Münaqişənin həlli kimə və niyə lazımdır? " />

Qarabağ matrisası-2016

Münaqişənin həlli kimə və niyə lazımdır?

Mənə Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda inkişaf olacaqmı – sualını verəndə futbol proqnozlarının əvəzolunmaz ustası olan xalam oğlu yadıma düşür: “Neftçi” ya udacaq, ya da uduzacaq, ya da ən pis halda heç-heçə oynayacaq. Etiraf edim ki, ondan fərqli olaraq proqnozçu kimi heç bir işə yaramayan mən cəbhə xəttində aprel gərginliyindən sonra Qarabağ üzrə danışıqların ölü nöqtədən tərpənə biləcəyi ilə bağlı fərziyyə irəli sürmüşdüm və “Lavrov öz nüfuzunu risk altına qoyub” kimi gülməli bir arqument də gətirmişdim. Hər halda indi biz Lavrovun nüfuzunun nə qədər qiymətli olduğunu bilirik.

«Lavrovun Qarabağla bağlı planı» alt-üst olandan sonra ötən 2016-cı il münaqişə iştirakçılarının status-kvo məsələsinə digər vacib düzəlişlər də etdi. Onların arasında aşağıdakı iki dəyişiklik xüsusilə əhəmiyyətli oldu:

1. “DQR ordusunun Cənubi Qafqazda ən güclü ordu” olması ilə bağlı nağıl puça çıxdı. Apreldə dörd gün davam edən hərbi əməliyyatlar göstərdi ki, müasir şəraitdə ən yaxşı eşelonlaşdırılmış müdafiə xəttini belə qırmaq heç də çətin deyil. Böyük itkilər oldu, Ermənistan tərəfi üçün də bu, kifayət qədər ciddi həyəcan siqnalına çevrildi.

2. Münaqişənin qaynar nöqtələrinin coğrafiyası Azərbaycanla Ermənistanın dövlət sərhədinə qədər gəlib çıxdı. Dekabrın 30-da Ermənistan-Azərbaycan sərhədində, Ermənistanın Tavuş rayonunun Çinarlı yaşayış məntəqəsi yaxınlığında toqquşma baş verdi. Hər iki tərəf bir-birini təxribatda ittiham etdi. Nəticədə Ermənistan tərəfi üç, Azərbaycan tərəfi isə bir hərbçisini itirdiyini etiraf etdi. Ermənistan tərəfi bu günə qədər azərbaycanlı hərbçinin meyitini təhvil vermək istəmir. Əvvəllər də sərhəddə toqquşmalar olsa da, dekabrdakı kimi insident olmayıb.

3. Şərti olaraq bura üçüncü bəndi də əlavə etmək olar: deyəsən, hər iki tərəf danışıqlardan yorulub. Prezidentlərin və hətta xarici işlər nazirlərinin 2016-cı ilin sonlarında ATƏT-in Hamburqda sammiti çərçivəsində gözlənilən görüşləri baş tutmadı.
2017-ci ildə hər hansı ciddi irəliləyiş gözləməyə dəyərmi – sualı ətrafında fikir yürütməyə başlamazdan əvvəl, əslində çox sadə bir sualın üzərində dayanaq: Qarabağ probleminin həlli kimə və niyə lazımdır? Ümumiyyətlə lazımdırmı?

Başa düşürəm ki, siyasətdə riyazi modelləşdirmə metodlarını tətbiq etmək mümkün deyil, amma texniki təhsilli olduğum üçün problemin bütün mürəkkəbliyini və onun həlli yollarını anlamaq üçün “matrisa” cızmalıyam. “Matrisa” ikiölçülü olacaq, sətirlər hazırda müzakirə olunan “Madrid prinsipləri” əsasında münaqişə və onun həllində maraqlı olan (və ya olmayan) tərəflərdir. Sütunlar isə maraqlı tərəflərdən hər biri üçün mümkün divident və itkilər, “lehinə” və “əlehinə” olan arqumentlərdir.
Bu da fikrimcə, münaqişə və onun həllində maraqlı olan tərəflərin ən qısa siyahısıdır:

Azərbaycan hakimiyyəti; Ermənistan hakimiyyəti və ondan asılı olan Dağlıq Qarabağın nümayəndələri; Azərbaycan ictimaiyyəti; Ermənistan ictimaiyyəti; Rusiya; ABŞ; Avropa İttifaqı; Türkiyə; İran.

