Amma məhkəmənin qərarını yalnız Saakaşvili tərəfdarları deyil, hətta hazırkı Gürcüstan prezidenti də tənqid edir " />

Saakaşviliyə Gürcüstanda üç il iş kəsilib, onu Ukraynadan Tbilisiyə ekstradisiya edə bilərlər

Amma məhkəmənin qərarını yalnız Saakaşvili tərəfdarları deyil, hətta hazırkı Gürcüstan prezidenti də tənqid edir

REUTERS/Valentyn Ogirenko

Tbilisi şəhər məhkəməsi Saakaşvilini “Qirqvlianinin işi” üzrə təqsirli bilib və onu 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Bundan başqa məhkəmə əlavə olaraq Saakaşvilinin bir il beş ay müddətində dövlət vəzifəsi tutmasını qadağan edib.

Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. İstintaqın gəldiyi qənaətə görə, konkret olaraq Saakaşvili Konstitusiya Təhlükəsizliyi Departamentinin o zamankı rəhbəri Data Axalayaya 2006-cı ildə Sandro Qirqvlianinin səs-küylü qətlinə görə məhkum olunanları əfv edəcəyinə dair söz verib. Nəticədə Saakaşvili əfv komissiyasının başının üstündən bu qətlə görə məhkum olunan dörd nəfəri əfv edib.

Sandro Qirqvilianinin işi

Sandro Qirqvlianinin qətli Gürcüstanın yeni tarixində ən səs-küylü kriminal hadisə olub. Bu qətl və ardınca gələn hadisələr o zamankı Gürcüstan hakimiyyətinin ünvanına tənqid yağdırıb. Bu iş Gürcüstanın məhkəmə sisteminin müstəqilliyini və Gürcüstan hökumətinin həyata keçirdiyi demokratik islahatların ciddiyətini sual altına qoyub.

Sandro Qirqvliani

“Gürcüstanın Birləşmiş Bankının” beynəlxalq şöbəsinin rəhbəri, 28 yaşlı Sandro Qirqvliani 2006-cı il yanvarın 28-də Tbilisi kənarında məzarlıqda tapılmışdı, bədənində çox sayda yara vardı. Amma bu haqda ictimaiyyət yalnız 2006-cı il fevralın 12-də, müxalif “İmedi” telekanalının süjetindən xəbər tutdu.

Ölümündən əvvəl Qirqvliani Tbilisinin mərkəzindəki barlardan birində DİN-in yüksək vəzifəli məmuru ilə münaqişə yaşamışdı. Həmin vaxt barda olan daxili işlər naziri Vano Merabişvilinin arvadının və Konstitusiya Təhlükəsizliyi Departamentinin rəhbəri Data Axalayanın da adları işdə hallanırdı.

Rəsmi məlumata görə, Qirqvlianinin qətli onun Konstitusiya Təhlükəsizliyi Departamentinin bir neçə əməkdaşı ilə münaqişəsi nəticəsində baş verib.

Bu işlə bağlı departamentin dörd əməkdaşı həbs olunub. Məhkəmə onları 8 və 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Amma Qirqvlianinin ailəsinin vəkilləri bildiriblər ki, məhkəmə əsl günahkarları ört-basdır edib.

Qirqvlianinin anası İrina Yenukidze prezidentlə görüşməyə çalışıb, amma buna nail ola bilməyib. Saakaşvilinin özü qətldən ay yarım sonra bəyan edib ki, istənilən bu cür hadisə onun “şəxsi faciəsidir”. Eyni zamanda o, ictimaiyyətin bir hissəsinin DİN rəhbərinin istefasını tələb etməsinin “çox gülməli” olduğunu deyib.

“Belə bir şey İngiltərədə, Fransada da baş verə bilərdi, belə şeylər ABŞ-da daha çox olur. Gürcüstan artıq bu cinayətə görə cavab verib, necə ki, bu ölkələrin istənilən birində cavab verilərdi… Kimi həbs etmək lazım idisi, həbs olunub, nəyin araşdırılması lazımdırsa, araşdırılacaq”, – o zaman prezident bildirmişdi.

2009-cu ildə “Maestro” tele-şirkəti gizli kamera ilə çəkilmiş kadrlar nümayiş etdirmişdi. Kadrlarda bu işlə bağlı məhkum olunanların xüsusi şəraitdə – onlar üçün ayrılmış xüsusi ərazidə, təmiz havada piknik keçirərək, hətta kabab bişirərək cəza çəkdikləri görünürdü. Kadrlardan o da bəlli olur ki, onlara bir neçə nəfər qulluq edir.

2009-cu il sentyabrın 7-də isə Qirqvlianinin qətlinə görə məhkum edilmiş dörd zabit digər 384 məhkumla birlikdə prezidentin əfv fərmanına əsasən azad edilib.

