Barak və Mişel Obamalar Netflix şirkəti ilə uzun müddətli müqavilə imzalayıblar" />

Keçmiş ABŞ prezidenti və birinci ledi kino prodüseri olacaqlar

Barak və Mişel Obamalar Netflix şirkəti ilə uzun müddətli müqavilə imzalayıblar

Keçmiş ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın Netflix şirkəti ilə müqavilə imzaladığı məlum olub. Bu müqaviləyə əsasən, onlar şirkət üçün film və seriallara prodüserlik edəcəklər. Bu haqda The New York Times məlumat verib.

Netflix film, serial, şou və digər video kontenti istehsal edən beynəlxalq şirkətdir. Netflix-in bütün dünya üzrə daimi abunəçilərinin sayı 100 milyon istifadəçidən çoxdur.

Barak Obama bəyan edib ki, siyasi məqsədlərə çatmaq üçün Netflix-dən istifadə etməyəcək. Məsələn, Obama servisin vasitəsilə hazırkı ABŞ prezidenti Donald Trampla polemikaya girmək niyyətində deyil.

Netflix şirkətindən bildiriblər ki, Barak və Mişel Obamalar bədii və sənədli filmlər, seriallar və şoular istehsal edəcəklər və bütün bunlarda keçmiş prezidentin səkkiz illik hakimiyyəti dövründə qaldırdığı mövzulara xüsusi diqqət yetiriləcək.

Obama prezident kürsüsünü Trampa təhvil verəndən sonrakı son il yarım ərzində ölkənin siyasi həyatından kənarda durmağa çalışıb. Çoxları Obamadan qoyub getdiyi çox şeyi məhv etməyə çalışan hazırkı prezidentlə fəal mübarizə  gözləyirdi. Amma eks-prezident Trampın hərəkətlərini çox nadir hallarda şərh edir və səs-küylü siyasi bəyanatlardan çəkinir.

Barak və Mişel Obamaların Netflix-lə imzaladığı müqavilənin maliyyə təfərrüatları, o cümlədən də müddəti açıqlanmır.

Netflix şirkətinin kontent direktoru Ted Sarandos bildirib: “Barak və Mişel Obamalar dünyada ən hörmətəlayiq və qəbul olunan şəxsiyyətlərdən biridirlər. İndi onların insan hekayələrini işıqlandırmaq kimi unikal imkanları var”.

“Biz çox qürurluyuq ki, məhz Netfllix Barak və Mişel Obamaların bu hekayələri bölüşəcəyi platforma olacaq”, – Sarandos vurğulayıb.


More on JAMnews