Erməni analitiklər Rusiya XİN rəhbərinin səfərin yekun mətbuat konfransındakı çıxışı nəticəsində bu qənaətə gəliblər " />

“Lavrov Yerevanda bildirib ki, Qarabağ sülh prosesi dondurulur”

Erməni analitiklər Rusiya XİN rəhbərinin səfərin yekun mətbuat konfransındakı çıxışı nəticəsində bu qənaətə gəliblər

Ermənistanda iki günlük səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərlə görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqda danışıb.

“Qarabağ münaqişəsinin nizamlanması üçün bütün komponentlər var. Onlar 2007, 2009, 2011-ci illərdə ATƏT-in baş katibinə təqdim edilmiş və ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifləri kimi təsbit olunmuş çoxsaylı sənədlərə daxil edilib. Onlar tam şəkildə danışıqlar masasına yatırılıb.

Bu komponentlər bir paketə daxildir və onlardan birini, ikisini və ya üçünü götürüb, əsas kimi təklif etmək çox çətindir, çünki bu halda digər balanslaşdırıcı komponentlər düşür və biz əldə etmək niyyətində olduğumuz nəticəyə nail ola bilməyəcəyik”, – Rusiya XİN rəhbəri bildirib.

Sergey Lavrov hər iki prezidentin – həm Ermənistan, həm Azərbaycan – Cenevrədə az əvvəl baş tutan görüşün ölkələri üçün faydalı olduğunu qeyd etməsini müsbət hal hesab edir:

“Amma bu müsbət yanaşmanın mahiyyət etibarilə nizamlama istiqamətində irəliləməyimizə kömək etməsi çox vacibdir. Həmsədrlər bunun üzərində işləyir. Bu günlərdə Ermənistan və Azərbaycan XİN rəhbərləri Moskvada həmsədrlərlə görüşüb.

Amerikalı və fransalı həmkarlarla hansı nöqtədə olduğumuzu analiz edəcəyik və nizamlama üçün aktiv səy göstərəcəyik. Qarabağ danışıqlarından həddən artıq nikbinlik gözləmək olmur. Təəssüf ki, bütün danışıqlar təcrübəsi göstərir ki, problem müşküldür və danışıqlar tez bitməyəcək”.

Ermənistan analitikləri Lavrovun ötürdüyü mesajları şərh ediblər

“Mahiyyət etibarilə Rusiya xarici işlər naziri bildirib ki, Qarabağ sülh prosesi dondurulacaq və ya ən azından Vaşinqton, Moskva və Parisin həyata keçirməyə çalışdığı prosesin dondurulması başlayacaq. Əks halda Rusiya XİN rəhbəri tərəflərin çox zəif sürətlə irəliləməsi, nizamlama prosesinin uzanması, bunun da gərginlik ehtimalını artırması ilə bağlı narahatlıq ifadə edərdi”, – 1in.az saytının analitiki Aram Amatuni yazır.

Politoloq Manvel Sarqsyan hesab edir ki, Lavrovun bəyanatlarında yeni heç bir şey yoxdur. Onun fikrincə, əgər tərəflər münaqişəni həll etmək istəsəydilər, sadəcə bəyanatlarla kifayətlənməzdilər. Üstəlik həm Ermənistan, həm Azərbaycan, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələr Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesindən dialoq meydançası, öz nüfuzlarının və çəkilərinin artırılması vasitəsi kimi istifadə edir.

Rusiya xarici işlər naziri Yerevana iki günlük rəsmi səfərdə olduğu Bakıdan gəlib.

Regiona səfəri ərəfəsində Sergey Lavrov bildirib ki, bu səfərin məqsədi Azərbaycan və Ermənistanla diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlıdır.

Ermənistan prezidenti Serj Sarqsyan diplomatik münasibətlərin yubileyi ilə bağlı bunları deyib:

“Bu gün Ermənistan-Rusiya münasibətləri həqiqi müttəfiq münasibətləri kimi xarakterizə edilir. Mən bu fikri tam dəstəkləyirəm, çünki bütün səviyyələrdə olan əlaqələr siyasi dialoqun yüksək səviyyəsi, xarici siyasətin geniş koordinasiyası, beynəlxalq meydanlarda məhsuldar əməkdaşlıq, iqtisadi, hərbi və humanitar sahələrdə əla qarşılıqlı təsirlə seçilir”.

Milli Qalereyada Sergey Lavrov və Edvard Nalbandyan “Ermənistan-Rusiya: əsrlərin sınağından çıxmış dostluq” adlı tarixi fotolar və sənədlər sərgisini açıblar.


More on JAMnews