dəfn mərasimi keçirilib. Mərasimin şahidi Əmir Əmirov “Molodyoj Dagestana” nəşrinə danışıb ki. mərasim qeyri-formal xarakter daşıyıb və ondan əvvəl yenidən dəfnin məqsədəuyğun olub-olmaması barədə uzun-uzadı müzakirələr aparılıb.

«Heç kim bu qalıqların naib Hacı Murada aid olmasına dair sübut göstərməyib. Hər şey kişi sözünün üstündə qurulub», – Əmirov bildirib.

«Molodyoj Dagestana»

Xunzax rayonunun administrasiyasında bir daha bildiriblər ki, söhbətin nədən getdiyindən anlayışları yoxdur:

«Xunzax kəndinin qəbiristanlığında hansısa yenidən dəfn mərasimi doğrudan da keçirilib, lakin dəfn edilmiş qalıqların naib Hacı Murada aid olması ilə bağlı sübut yoxdur. Rayonun rəsmi şəxslərindən heç kim orada iştirak etməyib. Yenidən dəfni həyata keçirmiş adamların da kim olması naməlumdur».

Təsdiqlənməmiş məlumatlara əsasən, qalıqlar dağıstanlı gənclər tərəfindən Azərbaycandan oğurlanıb. Lakin hələlik qalıqların Azərbaycandan yoxa çıxması və Dağıstanda məhz onların dəfn edilməsi barədə sübut yoxdur.

Azərbaycanda reaksiya

Azərbaycan hakimiyyəti heç vaxt Hacı Muradın qalıqlarının Dağıstana təhvil verilməsi məsələsində müqavimət göstərməyib. “Azərbaycan prezidenti kömək etməyə söz verib”, – yanvar ayında Rusiya parlamentinin deputatı, yenidən dəfn məsələsi ilə fəal məşğul olan Cəmaluddin Ömərov bildirmişdi.

Lakin indiki halda Azərbaycan heç bir icazə verməyib, çünki bunu heç kim istəməyib. Azərbaycan hakimiyyətinin rəsmi reaksiyası hələlik yoxdur. Qalıqların oğurlanması faktı isə mətbuatı və Qax rayonunun sakinlərini şoka salıb.

Hacı Muradın qəbrinin qismən dağıdılmasını Azərbaycan parlamentində Qax rayonunu təmsil edən deputat Azər Kərimli təsdiqləyib. Deputat virtualaz.org saytına bildirib ki. hazırda istintaq qrupu cəsədin qəbirdən yoxa çıxıb-çıxmamasını araşdırmağa cəhd edir.

Qax rayonu – Şimali Qafqaz milli azlıqlarının kompakt yaşadığı ərazidir. Ələlxüsus da, ləzgilərin və avarların. Hacı Murad da avar millətinə mənsub olub.


More on JAMnews