Münaqişə şəraitində və ondan kənar həyat " />

Özünü qorumaq və yaranan vəziyyətdən daha güclü olmaq

Münaqişə şəraitində və ondan kənar həyat

Münaqişənin talelər dağıtdığını demək adəti var. Bu deyimin çoxdan şablon hala düşməsinə baxmayaraq, biz, ermənilər və azərbaycanlılar, təəssüf ki, taleyi alt-üst olmuş bir çox insan tanıyırıq. Amma sizə haqqında danışacağım insanlar ayaq üstə durmağı bacarıblar. Onlar özlərini qorudular, vəziyyətdən daha güclü oldular və qalib gəldilər.

Oçerkimin qəhrəmanları haqda eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin içində və ondan kənarda yaşadıqlarını demək olar. Onları həm də Qarabağın ölçülərinə görə nisbətən böyük sayılan Askeran rayonun Şoş kəndinin sakinləri olmaları birləşdirir. 

Mareta Sarkisyan öz ailəsindən danışır

Maretanın ailəsi

Yəqin ki, Ermənistan-Azərbaycan münaqişəsi olmasaydı Mareta və Mixail Sarkisyan ailəsi hələ də Bakıda yaşayacaqdı. Ailə hələ də Bakı gəmiqayırma zavodunda işləyərdi, Mixail – Mişa qazanxanaçı-tənəkçi idi,  Mareta isə qalvanik sexində işləyirdi. 

İndi isə Maretanın əri ilə birlikdə dağın yamacında səliqəli evləri var, bura meyvə ağacları ilə əhatə olunmuş cığır aparır. 

«Ailəmiz beynəlxalqdır”,  – Mareta gülümsəyərək deyir, – gəlinim rus, yeznəm azərbaycanlıdır, xoşbəxtlikdən hamımız sülh, sevgi və həmrəyliklə yaşayırıq. Bizim səkkiz nəvəmiz və altı nəticəmiz var!».  

Mareta 1941-ci ildə Stepanakertdə böyük patriarxal ailədə anadan olub. Cəmi 16 yaşı olanda elçi gəliblər. Anası da onu ərə verir. Mareta da anasının sözündən çıxa bilmədi, çünki adət bunu tələb edirdi – birinci qız ərə getməlidir ki, sonra oğlanlar da evlənə bilsinlər. 

Ondan səkkiz yaş böyük olan Mişa Maretanı Bakıya aparır. 

«Əvvəl biz Bayılda qalırdıq, sonra zavoddan məzil aldıq və Badamdarda yaşayırdıq. Bu binanın faktiki sakinləri bizim zavodun işçiləri idi, əsasən ruslar və ermənilər». 

Bir il sonra, Maretanin 17 yaşı olanda onun ilki – Aleksandr, üç il sonra oğlu Sergey, 1967-ci ildə isə qızı İrina dünyaya gəlir.

Qız ərə gedir, oğlanlar evlənir. Bakıya məcburi köç

Uşaqlar böyüdü. Saşa evləndi, uşaqları oldu. Əvvəllər o valideynləri ilə birlikdə gəmiqayırma zavodunda işləyirdi, Azərbaycan DTX-na radiomexanik-mütəxəssis lazım olanda isə zavod rəhbərliyi Saşanı seçir. Bakıdan məcburi köçənə qədər də DTX-da işləyir. 

Sergey məktəbi bitirdikdən sonra Moskvaya gedib, universitetə qəbul olunur, təhsilini bitirdikdən sonra evlənir.

İrina isə Bakıda atası azərbaycanlı, anası isə tatar olan İsmayıl Nəsibova ərə gedir. 

1988-ci il olur. Sumqayıt hadisələrindən sonra ermənilər Bakıdan köçməyə başlayır. 

«1988-ci ilin qışında qızımın ailəsindən başqa hamımız Ermənistana gəldik,” – Mareta danışır.  – “Bizə Ararat rayonunun Zod qəsəbəsində ev verdilər. Orada iş tapmaq çətin idi, və Saşa ailəsi ilə birlikdə Seryojanın yanına Moskvaya köçdü. Onlar tikintidə işləməyə başladılar, daha sonra ev təmiri ilə məşğul oldular». 

Öz bağından payız məhsulları 

Maretanın Bakıya qayıdışı. Yenə də Bakıya məcburi köç. Bakı-Krasnovodsk dəniz paromu. Qarabağda həyat.

Amma Maretanın pensiyaya çıxmağına cəmi yarım il qalmışdı, həm də qızı hamilə idi və köməyə ehtiyacı var idi. 

«Doğuş ağır keçdi. İrina çoxlu qan itirdi və həkim-anestezioloq əməliyyat vaxtı onun donoru oldu. Onun qan qrupu qızımın qan qrupu ilə eyni idi və əməliyyat vaxtı onun qanını İrinaya köçürdülər. Beləliklə qızım ölümdən qurtuldu…”

Mareta xatirələri sanki təsbeh kimi çəkir. 

«Bir dəfə yeznəm evə kefsiz gəldi və qızıma danışdı ki, evə qayıdarkən yaşlı erməni qadınının necə döyüdüyünü görüb və mənə görə çox narahatdır». 

Yəqin ki, bu 1990-cı ilin qışında olub. İsmayıl yoldaşını, qayınanasını və uşaqları Bakı dəniz vağzalına aparır. 

«Orada artıq çox sayda erməni toplaşmışdı”, – Mareta danışır, – “Döyülmüş adamlar, xərəkdə olan xəstələr də çox idi. Bizi milis,  bronijiletli və qalxanlı əsgərlər qoruyurdu. Hava buludlu idi, narın qar yağırdı. Əsgərlər paroma minməyə kömək edirdi. İlk növbədə uşaqlar və əlillərə». 

Bu parom Xəzər dənizini keçib, qaçqın erməniləri Türkmənistanın Krasnovodsk şəhərinə apardı. Maretanın qızı üçün hər şey demək olar ki, yaxşı qurtardı, o əri ilə birlikdə Moskvaya köçdü. 

Mareta isə əri ilə Ermənistana yollandı. 

«Sonra biz Qarabağa, Şoş kəndinə qayıtdıq ,ərim hadisələrdən əvvəl köhnə bir ev almışdı və onu təmir etmişdi. Biz hələ də burada yaşayırıq. Biz müharibəni də burada keçirdik, atışma zamanı zirzəmidə gizləndik». 

Mareta və Mişanın kompyuteri var. Demək olar ki, hər gün onu qurur və skaypla uşaqlar və nəvələri ilə danışır. Amma qızı və oğlanları ailələri ilı birlikdə qocaları tez-tez ziyarət edir. 

«Qarabağ mənim rus gəlinimin çox xoşuna gəlir,” – Mareta gülümsəyərək deyir. – “Nəvələrim isə qonaq gələndə qayıtmaq istəmirlər. Təəsüf ki, yeznəm gələ bilmir…”. 

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

More on JAMnews