Bundan bir qədər əvvəl onlar etiraz aksiyası keçiriblər " />

Doqquz azərbaycanlı jurnalistin üzərindən ölkədən çıxış qadağası götürülüb

Bundan bir qədər əvvəl onlar etiraz aksiyası keçiriblər

Doqquz azərbaycanlı jurnalistin üzərindən MeydanTV saytı ilə əməkdaşlıqlarına görə 2015-ci ildə qoyulan ölkədən çıxış qadağası götürülüb. Jurnalistlər buna dörd il ərzində nail olmağa çalışıb, bir neçə gün əvvəl isə etiraz aksiyası keçiriblər.

Jurnalistlərə nə zaman və niyə “stop” qoyulub?

Berlində qeydiyyatdan keçən MeydanTV Azərbaycan hakimiyyətinin ünvanına kəskin tənqidlə tanınır.

• Azərbaycanda söz azadlığı – jurnalistlər üçün “qırmızı xətt” haradan keçir?

• Azərbaycanda siyasi məhbusların əfv edilməsi: bunun anlamı nədir və nəyi dəyişir?

• Azərbaycanlı siyasi məhbuslar həbsxanadakı həyat haqda danışır

2015-ci ildə Meydan TV əcnəbi media üçün akkreditasiya qaydalarının pozulmasında ittiham edilib, haqqında cinayət işi qaldırılıb. Meydan TV ilə müxtəlif zamanlarda əməkdaşlıq edən jurnalistlər bu işə şahid qismində cəlb olunub. O vaxtdan bəri onların ölkədən çıxışına qadağa qoyulub.

“Azərbaycan Respublikasında əcnəbi kütləvi informasiya vasitələrinin nümayəndələrinin akkreditasiya qaydaları” 2015-ci ilin yazında təsdiq olunub. Bu qaydalara əsasən, əcnəbi media nümayəndələrinin akkreditasiyası üçün qurumun rəhbəri Azərbaycan Xarici İşlər Nazirliyinə yazılı müraciət ünvanlamalı, müraciətə akkreditasiya olunacaq jurnalist haqda ətraflı məlumat əlavə etməlidir.

2016-cı ildən Meydan TV Azərbaycan ərazisində bloklanıb.

“Stop” verilən jurnalistlər dörd ildir ki, qadağanın aradan qaldırılması üçün mübarizə aparır. Onlar bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət də göndəriblər. 2018-ci ilin dekabrında məhkəmə onların haqlarının pozulduğunu təsdiqləyib və Azərbaycan hökuməti üzərinə onlara kompensasiya ödəmək öhdəliyi qoyub. 2019-cu il mayın 3-də isə səkkiz jurnalist Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib.

• Jurnalistlərin etiraz aksiyası haqda ətraflı

Qadağa necə götürülüb?

Mayın altısında səkkiz aksiya iştirakçısından dördünü istintaq idarəsinə çağırıb, çıxış qadağasının götürüldüyünü deyiblər. Onların arasında üç jurnalist və MeydanTV üçün ədəbiyyat mövzusunda bir neçə məqalə yazan şair Rasim Qaraca olub.

“Bizə idarədə onu da dedilər ki, bundan sonra MeydanTV ilə əməkdaşlıq etmək istəsək, Xarici İşlər Nazirliyində akkreditasiya almalıyıq”, —JAMnews-a jurnalistlərdən biri İzolda Aayeva deyib.

Növbəti həftə ərzində digər aksiya iştirakçılarından, o cümlədən aksiyada iştirak etməyən iki jurnalistdən də “stop” götürülüb.

Daha bir jurnalist sağlamlıq vəziyyəti ilə bağlı həmkarlarından daha tez ölkədən çıxış icazəsi alıb.

Nəticədə hazırda MeydanTV işi üzrə şahid kimi dindirilən əksər jurnalistin üzərindən “stop” götürülüb.

Bununla belə, bu günlərdə sayt serverinə və əməkdaşlarının poçt qutularına çox sayda haker hücumları barədə məlumat verib.


More on JAMnews