Rusiya və Avropa meylli partiyaların şansları nə qədərdir, səslər necə “alınır” və bu seçkilər niyə “yekun” olmaya bilər?" />

Moldovada parlament seçkiləri: bilməli olduqlarımız

Rusiya və Avropa meylli partiyaların şansları nə qədərdir, səslər necə “alınır” və bu seçkilər niyə “yekun” olmaya bilər?

Fevralın 24-də Moldovada onuncu dəfə parlament seçkiləri baş tutacaq. Amma bu seçki digərlərinə bənzəmir. Moldovanın Ziarul de Gardă qəzeti bu seçkilərdəki yeniliklər və demokratiya səviyyəsinin düşməkdə olduğu ölkə üçün nə ilə nəticələnə biləcəyi haqda yazır

Qarışıq sistem və inzibati resurs

Ötən il Moldova proporsional səsvermə sistemindən qarışıq sistemə keçib. Bu o deməkdir ki, deputatların bir hissəsini partiya siyahıları üzrə, digər hissəsini isə bir mandatlı məntəqələr üzrə seçəcəklər. Hakimiyyət artıq bir neçə ildir ki, bu sistemin tətbiqində israr edirdi və hazırkı parlament seçkilərində bu sistem ilk dəfə tətbiq olunur – müxalifətin etirazlarına və Avropanın qəzəbinə rəğmən.

Müxalifət və vətəndaş cəmiyyəti hesab edir ki, indi iqtidar partiyası asanlıqla inzibati resurslardan və əyalətlərdə seçicilərin alınması metodlarından yararlanaraq onsuz da qətiyyən laxlamayan mövqelərini daha da möhkəmləndirəcək.

• Moldova: türk müəllim terroru maliyyələşdirməyib

• Moldova izsalan kimi

• Qaqauziya – Moldova tərkibində Rusiya meylli muxtariyyət

Konstitusiyanı yan ötmək üçün bir yandan da referendum

Fevralın 24-də seçiciləri məntəqələrdə gözləyən daha bir yenilik referendumdur. Bu sahədə da iqtidar partiyası müxalifətin və vətəndaş cəmiyyətinin etirazlarını boğmaq məcburiyyətində qalıb. Seçici iki suala cavab verməli olacaq: “Deputatların sayının 101 nəfərdən 61 nəfərə endirilməsini dəstəkləyirsizmi?” və “Hesab edirsizmi ki, deputatlar öz vədlərini lazımınca yerinə yetirmədiyi təqdirdə xalq onları geri çağırmalıdır (istefaya göndərməlidir)?”

Ekspertlər hesab edir ki, ən çox risk ikinci məsələ ilə bağlıdır – seçilmiş deputatı istefaya göndərmək Moldova konstitusiyasına ziddir.

Bundan başqa, texniki nöqteyi-nəzərdən hazırkı qarışıq seçki sistemində aydın deyil ki, milli siyahılar üzrə parlamentə keçən deputatların geri çağırılması proseduru necə tətbiq olunacaq, axı onlar bir mandatlı məntəqələrdən seçilən deputatlarla müqayisədə daha sərfəli durumda olacaqlar.

Moldovanın əsas siyasi partiyalarının seçicilər üçün aktual olan məsələlərə münasibətlərini və onların başlıca vədlərini əks etdirən infoqrafika:

Kim kimdir?

Seçkiqabağı kampaniyada əsas üç qüvvə liderlik edir: oliqarx Vladimir Plaxotnyukun rəhbərlik etdiyi Moldova Demokratik Partiyası (hazırda iqtidar partiyası); Rusiya meylli prezident İqor Dodonun tərəfdarları və parlamentə keçmək şansı olan Avropa meylli müxalifət.

Sorğulara əsasən (məsələn, onlardan biri), Sosialistlər Partiyasının qələbə şansı hamısından daha böyükdür: onlara səs verməyə hazır olduqlarını bildirənlər respondentlərin 39 faizini təşkil edib. Moldova prezidenti və sosialistlərin de-fakto lideri İqor Dodon özünü “Rusiya yönlü yox, Moldova yönlü” siyasətçi adlandırır, amma bununla belə, prezident Putinlə dostluğunu şübhəsiz özünün üstünlükləri sırasına daxil edir.

