Xarici idmançılar firavan yaşayır, yerlilər çıxıb gedir və ya üzə çıxa bilmirlər. Azərbaycana belə praktika həqiqətən də lazımdırmı?" />

Legionerlər

Xarici idmançılar firavan yaşayır, yerlilər çıxıb gedir və ya üzə çıxa bilmirlər. Azərbaycana belə praktika həqiqətən də lazımdırmı?

Azərbaycanda idmana böyük diqqət yetirilir, hər il inkişafına milyonlar ayrılır. Amma 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiya oyunlarında Azərbaycanı 56 idmançı təmsil edirdi, onlardan 33 nəfəri legioner idi.

Gənclər və İdman Nazirliyində və Milli Olimpiya Komitəsində onları legioner saymırlar. Amma onlara milli idmançı da demək olmur. 

Azərbaycan idmanına legionerlər lazımdırmı və vətəndaşlığını dəyişən əcnəbi idmançılara maraq haradan yaranıb?  

Bu cür idmançıların kütləvi şəkildə cəlb edilməsi 2008-ci ildə Pekində keçirilən Olimpiya oyunlarından sonra başladı. O vaxt Olimpiya yığmasının tərkibində 10 legioner vardı. Artıq 4 il sonra onların sayı iki dəfədən çox artıb 23 oldu. Rioda legionerlərin sayı hətta yerli idmançılardan da çox idi.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “legioner ifadəsi ilə qəti şəkildə razı deyil.

“Klubların əcnəbilərin hesabına gücləndiyi bir vaxtda legioner anlayışı artıq futbola aid deyil. Mariya Stadnik və ya Xetaq Qazyumovu  legioner adlandırmaq düzgün olmazdı, – MOK-un vitse-prezidenti Azərbaycanın Rioda keçirilən oyunlarda çıxışının nəticələrinə həsr olunan mətbuat konfransında deyib.

Çingiz Hüseynov bildirir ki, xarici idmançılar Azərbaycanın milli komandalarına gənc yaşlarından cəlb olunublar və məhz burada öz ən yüksək nailiyyətlərini qazanıblar.

“Biz legionerləri böyük ehtiyatımız olmayan idman növlərinə dəvət edirik, onlar bizim idmançılarla məşq edir və bu öz müsbət nəticələrini verir, – Çingiz Hüseynzadə deyir.

Amma bu fikir də mübahisəli səslənir.

Federasiyanın vitse-prezidenti haradandırsa, güləşçilər də oradandır

Güləş Azərbaycan üçün ən ənənəvi idman növüdür. Müstəqil Azərbaycanın Olimpiya oyunlarında ilk medalını 1996-cı ildə Atlantada sərbəst növdə güləşən Namiq Abdullayev qazandı. Bu idmançı dörd il sonra Sidney Olimpiadasından qızıl medalla qayıtdı. 

16 il sonra isə Riodakı Olimpiadada Azərbaycanı təmsilən çıxış edən 14 güləşçidən səkkizi legioner idi. Güləşçilərin qazandığı 9 medaldan beşi legionerlərin payına düşdü.

Niyə az qala hər bir həyətində uşaqların güləşlə məşğul olduğu bir ölkədə bu sahəyə kütləvi şəkildə legionerlər cəlb olunur?

İdman şərhçisi Sərxan Musalı deyir ki, Azərbaycanın sərbəst güləş üzrə müxtəlif yaşlı yığma komandalarını dağıstanlı güləşçilər tutub, bu da Federasiyanın vitse-prezidentinin əslən Dağıstanlı Maqomed Aliomarovun olması ilə bağlıdır. 

“Azərbaycan Xəzər İsayevdən başlayaraq, Namiq Abdullayevə qədər həmişə özünün güclü sərbəst güləşçiləri ilə məşhur olub. Aliomarov federasiyada 2008-ci ildən işləyir. O vaxtdan da yığma komanda dağıstanlı güləşçilərlə dolur.

2016-cı ilin əvvəlində Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov tutduğu vəzifədən azad edilib. Elə həmin vaxt külli miqdarda pul mənimsəməkdə günahlandırılıb. O vaxtdan da gözdən itib. AzPolitika saytının yazdığına görə, dağıstanlı güləşçilərin transferinə görə “kompensasiya üçün nəzərdə tutulan külli miqdarda vəsait keçmiş baş katibin cibinə gedib.

Sərxan Musayev qeyd edir ki, vəziyyət elə bir kritik həddə çatıb ki, bu gün ölkə çempionatlarında hər bir çəki dərəcəsində dağıstanlılar çıxış edir. “Məhz Aliomarova görə gənc güləşçilərimizin karyeraları məhv olur və bitir.

Kubalı kubalı ilə dalaşır, Azərbaycan qalib gəlir

Əslən kubalı olan Azərbaycan idmançısı Lorenso Sotomayorun gözləri yaşla dolub. Bir neçə dəqiqə əvvəl hakimlərin mübahisəli qərarı ilə o, Olimpiya oyunlarının finalında özbək boksçuya məğlub olub.   

