Rusiya hakimiyyəti etirazlar dalğasını yatırmaq üçün getdikcə daha sərt vasitələrə əl atır" />

Moskva: yeni etiraz aksiyası ərəfəsində müxalifətçilərə qarşı axtarış, həbs, zorakılıq

Rusiya hakimiyyəti etirazlar dalğasını yatırmaq üçün getdikcə daha sərt vasitələrə əl atır

Moskvada prezident Putinə qarşı olanlara münasibətdə repressiyalar davam edir.

Avqustun 7-də Rusiya müxalifətinin lideri Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondunun (KMF) ofisində axtarış aparılıb – Mediazona nəşri xəbər verir. Fondun beş hüquqşünası qanunsuz qazanılmış pul vəsaitlərinin leqallaşdırılması işi ilə bağlı məcburi şəkildə dindirilməyə aparılıb və bu zaman onlardan biri döyülüb. Kompüterlər və digər texnika müsadirə olunub. Fondun hesablarına həbs qoyulub. Aleksey Navalnının özü həbsdə saxlanılır.

Azadlıqda qalan azsaylı etiraz liderlərindən biri Lubov Sobol Twitter-də yazıb:

“KMF-nin hesabları bloklanıb ki, 1. KMF-nin işi əngəllənsin, 2. etiraz aksiyalarında qanunsuz saxlanılanların cərimələrini ödəməyimizə mane olsunlar. Tələsməkləri də bununla bağlıdır. Siyasi təzyiq səviyyəsi dəfələrlə artıb. KMF istənilən halda öz işini davam etdirəcək”.

Moskvada etirazlar iyulun 14-dən başlayıb. Moskva Şəhər Dumasına (yerli qanunverici orqan) keçiriləcək seçkilərdə hakimiyyətin nəzarətində olmayan müstəqil namizədlərin qeydiyyata alınmaması buna səbəb olub. Onlardan əksəriyyəti indi həbsdədir.

İki dəfə – iyulun 27-də və avqustun 3-də Moskvada keçirilən aksiyalar kütləvi xarakter alıb, bu mitinqlərdə 15 mindən 17 minə qədər insan iştirak edib. Etiraz aksiyaları polis tərəfindən amansızlıqla yatırılıb, iştirakçılar döyülüb və həbs edilib: iyulun 27-də həbs edilənlərin sayı 1500 nəfərdən, avqustun 3-də isə 1000 nəfərdən çox olub. Onlardan 6 nəfərinə qarşı polisə müqavimət ittithamı ilə cinayət işi qaldırılıb, yüzlərlə aksiya iştirakçısı kütləvi iğtişaşların təşkili işi üzrə şahid qismində dindirilir.

Hakimiyyətin atdığı addımlar avqustun 10-da Moskvada keçirilməli olan mitinq ərəfəsində etirazçıların gözünü qorxutmağa yönəlib. Mitinq hakimiyyətlə razılaşdırılıb və bu aksiyada 50 min nəfərdən çox insanın iştirakı gözlənilir.


More on JAMnews