Amma Kremlin maraqlarını açıq bölüşən Moldova siyasətçiləri də öz bəyanatlarında adətən seçiciləri onların Avropaya inteqrasiya kursundan vaz keçdiklərini düşünməyə vadar edəcək ifadələrdən çəkinirlər. Son illərdə Moldova öz kənd təsərrüfatı məhsullarının ixracını Avropaya yönəltməyə nail olub və bu nailiyyəti əldən verməyin çox ağır nəticələri ola bilər.

Oliqarx Vlad Plaxotnyukun rəhbərlik etdiyi Demokratik Partiyaya səs verməyi vəd edənlər 14 faizdir; bu partiyanın gündəmi Aİ ilə əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur, amma Rusiya ilə münasibətlərin korlanması hesabına yox.

Seçicilər siyasi çəkisinə görə Avropa meylli müxalifəti üçüncü yerdə görürlər. Bu birlik ACUM adlanır, rumın dilindən tərcümədə “indi” mənasını verir. ACUM-a Əməl və Həmrəylik Partiyası (respondentlərin 13 faizi onların lehinə fikir bildirib), bir də Ləyaqət və Həqiqət Platforması (onların xeyrinə mövqe bildirənlər 9 faiz olub) daxildir.

Müxalifətin səylərinin bu cür birləşdirilməsi böyük ehtimalla demokratlar və sosialistlər arasında koalisiya yaradılmasına gətirib çıxara bilərdi – ən azından müşahidəçilər hadisələrin bu cür inkişafını istisna etmir. Amma hələlik koalisiya baş tutmaylb.

Hədiyyələr, konsertlər və digər seçkiqabağı texnologiyalar

Namizədlər adətən seçiciləri satın almaq metodlarında çox yaradıcıdırlar. Hədiyyələr, pul köçürmələri, konsertlət, yaradıcılıq gecələri və ekskursiyalar, sanki bütün bunların seçkiqabağı təbliğata heç bir aidiyyatı yoxdur.

Çox vaxt belə pərdələnmiş siyasi reklamla demokratlar, sosialistlər və “Şor” Partiyası (gənc sahibkar İlan Şorun rəhbərlik etdiyi) məşğul olur.

Məsələn, demokratlar Moldova pensiyaçılarını Yeni il münasibətilə təbrik edib və söz arası onlara iqtidar partiyasının təşəbbüsü ilə hökumətin ayırdığı 600 ley [34 dollara yaxın] həcmində müavinət haqda məlumat veriblər.

Ekspertlər burada şübhəsiz inzibati resurslardan istifadə halı görürlər:

“Bu, onların dörd ildən bir seçki yaxınlaşanda insanların qabağına atdıqları sümükdür”, – siyasi analitik Vyaçeslav Berbeka deyib. – “Biz hesab edirik ki, bu məktublar səslərin pərdələnmiş şəkildə alınmasıdır”.

Promo-LEX nüfuzlu qeyri-hökumət təşkilatının müşahidəçiləri hesab edirlər ki, keçən ay yarım ərzində Demokratik Partiya, Sosialistlər Partiyası və “Şor” Partiyası konsertlərə və digər oxşar tədbirlərə 192 min avro xərcləyib. Bunlar faktiki olaraq seçkiqabağı kampaniyanın bir hissəsi olsa da, seçkiqabağı fondların hesabına daxil edilməyib.

Seçki önəmlidir, amma …yekun deyil?

Müşahidəçilərin üzərində düşündüyü əsas sual – Moldovada sosialistlərin hökuməti qurulacaqmı? Ekspertlər hesab edirlər ki, Sosialistlər Partiyası parlamentdə yerlərin çoxunu qazanacaq, amma 51mandat (hökumət formalaşdırmaq üçün məhz bu sayda mandata ehtiyac var) əldə edə bilməyəcək.

Seçkilərdən sonra demokratlarla sosialistlərin koalisiyada birləşəcəyi ehtimalı da müzakirə olunur.

Amma istəilən halda əgər hökumət seçkidən sonra üç ay müddətində formalaşmayacaqsa, parlament buraxılacaq və ölkədə növbədənkənar parlament seçkiləri təyin ediləcək.


More on JAMnews