“Simirenko”, “qolden” və “qranismit” - məktəb bufetinin yeni menyusu" />

Tbilisi məktəblərində alma təchizatı proqramı işə düşüb

“Simirenko”, “qolden” və “qranismit” - məktəb bufetinin yeni menyusu

Dərs ili başladı və yay tətilindən qayıtmış məktəblilər yəqin ki, birinci zəngdən daha çox məktəb yeməkxanasına qaçdıqları birinci tənəffüsə sevinirlər. Bu il yeməkxanalarda jelebon, çips və başqa şübhəli “yeməkləri” sevənləri xəyal qırıqlığı gözləyir. 2017-ci ildə Elm və Təhsil Nazirliyi 2085 orta məktəb üçün sağlam qida haqqında sənəd qəbul edib.

Sənədə əsasən, orta məktəblərin yeməkxanalarında hər şey alt-üst, daha doğrusu, əksinə olub. Vitrinlərdən şokolad, konfet, saqqız, qazlı içkilər, mayonezli qidalar, allergiya yarada bilcək qidalar məsələn, göbələk, konserv və s. yığışdırılıb.

UNICEF: Gürcüstanda yaşayan hər beşinci uşaq yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

Coca-Cola əvəzinə şagirdlərə kompot, təbii meyvə şirələri, su təklif olunur. Amma bu da tərəvəz, meyvə və zülallarla zəngin qidanı qəbul etdikdən sonra. Məktəblərdə sağlam qidanın tətbiqi təhsil naziri Aleksandr Cecelavanın şəxsi təşəbbüsüdür.

Cecelavanın təşəbbüsünə əsasən, cari semestr ərzində bir neçə Tbilisi məktəbində təhsil alanlara həftədə iki dəfə alma paylanacaq. Artıq tenderdə qalib gəlmiş və məktəbləri alma ilə təmin edəcək şirkətin adı da məlumdur – KEPKA. Məhz bu şirkət 260 min almanı 10 məktəb arasında böləcək və buna görə büdcədən 69940 lari alacaq. Bu pula üç sort alma alınacaq: “simirenko”, “qolden”, “qranismit”.

Gürcüstan əhalisi arasında sağlam qida ilə bağlı araşdırma aparılmayıb. Ölkədə təxminən 21,3 faiz əhali yoxsulluq dərəcəsindən aşağı səviyyədə yaşayır, buna görə də sorğunun mövzusu adətən istehlak səbətinin vəziyyəti ilə bağlı olur. Amma mütəxəssislər araşdırma olmadan belə Gürcüstanda şagirdlərin mineral və vitaminlərlə zəngin qida qəbul etmədiyindən əmindir.

Britaniyanın “Oksfam” təşkilatı 2016-cı il üçün hesabatında göstərir ki, məktəblərin çoxunda, xüsusilə əyalət məktəblərində nəinki sağlam qida, heç adi “qida bloku” belə yoxdur. “Oksfam”ın hesabatında vurğulanır ki, Gürcüstanda məktəblərdə sağlam qidanın təşkili məsələsində vahid dövlət siyasəti yoxdur.

Sağlam qida baha başa gəlir

Məktəb bufetlərini icarə edənlər nazirin qərarında bir çox anlaşılmazlığın olduğunu deyir. Larisa Qaqua Tbilisi məktəblərindən birində bufet icarəçisidir. Deyir ki, hələ də doğru-dürüst anlaya bilməyib ki, bufetdə hansı yeməkləri saxlaya bilər, hansılarını – yox. Onun sözlərinə görə, uşaqlar öz sevdikləri qidaları məktəb dükanında tapmayanda, çıxıb çöldə mağazalardan alırlar.

Uşaq 20 tetri ilə mənə yaxınlaşır və o pulun nəyə çatacağını soruşur?

Başqa bir problem, “sağlam qida məhsulları”nın baha olması və uşaqların hamısının onlarla qidalanmağa imkanının olmamasıdır.

