Muxtarlının bacısı, bacısı və qardaşı uşağı Yeni il ərəfəsində ehtimala görə dəm qazından zəhərlənib " />

Məhkəmə həbsdə olan azərbaycanlı jurnalist Əfqan Muxtarlını doğmalarının yas mərasiminə buraxmayıb

Muxtarlının bacısı, bacısı və qardaşı uşağı Yeni il ərəfəsində ehtimala görə dəm qazından zəhərlənib

Həbsdə olan tanınmış azərbaycanlı araşdırmaçı jurnalist Əfqan Muxtarlı doğmalarının dəfnində və yas mərasimində iştirak edə bilməyib. Yanvarın 5-də məhkəmə Muxtarlını müvəqqəti olaraq azadlığa buraxmaqdan imtina edib.

2017-ci il dekabrın 31-də Azərbaycanın şimal-qərbindəki Zaqatala şəhərində kirayədə yaşadıqları mənzildə Əfqan Muxtarlının bacısının, bacısı uşağı və qardaşı uşağının meyiti tapılıb. İlkin ehtimala görə, onlar qaz dəmindən zəhərləniblər.

Müdafiə Nazirliyində baş verən hərc-mərclik və Əliyevlərin Gürcüstandakı biznesi haqda bir neçə qalmaqallı araşdırmanın müəllifi olan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 30-da Tbilisidə yoxa çıxıb. Bir gün sonra onun Bakıda həbsdə olduğu məlum olub. Ona qarşı sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və sərhədçilərə müqavimət göstərməklə bağlı ittihamlar irəli sürülüb. Muxtarlı Gürcüstanın xüsusi xidmət əməkdaşları tərəfindən oğurlanaraq Azərbaycan tərəfinə təhvil verildiyini bildirir və bütün ittihamları rədd edir.

Muxtarlının vəkili Nemət Kərimli “Kavkazskiy Uzel”in jurnalistlərinə bunları deyib:

Dekabrın 31-də Əfqan Muxtarlının yaxın qohumları faciəvi şəkildə vəfat edib və biz onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş etmişdik ki, o, doğmaları ilə görüşə bilsin, yas mərasimində iştirak etsin. Bundan başqa həbs müddəti uzadıldığı müddətdə həbsdə saxlamaq şəraiti və əsasları dəyişib və indi onun şahidlərə təzyiq göstərməsi heç fərziyyədə də mümkün deyil. Məhkəmə araşdırması sona yaxınlaşır və hökm elan olunana qədər o, ev həbsində qala bilərdi”.

Kərimllinin sözlərinə görə, dekabrın 31-də o, həmkarı Elçin Sadıqovla birlikdə Ombudsmenə və Penitensiar Xidmətə də müraciət edərək Muxtarlının doğmalarının dəfninə buraxılmasını xahiş edib, amma heç bir cavab almayıblar.

“Bəli, qanunvericilikdə istintaq altında olan şəxsin doğmalarının yas mərasiminə buraxılması ilə bağlı birbaşa norma yoxdur. Bu, Cəzaların İcrası Məcəlləsində nəzərdə tutulub. Artıq cəza çəkən şəxslərə yaxın qohumlarının yasında iştirak etmək üçün yeddi günlük məzuniyyət verilir. Təcridxanada bizə şifahi olaraq bildirdilər ki, bu norma haqqında qanuni qüvvəyə minmiş hökm olmayan şəxslərə tətbiq edilmir. Amma qanunvericilikdə həbs altında olan şəxsin qısamüddətli azad edilməsini birbaşa qadağan edən norma da yoxdur”, – vəkil deyib.

Proses yanvarın 12-də davam etdiriləcək.

 


More on JAMnews