Bakıdan qaçqın düşüb, hazırda Martunidə yaşayan ailə ilə tanışlıq " />

BLOG: Qaçqın ailəsinin təşəkkülü

Bakıdan qaçqın düşüb, hazırda Martunidə yaşayan ailə ilə tanışlıq

Aqasyanlar ailəsi Martunidəki evlərinin qarşısında

Əvvəlki həyatla bağlı xatirələr. Evlilik, Qarabağ münaqişəsi, məcburi köçkünlük

Abrik və Aida Aqasyanların Martunidəki evlərinin yanına çatanda günün birinci yarısı idi, bir gün öncə zəngləşib, razılaşmışdıq.

Aqasyanların evinin yerləşdiyi yer “Rusin taxı” adlanır, hərfi tərcümədə “Rusların yeri” mənasını verir. Aqasyanların yaşadığı kiçik ikimərtəbəli ev digərlərindən heç nə ilə fərqlənmir və biz bu evi nömrəsindən rahatlıqla tapdıq. Ev sahibləri bizi mehribanlıqla qarşıladılar. Bəstəboy qadın olan Aida gülümsəyərək bizi evə dəvət etdi, içəridə oğlu Qriqori ilə gəlini Rita vardı. Bu zaman keçədən ev sahibi Abrik gəldi, bəstəboy, çal saçlı, yetmiş yaşlarında bir kişi. Tanış olduq. Özümü təqdim edib, gəlişimin məqsədini bildirdim. Hiss edirəm ki, Abrik bir az gərilib. Düşündüm ki, tələsmək lazım deyil, yəqin bir az sonra keçər. Nəticədə elə də oldu, haqlı çıxdım…

Qaçqınlar, məcburi köçkünlər… Bu kateqoriyadan olan insanlar bütün münaqişələr zamanı ortaya çıxır, təəssüf ki, bundan qaçış yoxdur. İnsan özü üçün yaşayır, ev tikir, ailə qurur, uşaqları olur, yaşa ki, yaşayasan. Amma bir anda hər şey məhv olur və oturaqlaşdığı məkanı tərk etməli, yaşayış yerini dəyişməli olur. Yeni yerə isə alışmaq, tanımadığın cəmiyyətə inteqrasiya etmək lazım gəlir və bütün bunlar böyüklərlə yanaşı uşaqlara da aiddir. Yaş çox olduqca gənclərə nisbətən problemlər daha çox olur, çünki gənclər daha çevik, daha ünsiyyətcildir, yeni şərtlərə alışmaq onlar üçün daha asandır. Amma gəlin, Aqasyanlar ailəsinə qayıdaq…

Aida nəvəsi Milena ilə
 Vaxt tapan kimi Aida quşları yemləyir
  Aqasanyanlar ailəsi ilə çay süfrəsi   
Artur və Arsenin idman mükafatlarının bir hissəsi

Aida Martuni rayonunun Muşkapat kəndində doğulub, 18 yaşı tamam olmamış yerlisi, Aqorti kəndindən olan, amma o zaman artıq Bakıda yaşayan Abrikə ərə gedib. Gənc ailə Əhmədli qəsəbəsində mənzillə təmin olunub. Əri Bakı Soyuducu Zavodunda çalışır, özü isə ev xanımı idi. Oğlanları Qriqori və Vladimir dünyaya gəlib. Hər şey yaxşı gedirdi. Uşaqlar böyüyüb, məktəbdə oxuyurdu, Aida da Nərimanov rayon pasport masasında işə düzəlmişdi. Qriqori sərbəst güləşlə məşğul olur, müxtəlif yarışlara qatılır, mükafatlar qazanırdı.  İllər keçir, həyatları qaydasında davam edir, hər şey yerli-yataqlı idi. Sonra isə “Sumqayıt” oldu. Bu şəhərdə baş verən faciəli hadisələr ermənilərin həyatını alt-üst etdi, onlar Bakıdan çıxıb getmək haqda düşünməyə başladılar. Aqasyanlar da istisna deyildi, 1988-ci ilin noyabrında onlar təyyarə ilə Yerevana yola düşdülər. Aqasyanlar digər ermənilər kimi üç gün aeroportda mühafizə altında qalmışdılar. Yaşayış şərtləri ağır idi… Ən sonda onların qonşusu milis Kamal onlara bilet almağa kömək edib və Aqasyanlar uça biliblər. İndiyə qədər ailə bu adamı xoş sözlərlə xatırlayır… O zaman qədər Qriqori artıq məktəbi bitirir, peşə məktəbində dərzilik oxuyur. Vladimir isə hələ məktəbli idi… Martuniyə Aqasyanların yanına gələnə qədər mən artıq öyrənmişdim ki, Aida 6 il kor babasına qulluq edib və o, bu ilin avqustunda dünyasını dəyişib…

