Ölkələr qarşılıqlı diplomatik atışma ilə məşğuldur " />

Polşa və Ukrayna arasında münasibətlər kəskinləşib

Ölkələr qarşılıqlı diplomatik atışma ilə məşğuldur

 

Polşa və Ukrayna arasındakı münasibətlər bir müddət əvvəl kəskinləşib və mübahisənin sakitliklə həll olunması gözlənilərkən gərginlik daha da dərinləşir.

Zaman etibarilə son addım Polşanın “anti-Polşa baxışları sərgiləyən” bir neçə ukraynalıya öz ərazisinə daxil olmaq qadağası qoymasıdır, Reuters yazır.

 

Polşa ərazisinə daxil olmasına qadağa qoyulmuş şəxslərin soyadları açıqlanmır.

Varşavanın bu qərarı daha əvvəl Polşa alimlərinə Birinci Dünya Müharibəsi zamanı Ukrayna ərazisində öldürülmüş polyakların cənazələrini tapıb, eksqumasiya etməsini yasaqlayan Ukraynaya verilən cavabdır.

Söhbət “Volın qətliamının” qurbanlarından gedir. 1943-cü ildə Volın şəhərində Ukrayna müqavimət ordusu polyak əhalini kütləvi şəkildə məhv edib.

Polşa hakimiyyəti “Volın qətliamını” polyak əhalinin soy-qırımı kimi qiymətləndirir. Kiyev isə daha təmkinli dəyərləndirmə tərəfdarıdır.

Bu ciddi münaqişənin başlanğıcı noyabrın əvvəlində, 1918-ci ildə Polşa tərəfindən tutulduğu ərəfədə Lvovun əslində kimə məxsus olduğu ətrafında mübahisə yarandığı zaman qoyulub. O dövrdə Ukrayna dövlətinin mövcud olmadığını, Lvov əhalisinin əksəriyyətinin polyaklardan ibarət olduğunu və buna görə də şəhərin Polşa tərəfindən işğalı haqda danışmağın doğru olmadığını deyən Polşanın vitse-konsulunun bəyanatı müzakirələr üçün səbəb olmuşdu.

Polşa Rusiyanı Krım və Donbasa münasibətdə digər Avropa ölkələrindən daha çox qınayır və Ukraynanın Avropa İttifaqı ilə əməkdaşlığını daha sıx dəstəkləyir.

Bununla belə, bütün bunlar Varşava və Kiyev münasibətlərinin yaxşılaşmasına kömək etmir. Polşanın DİN rəhbəri Vitold Vaşikovski az əvvəl qeyd edib ki, “Ukrayna-Polşa dialoqunda tənəzzül müşahidə olunur”.

Ölkə prezidentinin dəftərxana müdiri Kşiştof Şerskonun sözlərinə görə, 2004 və 2013-cü il Meydan hadisələri zamanı Ukraynaya yardım edən Polşa yeni siyasi böhran yaşandığı zaman eyni addımı atmayacaq.

Polşa və Ukrayna arasındakı tarixi faktlar ətrafındakı münaqişə hər iki ölkədə mövcud olan mürəkkəb daxili siyasi proseslər fonunda inkişaf edir. Polşada Avropa İttifaqında millətçi hesab edilən ideyaların daşıyıcısı olan sağ yönlü hökumət iqtidardadır. Ukrayna isə öz növbəsində 2019-cu il prezident seçkilərinə hazırlaşır və orada da seçicilərin önünə xarici düşmən obrazını atmağa hazır olan qüvvələr var.

Bununla belə, bu münaqişələr hələlik marginal olaraq qalır. Ümumi maraqlar və Avropa dəyərləri istiqamətində oriyentasiya üstün gəlir. Məsələn, 2018-ci ildə Polşa ukraynalılar üçün işçi vizasını 900 minə qədər artıracaq.

 

Facebook Comments

More on JAMnews