Dövlət Əfv Kimissiyasının üzvləri Qirqvlianinin işi üzrə məhkum olunanların əfvində iştiraklarını qətiyyətlə inkar ediblər. Komissiya sədri Elene Tevdoradze bəyan edib ki, bu, prezidentin şəxsi qərarı olub.

Qirqvlianinin ailəsi Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərib. Dörd il müddətində araşdırılandan sonra 2011-ci ilin aprelində məhkəmə iddianı qismən təmin edib və Gürcüstan hakimiyyətinin mərhumun ailəsinə mənəvi ziyana görə 50 min avro kompensasiya ödəməsi haqda qərar çıxarıb.

Avropa Məhkəməsinin qənaətinə görə, Gürcüstan hökuməti Qirqvlianinin ölümündə günahkar deyil, amma bu iş üzrə istintaq və hakimiyyətin qətlə reaksiyası “biabırçı” və “yolverilməz” adlandırılıb.

“Gürcüstan hakimiyyəti Sandro Qirqvlianinin qətli ilə bağlı effektiv istintaq təmin edə bilməyib… İstintaq lazım olan dərəcədə müstəqil, qərəzsiz, obyektiv və əsaslı ola bilməyib”, – Strasburq məhkəməsinin qərardatında bildirilir.

Məkhəmə həmçinin məhkumların əfv olunmasına da toxunub:

“Məhkəmə Gürcüstan prezidenti Mixail Saakaşvilinin məhkumlara qarşı ağılasığmaz mərhəməti qarşısında çaşqınlıq içindədir… ”, – AİHM-nin 26 aprel qərarında deyilir.

M

ixail Saakaşvili Tbilisi məhkəməsinin hazırkı qərarını “siyasi” adlandırıb.

“Prezidenti heç bir məhdudiyyəti olmayan əfv etmək hüququndan yararlandığı üçün mühakimə etmək (hansını ki, mən 133 keçmiş hərbçiyə münasibətdə tətbiq etmişəm) bu prosesin tamamilə siyasi xarakterindən xəbər verir. Bu, həm də onu göstərir ki, Gürcüstan hakimiyyəti 5 il müddətində mənə qarşı əsaslı heç nə tapa bilməyib: nə korrupsiya ilə bağlı bircə fakt, nə də başqa hüquq pozuntusu”, – Saakaşvili Facebook-da yazıb.

Məhkəmənin qərarını sadəcə Saakaşvilinin tərəfdarları yox, həm də hazırkı Gürcüstan prezidenti Georgi Marqvelaşvili də tənqid edib.

“Prokurorluğun əfv etmək hüququ ilə bağlı Konstitusiya maddəsini cinayət təqibi üçün əsas seçməsi narahatlıq doğurur”, – Marqvelaşvili bəyan edib.

O, bildirib ki, “məhkəmənin qərarı Konstitusiya hüququnun yanlış interpretasiyası və prezident institutunun zəiflədilməsi cəhdidir, bu da məsələni sual altına qoyur və Gürcüstanın siyasi nüfuzuna xələl yetirir”.

Onun sözlərinə görə, o və administrasiyasının üzvləri dünya təcrübəsi ilə tanış olublar və heç bir ölkənin tarixində əfv haqqında qanunun tətbiq edilməsinin məhkəmə hökmü üçün əsas gətirilməsi halına rast gəlməyiblər.

Prosesdə Saakaşvilinin tərəfdarları da iştirak edib, məhkəmə binası qarşısında etiraz aksiyası baş tutub. Tərəfdarların fikrincə, məhkəmə “Gürcü arzusu” partiyasının sifarişini yerinə yetirib.

Saakaşvilinin vəkili Sofio Qoqliçidze bildirib ki, bu gün məhkəmə “konstitusiyanı pozub”.

“Mixail Saakaşviliyə münasibətdə siyasi təqib həyata keçirilir. İttihamedici hökm işin içində olan sübutlar əsasında mümkün deyildi”, – vəkil bildirib.

Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” partiyasının liderərindən biri, Ukraynanın Milli Polisinin keçmiş rəhbəri Xatiya Dekanoidze Tbilisi məhkəməsinin qərarının Saakaşvilinin Ukraynadan ekstradisiyası üçün səbəb ola biləcəyini istisna etməyib.

“Mən Saakaşvilinin ekstradisiyasını istisna etmirəm, çünki hər iki ölkənin inzibati resursu bu gün bir insana qarşı yönəlib”, – Dekanoidze bildirib.

Saakaşvili artıq dörd ildir ki, Gürcüstana qayıda bilmir. Ona qarşı dörd epizod üzrə cinayət işi qaldırılıb – vəzifə səlahiyyətindən sui-istifadə, dinc mitinqin və televiziyanın dağıdılması, deputatın döyülməsi və büdcə vəsaitlərinin mənimsənilməsi.

 

 

 

 

 

 

 

 


More on JAMnews