Aida ilə söhbətləşməyə başladıq. Gəlini Rita şirniyyat süfrəsi rahlamağa başladı. Söhbət edərkən ətrafa boylandım: ev təmiz, rahat, yaxşı təmirlidir. Nəticədə öyrəndim ki, evi Qriqori təmir edib. Aidadan xahiş elədim ki, Bakıdakı, Martuniyə köçəndən sonrakı həyatları haqda, keşməkeşli müharibə illəri, müharibədən sonrakı illər haqda danışsın…  

“Bakıda pis yaşamırdıq. Qoşularımız müxtəlif millətlərdən idi: ermənilər, azərbaycanlılar, ruslar ləzgilər, tatarlar və sair. Bircə dəfə də olsun kiminsə arasında münaqişə yaşanmayıb. Bir qayda olaraq, bütün qonşular fəhlə mühitindən idi. Fəhlə adama da nə lazımdır – necə deyərlər, ailəsini dolandırmaqdan ötrü bir tikə çörəyini qazanmaq. Amma Sumqayıtdan sonra deyə bilmərəm ki, münasibətlər kəskin dəyişdi, amma bir qədər gərginləşdi. Birinci mərtəbədə bizim sahə müvəkkilimiz yaşayırdı və Bakıda narahatlıq başlayanda o dəfələrlə bizə demişdi ki, getməyin, hər şey normallaşacaq. Bizim evimizə heç kim hücum etməyib, faktiki olaraq bizi heç kim təhdid etməyib, amma qəlbimizdə artıq hər şey alt-üst olmuşdu və biz köçmək qərarına gəldik. Qarşımızda hara gedəcəyimizlə bağlı sual yox idi. Təbii ki, Dağlıq Qarabağa, ərimin də, mənim də doğulduğumuz Martuni rayonuna. İrəli gedərək deyim ki, 1989-cu ildə evləri dəyişəndən sonra biz yenə Bakıya getdik, evlərlə bağlı bütün hüquqi məsələləri həll etdik, bütün əşyalarımızı, “Moskviç-2140” maşınımızı çıxara bildik. Əşyalarımızı yükləyəndə qonşularımızdan heç kim bizə kömək etmədi, amma heç kim də mane olmadı, gərək düzünü deyəsən. Bəziləri yaxınlaşıb deyirdi ki, bəlkə biz fikrimizi dəyişib, qalaq…

Bakıdakı evimizi indi yaşadığımız bu evlə  dəyişdik. Bu evin sahibi Knyaz adlı azərbaycanlı idi. Biz hər şeyi sənədləşdirib, evləri rəsmi şəkildə dəyişdirdik. Bütün əşyalarımızı Martuniyə daşıya bildik, Knyaz da həmçinin, axırıncı iynəsinə qədər hər şeyini Bakıya daşıdı”.

Qarabağda həyat. Müharibə

“Müharibə vaxtı çox əzab çəkdik: Martuni və rayonun kəndləri həm yerdən, həm havadan atəşə tutulurdu. Bir dəfə təyyarə bombanı bostanımızın yanına atdı. Bu vaxt mən yağ əridirdim. Partlayış dalğası balkonu uçurdu, bütün şüşələr sındı, qapı yerindən qopub bu zaman evin içində olan Abrikin üstünə düşdü. Bu partlayışdan sonra uzun müddət özümə gələ bilmədim…

Faktiki olaraq ailəmizdən üç nəfər cəbhədə olub, amma Tanrıya şükür olsun ki, onlar sağ-salamatdırlar, yaralanmayıblar. Bizimkilər müharibədən sağ çıxdı, amma nə qədər insan həlak oldu, müsibət bir çox qarabağlı ailəsinin qapısını döydü – bu əsl faciə idi…”, – Aida kədərli səslə danışdı.

Elə bu vaxt Rita çay gətirdi, süfrədə artıq konfet, öz bağlarından dərilmiş meyvə vardı. Ləzzətli çayı içmək üçün süfrə arxasına keçdik. Ordan-burdan söhbət edir, bu gün haqda danışırdıq. Öyrəndim ki, Aida pensiyadadır, 40 min dram alır, Abrikin pensiyası isə 55 min dramdır (1 dollar – 481 dram). Həyətdə toyuq saxlayırlar, ev sahibinin iyirmiyə yaxın qoyunu da var. Necə deyərlər, yağ-bal içində yaşamasalar da, korluq da çəkmirlər. Yenidən söhbət onların Bakıdakı həyatına qayıdanda Abrik dedi ki, uzun müddət Ayaz Mütəllibov onun direktoru olub. Təəccübləndim. İzah etdi ki, Mütəllibovu daha sonra partiya işinə keçiriblər, o da karyera pillələri ilə yüksəlməyə başlayıb…

Bu yerdə qonşu Lyuda gəlib, Aidadan təzyiqini ölçməsini xahiş  etdi, o da qaçqındır…

Oğlu Qriqoru idmançı bədən quruluşlu cavan adamdır, divanda oturub, söhbətimizə qarışmırdı. Çay içəndən sonra onu söhbətə tutdum və xeyli maraqlı şey öyrəndim. 1989-cu ildə Qriqori Sovet ordusunda xidmətə çağırılıb, iki il əsgərlik çəkib. Demobilizasiyadan sonra Martuniyə gəlib, valideynləri və qardaşı artıq burada yaşayırdı. Qarabağda vəziyyət gərgin idi, bütün kişilər postlarda idi (Abrik də istisna deyildi), öz evlərini qoruyurdular. Növbəti gün Qrişa rayonun özünümüdafiə dəstəsinə yazılıb. Formanı bir də 1997-ci ildə çıxarıb. Həmin ərəfədə kiçik qardaşı Vladimir və atası Abrik də xidmət edirdi.

