Niyə Bakı çimərlikləri paytaxtın qüruruna çevrilmədi?" />

Pulu ödə, ya da rədd ol

 Niyə Bakı çimərlikləri paytaxtın qüruruna çevrilmədi?

Dəniz hələ çimərlik demək deyil. Bakının bu mənada bəxti gətirib – o, yüz kilometrdən çox uzanan maili sahillə əhatə olunub. Çox təxmini hesablamalara görə, bu məsafənin ən azı yarısı çimmək üçün yararlı, özü də çınqıl və ya balıqqulağı ilə deyil, narın qızılı qumla örtülü ərazilərdir. Braziliyanın məşhur Kopakabana çimərliyinin ərazisindən on beş dəfə böyükdür. Əslində, sahilyanı zolaq paytaxtın qüruruna çevrilə bilərdi, amma niyəsə belə olmadı. 

Bakının sahilyanı qəsəbələrindən biri Buzovnadır. Burada Abşeron yarımadası üçün xarakterik olan bağ evləri yerləşir – daş hasarların üzərindən əncir ağaclarının iri yarpaqları görünür, ətrafda qum asfaltdan çoxdur, həyətlərdə üzüm, qarağat, bəzən də zəfəran bitir.  Avtobusun son dayanacağı məscidin yanındadır, buradan artıq piyada getmək lazımdır. Tikinti tullantılarının yanı ilə 15 dəqiqə yol gedəndən sonra çimərliyə çatırsan.

Solda “obyektlərin” sıralandığı çimərlik yerləşir. Bu o deməkdir ki, sudan təxminən 15 metr aralıda restoran – qamışdan düzəldilmiş və sıra ilə düzülmüş kabinələr və ya çimərlik çətirləri ilə birlikdə masalar var. Masanı icarələməyin qiyməti beş dollardan yeddi dollara qədərdir. Amma siz “obyektdən” sonra sahilin qalan eni beş metr olan hissəsində öz palazınızın üstündə də uzana bilərsiz.

 “Obyektli” çimərlikdən sağ tərəfdə sahibsiz çimərlik yerləşir. Bu, bir neçə qat zibillə örtülü olan və heç kimə məxsus olmayan ərazidir. Ara-sıra könüllülər Facebookda sözləşərək, sahibsiz çimərliklərin hansısa hissəsini zibildən təmizləyirlər, amma o işıq sürəti ilə yenidən çirkləndirilir.

Üçüncü variant da özəl çimərliklərdir. Hər tərəfdən hasarlanmış, hovuzu, soyunma otaqları, kafe, restoran və barları olan yerdir. Girişin pulunu ödəyin və pulsuz şezlonq alın! Sonra da pizza və suyun pulunu ödəyin.

Pullu çimərliklərdən başqa, sahil zonasını öz çimərlikləri olan otellər və yerli “feodalların” dəbdəbəli villaları da əhatə edir.

 

Camaat nə deyir?

Sumqayıt şəhər sakini Kamran Əliyev: “Ömür boyu ailəmizlə birlikdə Novxanıdakı çimərliyə getmişik, orada bağ evimiz var. İndi isə mən həmin yerə pulsuz girə bilmirəm. Girişə nəzarət edən mühafizəçilərlə dəfələrlə mübahisə etməyimə baxmayaraq, heç nəyə nail ola bilməmişəm. Bunun qanunsuz olduğunu, İcra Hakimiyyətinə şikayət edəcəyimi bildirirəm, onlar da cavabında deyirlər ki, get kimə istəyirsən, şikayət et, indi isə ya pulunu ödə, ya da çıx get”. 

Bağ evi sahibi Leyla Süleymanova: “Bizdə, Pirşağı qəsəbəsində çimərliyə giriş hələ ki, pulsuzdur, amma maşını içəri salmaq üçün pul istəyirlər. Dəniz sahilindəki restoran sahibləri orada dayanacaq düzəldiblər, ora da öz maşınınla çimərliyə gedə biləcəyin yeganə yoldur, başqa yol yoxdur.

Onun sözlərinə görə, mühafizəçilər heç bir söz dinləmədən, maşının girişi üçün pul tələb edir.

“İcra Hakimiyyətinə zəng edəcəyimi deyəndə, onlar gülməyə başladılar, – o danışır.   

Sevil Həsənova, bakılı: “Bizim bağımız yoxdu, düzü, çimərliyə də başqa ölkələrə getməyə üstünlük verirəm. Orada xidmət daha yaxşıdı, daha təmizdi və nəticədə bütün bunlar daha ucuz başa gəlir”.

Məmurlar nə deyir?

Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun sözlərinə görə, sahibkarların çimərliyə girişə görə pul almağa ixtiyarları yoxdur, onlar ancaq inventarın kirayə verilməsi və göstərilən xidmətlərə görə pul ala bilərlər.

“Yeri gəlmişkən, çimərlik ərazisinə maşınla giriş də tamamilə pulsuzdur. 21 may 2013-cü il tarixli 179 nömrəli əmrdə deyilir ki, çimərlik ərazisinə girişdə şlaqbaumun qoyulması qadağandır.

Deməli, parkinqə görə ödəniş çimərliyə girişə görə pulun ödənilməsi kimi qanun pozuntusu sayılır. Həm də bu qayda tək dövlət deyil, özəlləşdirilmiş çimərliklərə də aiddir, – Bağırov deyir.