Bununla belə, Azərbaycan, ispan və ingilis dillərini bir-birinə qataraq bir neçə söz deməyə özündə güc tapır.   

“Azərbaycan həmişə mənim qəlbimdə olacaq, bura mənim evimdir. Qızıl gətirməyi çox istəyirdim, amma özünüz hər şeyi gördünüz.

Lorenso Sotomayor 2013-cü ildən Azərbaycan tərəfindən çıxış edir. 2015-ci ildə ilk Avropa oyunlarında qalib gəlir, bir il sonra Riodakı Olimpiya oyunlarında ikinci olur. Sentyabrın 1-də Azərbaycan prezidentinin fərmanı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə ordeni ilə təltif olunur. 

Olimpiya oyunlarının dörddə bir finalında Sotomayor kubalı boksçu Yasniyer Toledoya qalib gəlir, internetdə isə zarafat edirlər “Kubalı kubalı ilə dalaşır, Azərbaycan qalib gəlir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov legionerlərin müdafiəsinə qalxır. “Onlar Azərbaycan vətəndaşlarıdır, ailələrini bura köçürüblər. Legioner söhbəti bugünkü dünyada, idmanda gülməli söhbətdir. Onlar bizim idmanımız üçün vacibdirlər.

Özümüzünkülər niyə gedir?

Mariya Stadnik dünyanın ən titullu qadın güləşçilərindən biridir. Artıq 10 ildir ki, Azərbaycan vətəndaşı olan Mariya mümkün olan hər şeyi udub, bir Olimpiya qızılından başqa. 2012-ci və 2016-cı illərdə keçən Olimpiadalarda Stadnik qızılın bir addımlığında dayanıb. 

Sarsılmaz döyüşçü olan bu xanım sonuna qədər özünü saxlayıb, amma ikinci Olimpiya gümüşünü götürəndə ağlamışdı.

Mariya Stadniki Azərbaycanda sevirlər, ona pərəstiş edirlər, o minlərlə yoluna yeni başlayan güləşçilər üçün kumirdir. Onu küçədə tanıyırlar, ona heyrandırlar. Müsəlman Azərbaycanında qadın güləşçini sevir və nadir məğlubiyyətlərini öz şəxsi faciələri kimi yaşayırlar.

Bu cür idmançılar Azərbaycana lazımdır. Bu cür idmançılar dünya idmanına lazımdır. Və heç kim heç vaxt onları özününkülərə və özgələrə ayırmayacaq.

Amma!

2016-cı ildə Rioda keçirilən həmin o Olimpiya oyunlarında azərbaycanlı ağır atletika idmançısı Nicat Rəhimov qızıl medal qazandı, amma Qazaxıstanın yığma komandası üçün.

Azərbaycanda bu, böyük narazılıqla qarşılandı. Xüsusən də ağır atletika üzrə bütöv Azərbaycan yığmasının dopinq istifadəsinə görə diskvalifikasiya olunduğu bir şəraitdə. 

Nicat Rəhimov Qazaxıstanın bayrağı altına 2014-cü ildə baş məşqçi bolqar Zlatko Vanevlə aralarında mübahisə yaranması səbəbindən keçdi. İdmançının atasının sözlərinə görə, elə həmin Vanev bolqar atletləri kütləvi şəkildə yığma komandaya dəvət edirdi. Təkcə Valentin Xristov və Boyanka Kostovanın keçməsi üçün Azərbaycan 400 min dollar xərcləməli olub.

Nicat Rəhimov, foto Rioda keçirilən yay olimpiadasının rəsmi saytından götürülüb

Azərbaycanda idman ümumiyyətlə gəlirli sahədir. Olimpiya qızılına görə idmançı təkcə Azərbaycanın MOK-dan 600 min manat (370 min dollar) alır. Azərbaycan bayrağı altına keçmək üçün bundan yaxşı stimul?

Amma Nicat Rəhimovun niyə Azərbaycanın Ağır Atletika Federasiyası tərəfindən bu cür etinasız münasibətlə üzləşməsinin məntiqi izahı yoxdur. Azərbaycan yığma komandasında bu qədər müddət ərzində hansı səbəbdən hər şeyi Zlatan Vanevin idarə etdiyi kimi.

“Azərbaycana qonaq kimi gedəcəm. Qazaxıstan tərəfindən isə çıxış edəcəm, – Nicat Rəhimov deyir.

Müsbət tərəflər varmı?

Azərbaycan qazanılan Olimpiya medallarının Rio-de-Janeyrodakı oyunlarda iştirak edən idmançıların sayına nisbətdə birinci yer qazandı, bununla da ən effektiv yığma komanda oldu. 

Ümumilikdə Azərbaycan Riodakı Olimpiadada 18 medal qazanıb. Ümumi sıralamada ölkə 39-cu, medal sayına görə 15-ci yeri tutub.

18 Olimpiya medalı Azərbaycan kimi kiçik ölkə üçün böyük uğurdur. Sadəcə onları öz idmançılarımız da qazana bilərdi, vaxtında yetişdirsəydilər.


More on JAMnews