Hərbdən sonrakı həyat

Bakıda Qrişa “Spartak” idman cəmiyyətində sərbəst güləşlə məşğul olub, məşqçisi də Arkadi Qalstyanmış, mütəmadi olaraq İttifaq respublikalarına yarışlara gedirmiş, mükafatlar qazanırmış, “idman ustalığına namizəd” adına layiq görülüb. Müharibədən sonra bir neçə il Martunidə uşaqlara məşqçilik edib, sərbəst güləş üzrə seksiya aparıb. Sonra ailəsi ilə birlikdə daimi yaşamaq üçün Rusiyaya gedib, amma üç il sonra Martuniyə qayıdıb. Qriqorinin özünün dörd, qardaşı Vladimirin isə üç uşağı var.

Qriqoridən Bakıdakı həyatı, dostları, sinif yoldaşları, münaqişəyə münasibəti haqda öyrənmək maraqlı idi.

“Münaqişəyə münasibətlə bağlı suala birmənalı cavab vermək çətindir… Fikrim belədir ki, bu münaqişə güc, ya tez olmalı idi, o zaman artıq bunun əsasları vardı, Sumqayıt faciəsi isə təkan verdi. Qarabağa  köçdük, bu doğru addımdır, bura bizim vətənimizdir, amma problemlər yarandı. Yerli sakinlər bir-birini tanıyır, kim kimin nəvəsidir, kim hansı nəsildəndir bilir. Biz isə yerlilər üçün qaçqın sayılırıq. Amma bu doğru deyil, çünki biz hamımız qarabağlıyıq, biz hamımız erməniyik və bizi bölmək etik deyil. Müharibə zamanı çoxlu gənclərimiz həlak oldu, bu çox pisdir…”, – Qriqori sözünü bitirib uzun pauza elədi.

“Mən döyüşməli oldum, heç vaxt düşünmürdüm ki, oğlum da mənim yaşadıqlarımı görə bilər. Oğlum Arturu 2015-ci ildə həqiqi hərbi xidmətə çağırıblar. 2016-cı il aprelin 1-də dördgünlük aprel müharibəsi başlananda o, dostları ilə birlikdə Talış kəndində postda olub və hücum zamanı onların postu düşmənin hücumunun qarşısını ala bilib, buna görə də o və dostları döyüş mükafatları ilə təltif olunublar, oğlum isə əlavə olaraq “leytenant” zabit rütbəsinə layiq görülüb. İkinci oğlum Abrik də hazırda müdafiə ordusunda xidmət edir. Üçüncü oğlum Arsen Ermənistanda Olimpiya ehtiyatında dördüncü kursda oxuyur. əvvəlcə o, sərbəst güləşçi idi, sonra klassik, yunan-roma güləşinə keçdi və məşqçilərinin söylədiyinə görə, perspektivli idmançıdır…

Bakıdakı həyat, dostlar haqda nə demək olar?.. Dərzilik oxuyurdum, eyni zamanda Volodarski adına Bakı Tikiş Fabrikində işləmişəm. İşbaşı idi, pis qazanmırdım. Köçəndən sonra yenidən diplom üçün Bakıya gedəndə məlum oldu ki, yoldaşım Cəlal Cəlalov mənim təqaüdümü alıb, mən gələndən sonra pulumu mənə verdi. Peşə məktəbindən diplomumu da verdilər. Yolüstü uşaqlarla oturduq, sonra məni yola saldılar…” – Qriqori sözünü yekunlaşdırdı.

Qriqori və Ritanın üçüncü sinifdə oxuyan qızı Milena məktəbdən qayıtdı. Valideynləri dedilər ki, o, musiqi məktəbinə, vokal qrupuna gedir. Qızcığazdan mahnı oxumasını xahiş etdim. Əlbəttə ki, Rita qızının əynini dəyişib, gözəl paltar geyindirdi, qızcığaz da heç utanıb çəkinmədən rus dilində mahnı oxudu…

Oradan gedəndə Aqasyanlar bizi ötürmək üçün həyətə çıxdılar. Vidalaşma isti keçdi. Fikir verdim ki,  Abrikin qaşlarının düyünü artıq açılıb və o, vida üçün uzatdığım əli üzündə təbəssümlə sıxdı…

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır və International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

More on JAMnews