Bağırov girişə görə ödəniş tələb olunduğu halda Ticarət və Xidmət Departamentinin “qaynar xəttinə” –  (012) 566-83-71 şikayət etməyi məsləhət görür. 

Qanun nə deyir?

Hələ 2003-cü ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin imzaladığı əmrə görə, 130 metrlik sahilyanı ərazidə dövlət əhəmiyyətli  obyektlərdən başqa, hər hansı tikintinin aparılması qadağandır. 15 yanvar 2015-ci ildə isə İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi haqda qanun imzaladı: müvafiq icra hakimiyyəti orqanlarının qərarı olmadan həmin torpaq sahəsində dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslər 40 min manat həcmində cərimə edilir.

Yeri gəlmişkən, dövlət əmlakı (əslində çimərlik də elə dövlət əmlakı sayılır) məmurlar tərəfindən fərdi şəxslərə, misal üçün, restoran sahiblərinə satılırsa, buna görə 2 il və daha artıq müddətə həbs cəzası nəzərdə tutulur.

Beləliklə, Azərbaycan qanunvericiliyi istirahət edənlərin tərəfindədir.

Əsəbi it və qayğıkeş xilasedicilər

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi hər il Şıx qəsəbəsinin çimərliyini (Bakı mərkəzindən təqribən 10 kilometr cənuba) çimmək üçün yarasız elan edir. Bu gün iyunun 15-i, çimərlik mövsümünün ilk günündə eyni şey baş verdi. Ekoloqlar şəhər əhlini suda bağırsaq çöpü olduğu haqda xəbərdar edir.

Hərçənd bu, Şıx çimərliyklərinin sahiblərinə işə davam etməyə mane olmur.

Şəhərin qərb sahilində, Mərdəkan və Bilgəh çimərliklərində modul təmizləyici qurğular sayəsində su daha təmizdir.

Adətən Şıx çimərliyinə avtobusla getmək mümkündür, amma bu gün yol “Formula-1”-ə hazırlıqlar üzündən bağlıdır. Taksi sürücüsü pullu, yoxsa pulsuz çimərliyə gedəcəyimizi soruşur. Deyirik ki, pulsuzdan başlayaq.

Yol dəniz boyunca yuxarıya doğru uzanaraq iri inşaat işlərinin getdiyi Bayıl təpəsinin ətrafına dolanır. Külək təpədən narın ağ toz sütunlarını qovalayır. Soldan dənizin kənarında otellər və restoranlar sıralanıb. Burdakılar özəl çimərliklərdir. Giriş qiymətini taksiçidən soruşunca ürkək tövrlə başını bulayır, əlbəttə ki, o bura gedib-gəlmir. Və nəhayət, soldan çox da hündür olmayan daş hasar başlayır, onun arxasından isə “vəhşi çimərlik” görünür.

Çəpəri aşıb növbəti “sahəyə” keçmək istərkən, öz qüllələrinin altında kölgədə oturan xilasetmə xidmətinin işçiləri başlayırlar qışqırmağa ki, ora getmək olmaz. Günəşdən qapqara qaralmış cazibəli üzgüçü qadın izah edir ki, digər çimərlikdə hər an küçükləməyə hazır olan it var, buna görə də ora getmək olmaz, it aqressivdir. FHN (Fövqəladə Hallar Nazirliyi) əməkdaşı da bizə yaxınlaşıb öz növbəsində bildirir ki, hətta itin bizə rəhmi gəlsə də, biz yenə də sahillə özəl çimərliklərə tərəf keçə bilməyəcəyik, çünki arada hasar var.

Biz növbəti çimərliyə “qanuni” yolla keçə bilmək üçün yola çıxırıq. İrəlidə qarşımıza “Delfin” restoranı çıxır, onun qarşısında çimərlik yoxdur, əvəzində isə bu restoran düz sahildə yerləşir və FHM əməkdaşının söz açdığı həmin hasarla əhatələnib.

Bir qədər də irəlidə Eldorado restoranı yerləşir. Burada bir çaynik çay və mürəbbəni 6 manata (təxminən 3,5 dollara) almaq mümkündür. Çimərlik isə ayrı müəssisədir, orada masa icarəsi üçün 10 manat (6 dollar) ödəmək lazımdır.

Bizim qiymətlərlə maraqlanmağımızı ofisiant deyəsən, xırdaçılıq kimi qəbul edir və qətiyyən təqdir etmir. O, ciddi şəkidə soruşur: “Siz hardansız?”

Külək elə güclüdür ki, daha çox yataq üstü örtüyə bənzəyən qalın süfrə az qalır ki, masanın üstündən uçsun.

Qalan çimərlikləri gəzməyin mənası yoxdur, çünki iki şeyi empirik olaraq müəyyən etdik: buradakı suda bağırsaq çöplərinin olması nə çimərliyə gələnləri, nə də müəssisə rəhbərlərini narahat etmir; pul ödəməsən sahilə yaxınlaşmaq mümkün deyil.

 

Nə yenilik var?

Bu il Azərbaycanda 21 yeni çimərlik açılacaq – Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev belə bəyanatla çıxış edib. Bakıda on iki yeni çimərlik, qalanları isə Azərbaycanın digər rayonlarında olacaq. Yeni çimərliklərin altısı özəl, altısı isə ictimai olacaq, amma hələlik bu yeniliyin sahil xəttinin əlçatımlığı haqda qanunla nə dərəcədə “kəsişəcəyi” bəlli deyil.

 


More on JAMnews