Bu tərəflərdən hər birinin marağını qiymətləndirməyə çalışaq. Sətirlərin sırası əlbəttə ki, şərtidir, vaciblik dərəcəsi ilə bağlı deyil. Həm də xatırladım ki, söhbət yenilənmiş Madrid prinsipləri əsasında razılaşmadan gedir, yəni axırıncı variantları (Qarabağ ermənilərinin deportasiyasını və ya DQR-in müstəqilliyinin tanınmasını) nəzərdən keçirməyəcəyik.

Azərbaycan hakimiyyəti

Qazancları:

  • Tarixdə xilaskar və qalib kimi qalmaq və ola bilsin, Nobel sülh mükafatı almaq şansı;
  • DQ ətrafında hazırda işğal altında olan ərazilərin ehtiyatlarına çıxış. Burada söhbət həm təbii, həm iqtisadi, həm də inzibati resurslardan gedir (xeyli sayda yeni vəzifə və imkanlar var);
  • Naxçıvan MR-nın blokadadan çıxarılması, dəmir yolunun və ola bilsin, Zəngəzurdan avtomobil yolunun açılması.

İtkiləri:

  • Dağlıq Qarabağ Respublikası (artıq dırnaqsız) üçün aralıq status və Damokl qılıncı kimi asılan yekun statusun müəyyən edilməsi ilə bağlı referendum, bu da az qala DQ-nın ayrılmasına bərabərdir;
  • DQ-nın aralıq statusu ilə bağlı “baş ağrısı”. Qarabağ ermənilərinin bütün hüquqlarının qorunmasına zəmanət;
  • Öz ərazisinə sülhməramlı adı altında xarici qoşunların buraxılması.

Maraq dərəcəsi: ortadan aşağı.

Ermənistan hakimiyyəti və ondan asılı olan Dağlıq Qarabağın nümayəndələri

Qazancları:

  • DQ-nın statusu, daha sonra da referendum, de-fakto məsələnin kökündə dayanan həmin o “miatsum” [“birləşmə” (erməni dilindən) – redaktor qeydi].
  • DQ-ni Ermənistanla birləşdirən yerüstü dəhliz;
  • Naxçıvandan keçən dəmir yolunun açılması, Rusiya ilə dəmir yolu əlaqəsi;
  • Gürcüstana alternativ kimi tranzit layihələrə mümkün qoşulma;
  • Türkiyə ilə yerüstü sərhədlərin açılması, iqtisadi əlaqələrin qurulması;
  • İşğal altında olan boş ərazilərin və onların ətrafında olan ordunun saxlanmasına sərf olunan xərclərin azalması;
  • Yenə də sülhməramlı kimi tanınmaq və Nobel sülh mükafatı almaq şansı

İtkiləri:

  • “Milli maraqlara xəyanət edən” damğası və 1997-ci ildə olduğu kimi reytinqin aşağı düşməsi.
  • DQ ətrafında strateji mövqelərin itirilməsi, axı siyasət dəyişkən olur və zəmanətlər İkinci Dünya Müharibəsindən əvvəl müttəfiqlərin bir-birnə verdiyi zəmanətlər kimi işləməyə bilər.
  • Demoqrafik amil. DQ əhalisinin etnik tərkibi məcburi köçkünlər qaytarılandan sonra dəyişəcək.

Maraq dərəcəsi: ortadan yuxarı.

Azərbaycan ictimaiyyəti

Qazancları:

  • Qaçqınlar və məcburi köçkünlər müvafiq zəmanət və kompensasiya ilə doğma yerlərə qayıtmaq hüququ alır;
  • Azad olunmuş ərazilərin reabilitasiyası layihələrində yeni iş yerləri;
  • Vətənpərvərlik meyllərinin güclənməsi, Qarabağa qrup şəklində ekskursiyalar, Şuşa qalası fonunda selfi və s.
  • Naxçıvana getmək daha rahat olacaq;
  • Abşeron yarımadasında əhalinin sayının qismən də olsa azalması.

