Məlumatı Robert Koçaryanın ofisinin rəhbəri və Rusiya prezidentinin mətbuat katibi təsdiqləyiblər, lakin görüşün təfərrüatlarını bildirməyiblər" />

Putin Yerevanda Ermənistanın həbs edilmiş eks-prezidentinin həyat yoldaşı ilə görüşüb

Məlumatı Robert Koçaryanın ofisinin rəhbəri və Rusiya prezidentinin mətbuat katibi təsdiqləyiblər, lakin görüşün təfərrüatlarını bildirməyiblər

Vladimir Putin, Robert Koçaryan, Yerevan

Rusiya prezidenti Vladimir Putin oktyabrın 1-də Yerevana işgüzar səfəri çərçivəsində Rusiya səfirliyini ziyarət edib və burada Ermənistanın eks-prezidentinin həyat yoldaşı ilə görüşüb.

Görüş Rusiya prezidentinin də iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının iclasından sonra keçirilib. Maraqlıdır ki, Putin Koçaryanın həyat yoldaşı ilə baş nazir Nikol Paşinyanla ikitərəfli danışıqlar başlayana qədər görüşüb.

Görüşün keçirilməsi faktını Robert Koçaryanın ofisinin rəhbəri təsdiqləyib. Lakin Viktor Soqomonyan görüşün təfərrüatları ilə bağlı bütün suallara cavab verib ki, bundan artıq heç nə deyə bilməz.

Sonradan məlumat yayılıb ki, Rusiya prezidentinin mətbuat katibi də təsdiqləyib – görüş keçirilib. Lakin Dmitri Peskov da təfərrüatları açıqlamayıb.

İntriqa ondan ibarətdir ki, eks-prezident Koçaryan və Putin dostluq münasibətlərini gizlətmirlər. Bununla yanaşı, Ermənistanın ikinci prezidenti həbs olunub və “1 mart” işi üzrə konstitusiya quruluşunun devrilməsində ittiham olunur.

Söhbət 2008-ci ilin hadisələrindən gedir, o zaman prezident seçkilərinin nəticələri ilə razılaşmayanların nümayişi dağıdılarkən 10 nəfər həlak olmuşdu. O vaxt prezident hələ də Robert Koçaryan idi, Mərkəzi Seçki Komissiyasının məlumatlarna görə, Serj Sarkisyan seçilmişdi. Lakin həmin vaxt o, hələlik vəzifələrinin icrasına başlamamışdı. Bu səbəbdən də etirazın yatırılmasında və insanların ölümündə Koçaryan ittiham edilir.

Rusiya prezidentinin Koçaryanın həyat yoldaşı ilə görüşü haqqında nələri aydınlaşdırmaq mümkün olub?

Keçmiş birinci xanımla görüşün təfərrüatları

Yalnız “Baqramyan 26” telegram-kanalı öz mənbəyinə istinad edərək yazır:

«Bella Koçaryan Putinə qısa şəkildə erməni ədalət məhkəməsinin Koçaryana qarşı yol verdiyi bütün hüquq “pozuntuları” haqqında danışıb.

Putin heyfsiləndiyini bildirib ki, Koçaryan hələ də həbsdədir və təəssüflə deyib ki, öz dostunun azad edilməsi məsələsinə təsir edə bilmir».

Mənbənin sözlərinə görə, Bella Koçaryanın nəsə etmək xahişinə Putin belə cavab verib: o, Ermənistanın daxili işlərinə müdaxilə edə bilməz, belə ki, yeni hakimiyyətlə münasibətlər ölkəyə inqilaba qədər rəhbərlik edənlərlə münasibətlərdən fərqlidir.

Putinin gəlişindən əvvəl nə baş verirdi

Vladimir Putinin Ermənistana səfəri siyasi dairələrdə və mediada fəal şəkildə müzakirə edilirdi. Şübhəyə Ermənistan mediasında dərc edilmiş belə bir məlumat səbəb olmuşdu ki, rusiyalı lider köhnə dostu, Ermənistanın eks-prezidenti Robert Koçaryanla görüşmək imkanı olacağı təqdirdə Yerevana gələcək. İclasa yalnız bir həftə qalmış Kreml təsdiqlədi ki, Putin Yerevanda olacaq.

