Ailə münaqişəsinə görə saxlanılan adam bir neçə gün sonra vəfat edib" />

Kaxetiyada həlak olan şəxsin ailəsi faciədə polisi günahlandırır

Ailə münaqişəsinə görə saxlanılan adam bir neçə gün sonra vəfat edib

55 yaşlı Kaçreti kənd sakini Zviad Mtavrişvili polis əməkdaşlarının ona yetirdiyi xəsarətlər nəticəsində ölüb – mərhumun ailə üzvləri belə deyir. Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariyanın sözlərinə görə, Baş Prokurorluq artıq faktı araşdırmağa başlayıb.

Nə baş verib?

Mərhumn ailə üzvləri və yaxınları jurnalistlərə bildiriblər ki, martın 22-də sərxoş vəziyyətdə olan Mtavrişvili qohumları ilə dalaşıb. Onun gözünü qorxutmaq üçün doğmaları polis çağırıb. Onların sözlərinə görə, gələn polis əməkdaşları özlərini çox aqressiv aparıb. Onlar ehtimal edirlər ki, polisə zəng vurduqları zaman hüquq-mühafizəçiləri Mtavrişvilinin söydüyü söyüşləri eşidib və öz ünvanlarına qəbul ediblər.

Ailə üzvləri danışırlar ki, saxlanılandan sonra o, evə döyülmüş vəziyyətdə qayıdıb. Bir müddət sonra vəziyyəti pisləşib və martın 30-da klinikaya yerləşdirilib. Aprelin 15-də isə beyninə qansızma nəticəsində vəfat edib.

Qəti ölüm səbəbini dövlət ekspertizası müəyyən etməlidir.

Şimali Osetiyada polis əməkdaşı işgəncə və qətlə görə mühakimə edilir

Hüquq-mühafizəçiləri nə deyir?

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya bildirir ki, prokurorluq Zviad Mtavrişvilinin ölüm faktını araşdırır.

“Bu işin detallı tədqiqatı aparılır və tezliklə ictimaiyyət hər şey haqda məlumatlandırılacaq”, – nazir bildirib. Eyni zamanda onun fikrincə, “ilk gündən polis əməkdaşları ilə bağlı heç bir şübhə yoxdur”.

Polisdən bildirilib ki, Mtavrişvili bacısı ilə dalaşıb, onu küçəyə atacağı ilə hədələyəndən sonra dindirilməyə gətirilib. Polisin əlində onun saxlanılması ilə bağlı order olub, Mtavrişviliyə bacısı və onun uşağına yaxınlaşmaq qadağan edilib.

Bir neçə gün sonra Mtavrişvili artıq klinikaya yeləşdirilib, ailə bildirir ki, kəlləsində yaranan hematoma polis idarəsində döyülməsinin nəticəsidir. DİN-dən isə bildirilir ki, baş müfəttişlik Kaçreti polis şöbəsində yoxlama aparıb, videokamera görüntüləri nəzərdən keçirilib, polis əməkdaşları dindirilib, Mtavrişviliyə qarşı zorakılığı təsdiq edən heç nə aşkarlanmayıb.

Polis tərəfindən zorakılıq – ombudsmenin hesabatı

Gürcüstan ombudsmeninin aprelin 1-də açıqlanan hesabatına əsasən, ötən il polis özbaşınalığının qurbanı olmuş və xalq müdafiəçisinə müraciət etmiş  vətəndaşların sayı azalıb. Ombudsmenin ofisi belə faktlarla prokurorluğa cəmi 5 dəfə müraciət edib. Halbuki 2017-ci ildə belə halların sayı 10 olub.

Hesabatda deyilir ki, prokurorluq polisin şübhəlilərə qarşı ehtimal olunan qeyri-adekvat əməlləri ilə bağlı 367 fakt üzrə iş qaldırıb. Bu işlərin 90 faizi səlahiyyətlərin aşılması, cəmi 10 faizi isə işgəncə və insan ləyaqətinin alcaldılması maddəsi ilə bağlı olub.

Eyni zamanda ombudsmenin hesabatında vurğulanır ki, günahkarların üzə çıxarılmasında faiz göstəricisi aşağıdır. Sözügedən 367 işdən yalnız 12-də məsuliyyətə cəlb edilmə baş verib – hamısında nisbətən yüngül olan səlahiyyətlərin aşılması ittihamı ilə.


More on JAMnews