Oleq Əmirov bildirir ki, itlərin ağızlığı olmadığı üçün ondan pul qoparmağa çalışıblar " />

“Öz haqlarınızı tələb etməkdən çəkinməyin!” İt sahibi məhkəmə çəkişməsində polislərə qalib gəlib və ədalətsiz cərimənin ləğvinə nail olub

Oleq Əmirov bildirir ki, itlərin ağızlığı olmadığı üçün ondan pul qoparmağa çalışıblar

Foto Oleq Əmirovun Facebook səhifəsindəndir

Oleq Əmirov itlərin ağızlığı olmadığı üçün ona kəsilən ədalətsiz cəriməni məhkəmədə mübahisələndirib və qələbə qazanıb. Bu, it sahibinin belə bir məsələyə görə məhkəmə çəkişməsinə girişdiyi ilk haldır – adətən hamı səssizcə cəriməni ödəməyə üstünlük verir. Əmirov həmçinin bildirir ki, polis əməkdaşları “məsələni həll etmək” üçün ondan pul da tələb ediblər.

• Pişiklər qəhvəyə dəvət edir – Bakıdan video

• Eyni zamanda azadlıqda və məhbəsdə həyat. Yerevan zooparkından video və fotolar

İki haski, üç polis və 117 dollar cərimə

Oleq Əmirovun haski cinsindən olan iki iti var.

O danışır ki, Bakının dənizkənarı bulvarında itləri ilə gəzirmiş, üç polis əməkdaşı ona yaxınlaşıb, itlərin ağızlıqlarının niyə olmadığını soruşub. 

Əmirov cavab verib ki, haski orta ölçülü cins sayılır, ağızlıq taxmaq məcburiyyəti isə iri itlərə tətbiq edilir.

Polislər isə öz növbələrində bildiriblər ki, qanunda hansı itlərin iri hesab edildiyi yazılmayıb, buna görə də polis özü bu qərarı verə bilər.

İtlərin ölçüləri ilə bağlı mübahisə polis idarəsində davam edib. Nəticədə Əmirova 200 manat [117 dollar] həcmində cərimə yazılıb.

“Növbəti gün mənə bildirdilər ki, “mənim məsələm” cərimənin yarısı müqabilində həll edilə bilər”, – Əmirov deyir.

Oleq Əmirov məhkəməyə şikayət edib və qələbə qazanıb – cərimə ləğv edilib.

İddida cavabdeh olan polis əməkdaşı məhkəməyə gəlməyib.

Rüşvət tələb etmə məsələsinə toxunulmayıb.

“Məhkəmə icraçısı bildirdi ki, mən cərimə ödəməyib, sona qədər getmək qərarına gələn ilk adamam”, – Əmirov deyir. O, bu cür problemlərlə üzləşən bütün it sahiblərini dərhal cəriməni ödəməkdənsə, öz haqlarını tələb etməkdən çəkinməməyə çağırıb.

Oxşar hadisələr

Bəzi sosial şəbəkə istifadəçiləri bu kontekstdə polislə ünsiyyət təcrübələrini bölüşüblər:  

“Mənim sverqşnautserim var – dünyadakı ən balaca xidməti itdir. Bir dəfə ona da polislər, 7-8 nəfər birdən ilişdi, uzun-uzadı sübut eləməyə çalışdılar ki, ona ağızlıq geyindirmək lazımdır”;

“Mənim itim orta ölçülü cinsdəndir və mənə heç vaxt ilişməyiblər. Amma eyni cür iti olan tanışımı bir neçə il əvvəl 200 manat cərimə etmişdilər”;

“Polis mənə bir-iki dəfə irad tutub, amma gah 30, gah 60 manat istəyiblər…”

Qanunda necədir?

Həqiqətən də Azərbaycanın İnzibati Məcəlləsinə əsasən iri itlər ağızlıqla gəzdirilməlidir. Bu qaydanın pozulmasına görə 200 manat həcmində cərimə nəzərdə tutulub.

“Ölçü meyarları” qanunda göstərilməyib, amma itlərin həcmi ilə bağlı ümumi qəbul olunmuş təsnifat var. Hər bir cins itin pasportunda onun hansı kateqoriyaya aid olduğu göstərilir. 

Oleq Əmirovun haskisi ilə bağlı halda onun sənədində yazılıb ki, o, orta ölçülü it cinsinə aiddir. Bu da o deməkdir ki, ağızlıqla gəzmək məcburiyyətində deyil.

“Çəkisi 30 kiloqrama qədər, boyu isə 60 santimetrdən az olan itlər xaltada olduqları zaman ağızlıq taxmaq məcburiyyətində deyillər. Korrupsiyaya sponsorluq etməyi dayandırın – bu, onun axırına çıxmaq üçün yeganə yoldur”, – Əmirov deyir.


More on JAMnews