Mehman bunu bələdiyyə seçkilərində iştirakı və parlament seçkilərinə qatılmaq niyyəti ilə əlaqələndirir" />

Mehman Hüseynov bildirib ki, Pasterin müdafiəsi məqsədilə keçirdiyi aksiyadan sonra polis onu amansızca döyüb

Mehman bunu bələdiyyə seçkilərində iştirakı və parlament seçkilərinə qatılmaq niyyəti ilə əlaqələndirir

Azərbaycanlı bloger və keçmiş siyasi məhbus Mehman Hüseynov bildirib ki, dekabrın 27-də gecə saatlarında onu şəhərin mərkəzində küçədəcə saxlayaraq, şəhər kənarına aparıb, amansızca döyüb, orada qoyaraq gediblər.

Bu hadisə Hüseynov və digər fəallar həbs olunmuş reper Pərviz Quluzadənin müdafiəsi məqsədilə aksiya keçirdikləri günün gecəsi baş verib.

Aksiya Mehman Hüseynov və digərlərinin Daxili İşlər Nazirliyi qarşısında plakatlarla şəkil çəkdirməsindən ibarət olub. Foto: “Nida!” ictimai hərəkatı

Pərviz Quluzadə işi haqqında daha ətraflı

Tərk edildiyi yerdən şəhərə gəlib çıxdıqdan sonra Hüseynov video müraciətində baş verənlər haqda ətraflı danışıb. Onun sözlərinə görə, onu saxlayan polislərin sayı altı olub, onlar özlərini çox sərt aparıblar, onu döyüblər, alçaldıblar, gecə saatlarında şəhərin mərkəzində aksiya təşkil etməkdə ittiham edib və növbəti dəfə onu daha betər vəziyyətə qoyacaqları ilə hədələyiblər.

Hüseynov baş verənləri ötən bələdiyyə seçkilərində iştirak etməsi və hakimiyyəti saxtakarlıqda günahlandırması ilə əlaqələndirir. O, həmçinin 2020-ci il fevralın 9-a təyin olunmuş parlament seçkilərində iştirak etməyi də planlaşdırır.

Azərbaycanda qeyri-adi bələdiyyə seçkiləri

Daxili İşlər Nazirliyi Hüseynovun polis tərəfindən saxlanılaraq, döyüldüyünü yalanlayıb.

Elə həmin gecə, saat 12-də reperin fanatları şəhərin mərkəzində onun müdafiəsi üçün aksiya keçirəcəklərini elan etmişdi. Həmin əraziyə onlarla polis cəlb olunub, aksiya isə baş tutmayıb. Bu vaxt təsadüfən orada olduğunu deyən Mehman Hüseynovun sözlərinə görə polislər onu döyərkən məhz bu aksiyanın təşkilatçılığında günahlandırıblar.

Polis Fəvvarələr meydanında toplaşıb, amma aksiyaya heç kim gəlməyib. Foto: Nurlan Libre

Mehman Hüseynov kimdir?

Mehman Hüseynov populyar video-blogerdir. Öz video-süjetlərində o, hakimiyyəti və korrupsiyaya bulaşmış məmurları tənqid edir.

Hüseynov 2017-ci ilin martında Bakının rayon polis idarələrindən birinin rəisinin iddiasına əsasən böhtan ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. O deyib ki, polis idarəsində ona işgəncə verilib, məhkəmə isə bunu böhtan kimi qəbul edib.

Amnesty International nüfuzlu hüquq müdafiə təşkilatı Hüseynovu “vicdan məhbusu” kimi tanıyıb.

Cəza müddəti bitənə yaxın Mehmana qarşı yeni ittiham irəli sürülmüşdü – onu həbsxana mühafizəçisini döyməkdə günahlandırmışdılar. O, həbsxanada aclıq elan etmişdi. Müdafiəsi üçün təşkil olunan güclü ictimai kampaniya və Avropa Parlamentinin müdaxiləsi ilə yeni ittiham onun üzərindən götürüldü.

2019-cu ilin sonunda Hüseynov bələdiyyə seçkilərində iştirak edib, amma məğlub olub. O, 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində də namizədliyini irəli sürmək niyyətindədir.

 


More on JAMnews