Sorğu edilənlərin 46%-i hesab edir ki, Gürcüstan yanlış istiqamətdə inkişaf edir, 56% isə hökumətin işini mənfi dəyərləndirir" />

NDI: İvanişvili anti-reytinq siyahısına öncüllük edir, ən çox rəğbəti isə Sergeyenko və Kaladze qazanıb

Sorğu edilənlərin 46%-i hesab edir ki, Gürcüstan yanlış istiqamətdə inkişaf edir, 56% isə hökumətin işini mənfi dəyərləndirir

ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) Gürcüstanda aparılan növbəti tədqiqatın nəticələrini açıqlayıb. Respondentlərə verilən suallar onların Gürcüstan hakimiyyətinə, siyasətçilərə və siyasi partiyalara münasibətləri ilə bağlı olub.

Sorğu edilənlərin böyük hissəsi hökumətin işini mənfi dəyərləndirir. NDI-ın sorğusunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 46 faizi hesab edir ki, ölkə yanlış istiqamətdə inkişaf edir. 26 faizin fikrincə, Gürcüstanda durğunluqdur, 25 faiz isə hesab edir ki, Gürcüstan doğru istiqamətdə irəliləyir. Respondentlərin 56 faizi hökumərtin işini mənfi, 36 faizi isə müsbət dəyərləndirir.

Siyasi partiyalar

Sorğu nəticələrinə əsasən, respondentlərin 37 faizi ideologiyası şəxsi ideyalarına uyğun gələn hər hansı partiyanın adını çəkə bilməyib. 21 faiz hesab edir ki, baxışları ən çox “Gürcü arzusu” partiyasının mövqeyi ilə üst-üstə düşür, 15 faiz isə bu qismdə “Milli Hərəkatı” göstərib. “Avropa Gürcüstanı” və “Vətənpərvərlər alyansını” deyənlər müvafiq olaraq 4 və 3 faiz olub.

Sorğu edilənlərin 60 faizi sabah parlament seçkiləri keçirilərsə kimə səs verəcəklərini bilmədiklərini bildiriblər. “Gürcü arzusu” partiyasına 17 faiz, “Milli Hərəkata” 14 faiz, “Avropa Gürcüstanına” 3 faiz, “Vətənpərvərlər alyansına” da 3 faiz səs verməyə hazırdır.

Siyasətçilərə qarşı simpatiya və antipatiya

Sorğu nəticələrinə əsasən, ən çox rəğbəti səhiyyə naziri David Sergeyenko və Tbilisi meri Kaxa Kaladze qazanıb. Sorğu edilənlərin 40 faizi onlar haqda müsbət fikir səsləndirib. Respondentlərin 31 faizi eks-prezident Mixail Saakaşvilini daha rəğbətə layiq siyasətçi hesab edib. Leyboristlərin lideri Şalva Natelaşvili, prezident Salome Zurabişvili, birləşmiş müxalifətin lideri Qriqol Vaşadze hərəsi respondentlərin 28 faizinin rəğbətini qazanıb.

Sorğuda iştirak edənlərin 27 faizi DİN rəhbəri Giorgi Qaxariyaya, 26 faizi baş nazir Mamuka Baxtadzeyə, 21 faizi “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişviliyə rəğbət bəsləyir.

Bidzina İvanişvili həmçinin anti-reytinq siyahısına da öncüllük edib. Respondentlərin 39 faizi ona mənfi münasibət bəsləyir. İkinci yeri “Qirçi” (“Qoza”) partiyasının lideri Zurab Caparidze tutub – 35 faiz. Onların ardınca “Milli hərəkatın” lideri Nika Meliya – 33 faiz, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili – 32 faiz gəlir.

∗ NDI və “Açıq cəmiyyət – Gürcüstan” təşkilatının tədqiqatı 2019-cu il martın 28-dən aprelin 15-ə qədər aparılıb. Ümumilikdə sorğuda 2927 nəfər iştirak edib. Orta xəta ehtimalı +/- 2.3 faizdir.

More on JAMnews