Rusiyalı liderin gəlişindən öncə Ermənistanın eks-prezidenti müayinə olunmaq üçün tibbi mərkəzlərin birinə aparıldığı zaman Putin-Koçaryan görüşü haqqında məlumat daha çox müzakirə edilməyə başladı. O zaman yerli şərhçilər güman etməyə başladılar ki, Putinin gündəliyində Koçaryanla görüş hər halda planlaşdırılıb.

Lakin elə həmin gün müayinə başa çatdıqdan sonra Koçaryan həbsxanaya qayıtdı və dostu ilə görüş baş tutmadı.

Robert Koçaryanın işinin bütün təfərrüatları

2018-ci ilin iyulunda Robert Koçaryana qarşı 2008-ci il 1 mart işi üzrə konstitusiya quruluşunun devrilməsi ilə bağlı ittiham irəli sürülüb.

Söhbət 2008-ci il 19 fevral prezident seçkilərindən sonra baş verən hadisələrdən gedir.

Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə əsasən Serj Sarqsyanı qalib elan edib. Amma Ermənistan müxalifəti bu seçkilərdə namizədlərdən biri olan birinci prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə etiraz aksiyalarına başlayıb. Müxalifətçilər Ter-Petrosyanın qələbə qazandığına əmin idilər və seçkilərin nəticələrinə yenidən baxılmasını tələb ediblər.

Nümayişin dağıdılması zamanı silah tətbiq edilib və 10 nəfər həlak olub.

Həmin vaxt ölkə prezidenti hələ Robert Koçaryan idi. Məekəzi Seçki Komissiyasının məlumatına əsasən prezident seçilərn Serj Sarqsyan isə hələ vəzifə başına keçməmişdi. Buna görə də indi nümayişin amansızca dağıdılmasında və konstitusiya quruluşunun devrilməsində məhz Koçaryan ittiham olunur.

“1 mart” işi üzrə istintaq 2018-ci ilin “məxməri” inqilabına qədər ölü nöqtədən tərpənməyib. İnqilab lideri Nikol Paşinyanın rəhbərliyi altında yeni hökumət hakimiyyətə gələr-gəlməz bu işi yenidən qaldırıb.

2018-ci il iyulun 28-də eks-prezident həmin iş üzrə ilk dəfə həbs edilib. Amma bir müddət sonra yenidən azad olunub.

Apellyasiya Məhkəməsi ilk instansiya məhkəməsinin onun həbsilə bağlı qərarını qanunsuz elan edib. Onun azad edilməsi üçün Robert Koçaryanın keçmiş prezident kimi konstitusiyada nəzərdə tutulan toxunulmazlığı əsas olub.

Koçaryan 2018-ci ilin avqustunda azadlığa buraxılıb.

2018-ci il dekabrın 7-də Apellyasiya Məhkəməsi eks-prezidentin təkrar həbsinə qərar verib.

Həmin gündən Ermənistanın ikinci prezidenti 2019-cu il mayın 18-ə qədər həbsxanada olub.

Mayın 18-də Koçaryanın vəkillərinin onun haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətinə baxan hakim David Qriqoryan onun azad edilməsinə dair qərar çıxarıb. O, bu qərarı verərkən, Dağlıq Qarabağın hazırkı və keçmiş prezidentləri Bako Saakyan və Arkadi Qukasyanın müraciətlərini nəzərə alıb. Onlar Koçaryanın “iki erməni respublikasının bərqərar olmasına verdiyi töhfəni və onun Qarabağ Müharibəsində və Ermənistan Ordusu quruculuğunda sərf etdiyi böyük zəhməti” nəzərə alaraq, haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsini və onların zəmanəti ilə azadlığa buraxılmasını istəyiblər.

Amma 2019-cu ilin fevralından Koçaryana qarşı 927 milyon dram [3 milyon dollara yaxın] rüşvət almaqla bağlı daha bir ittiham irəli sürülüb. Bu haqda iş adamı Silva Ambartsumyan istintaqa məlumat verib.

Koçaryan bildirib ki, ikinci iş bütün əmlakına həbs qoya bilmək üçün quraşdırılıb. Konstitusiya quruluşunun devrilməsi haqda iş üzrə əmlakın müsadirə edilməsi kimi əlavə sanksiya tətbiq edilmir – rüşvət haqda məsələ ilə bağlı isə bu mümkün ola bilər.

Sonuncu dəfə Robert Koçaryan iyunun 25-də həbs edilib.

Eks-prezident ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etmir və o, bütün bunları siyasi sifariş və hazırkı Ermənistan hakimiyyətinin qisası hesab edir.


More on JAMnews