“Uşaq 20 tetri ilə mənə yaxınlaşır və o pulun nəyə çatacağını soruşur? Bu uşaq üçün bufetdə heç olmazsa bublik ya da bulka olmamalıdır? Məktəblinin həmin çipsi məktəb bufetində və ya məktəbin həyətindən kənarda mağazadan alacağının nə fərqi var?” – Larisa Qaqua deyir.

Amma istənilən halda o da, şagirdlərin qidalanmasının təşkili  üzrə tenderi udmuş başqa icarəçilər də nazirliyin qoyduğu qaydalarla işləməli olacaqlar. Əks halda onlarla bağlanmış müqavilələrə xitam veriləcək. Nazirlik bütün bunları kənardan müşahidə etməyə hazırlaşmır, icarəçilərə treninqlər keçib, yeni şəraitə uyğunlaşmağa kömək etmək fikrindədir.

Uşaqlar və valideynlər

Biz yeni qida rasionu ilə bağlı məktəblilər və valideynlərlə söhbət etdik:

“Mən idmançıyam, sağlam həyat tərzi sürürəm, buna görə başqalarının da buna riayət edəcəyini biləndə sevindim”, – 4-cü sinifdə oxuyan Giorqi Payçadze deyir. Tənəffüsdə o xaçapuri və banan alır.

“Almanı sevmirəm, ümumiyyətlə yemirəm və onları paylayanda öz almamı portfelimdə gizlədirəm ki, heç kim görməsin. Məktəb yeməkxanasına heç vaxt getməmişəm, özüm evdən buterbrod gətirirəm”, – altıncı sinif şagirdi Anna deyir.

Valideynlər üçün uşaqları sağlam qidayla təmin etmək çox vaxt baş ağrısına çevirilir. “Mənim oğlum məktəbə yemək aparmır. Yeməyi konteynerlərdə gətirənləri, xüsusən də oğlanları sinif yoldaşları lağa qoyurlar. Ona görə də oğlum məktəbə yemək aparmaqdan imtina edir. Budan əlavə, dərsliklər elə ağır və elə həcmdə olur ki, onlardan başqa çantaya heç nə sığışmır”, – altıncı sinif şagirdi Matenin anası Sofiya Natsvlişvili deyir.

“Mənim övladımın çipsə qarşı allergiyası var. Artıq böyüyüb və bilir ki, ona çips yemək olmaz, əvvəllər məktəb bufetində özü alırdı və ayda bir-iki dəfə evə qırmızı ləkələrlə gəlirdi”, – Nino deyir.

Mari Cavaxişvili adətən öz qızlarını məktəbə ev yeməyi ilə yola salır, amma onlar özləri bufetdən istifadə etməyi və analarının verdiyi yeməyi əl dəyilməmiş qaytarmağı üstün tuturlar.

“Fikrimcə, məktəb tənəffüslərinin müddətini uzatmaq lazımdır. Mənim uşağım hələ balacadır və növbənin böyüklüyündən bufetdə nə isə alıb yeməyi çatdırmır. Ona görə dəfələrlə bütün günü ac qalır”.

Ümumdünya Səhiyyə Təşkilatının məsləhətləri (WHO)

  • Məktəb naharı uşağın yeməyə gündəlik ehtiyacının 30-35 faizini təşkil etməlidir.
  • Məktəblərdə nahar etmək üçün 15 dəqiqədən az olmayan istirahət müddəti ayrılmalıdır.
  • Məktəbdə qidalanmanın 10 günlük menyusunun əvvəlcədən müəyyən edilməsi məsləhət görülür.
  • Yemək çeşidli olmalıdır, tərkibində meyvə, tərəvəz, dənli, balıq, quş, ət olmalıdır.
  • Yeməkdə minimal həcmdə yağlar, duz, şəkər olmalıdır.
  • Mütləq qaydada su olmalıdır.

 


More on JAMnews