İtkiləri:

  • Qaçqınlar və məcburi köçkünlərin köçürülməsi zamanı qaçılmaz pozuntular;
  • Artıq qurulmuş əlaqələrin, iş yerinin itirilməsi, həyat tərzinin dəyişməsi, qaçılmaz stress;
  • Artıq düşmən kimi qəbul edilən dünənki qonşularla psixoloji problemlər.

Maraq dərəcəsi: yenə də ortadan yuxarı. 

Ermənistan ictimaiyyəti

Qazancları:

  • Qaçqınlar və məcburi köçkünlər müvafiq zəmanət və kompensasiyalarla birlikdə doğma yerlərə qayıtmaq hüququnu alır (bu, xüsusən də Qafqazın ən iri şəhərində yaşamaq imkanını əldə edən Bakı ermənilərinə aiddir, Ermənistanda isə əksər azərbaycanlılar əsasən kənd yerlərində yaşayıb);
  • Sərhədlərin açılmasından, Türkiyə və Azərbaycanla nəqliyyat və energetika kommunikasiyalarının bərpasından əldə edilən iqtisadi mənfəət;
  • Ermənistanın enerji və tranzit layihələrinə mümkün qoşulması nəticəsində iqtisadiyyatın inkişafı ilə bağlı olaraq rifahın yaxşılaşması.

İtkiləri:

  • Azərbaycan cəmiyyəti üçün bütün yuxarıda sadalanan itkilər Ermənistan cəmiyyəti üçün də aktualdır. Bu, aydın məsələdir.

Maraq dərəcəsi: ortadan yuxarı.

Hər iki cəmiyyət üçün “qazanclar” siyahısına müqavilə bağlanandan sonra insanların həlak olmayacağı və cəbhəyanı kəndlərin sakinlərinin gündəlik atəşə tutulmaq qorxusundan azad olacağı faktını əlavə etmək artıq olardı.

Rusiya

Qazancları:

  • Regiona sülhməramlı adı altında öz qoşunlarını yeritmək və Gürcüstanın münaqişə zonalarında olduğu kimi onların yerini möhkəmləndirmək imkanı;
  • Öz üzərinə regionun lideri rolunu götürmək və Azərbaycanı Avrasiya layihələrinə cəlb etmək;
  • Özünün KTMT və Gömrük İttifaqında müttəfiqi olan Ermənistanla birbaşa, kinli Gürcüstandan yan ötməklə dəmir yolu əlaqəsinin bərpası;
  • Yaxın Şərq regionu üzərində nəzarətin güclənməsi.

İtkiləri:

  • Münaqişə edən ölkələrin hökumətlərinə təzyiq rıçaqlarının zəifləməsi.

Maraq dərəcəsi: orta.

ABŞ və Avropa İttifaqı

Qazancları:

  • Regionda ümumi gərginliyin azalması, alternativ enerji layihələri ilə bağlı olan risklərin azalması;
  • Post-sovet məkanında münaqişələrin həlli ilə bağlı presedentlərin yaranması, bu presedent digər münaqişə regionlarında da istifadə oluna bilər (təbii ki, onların fəal iştirakı ilə)
  • Rusiyanın qaynar münaqişə ilə manipulyasiya etməklə regionda təsirinin zəifləməsi.

İtkiləri:

  • Ərazilərin reabilitasiya layihələrinin həyata keçirilməsi və sülhməramlı qüvvələrin təminatı ilə bağlı əsas xərclər çox güman ki, qərb ölkələrinin üzərinə düşəcək;
  • Qərbdən əli üzüləndən sonra Şimala daha çox nəzər yetirən Azərbaycanı itirmək ehtimalı.

Maraq dərəcəsi: ortadan aşağı.

Türkiyə

Qazancları:

  • Türkiyə Ermənistanla sərhədin açılmasında maraqlıdır. Ən azı, sərhədyanı regionların sakinləri və Türkiyə vətəndaşları – etnik ermənilər üçün yeni bazar və imkanlar açılır.
  • Azərbaycanla daha qısa və ucuz yerüstü əlaqə (Sədərək və Zəngəzur vasitəsilə).

İtkiləri:

Aşkar mənfi tərəflər yoxdur.

Maraq dərəcəsi: ortadan yuxarı

İran 1992-ci ildə birinci və sonuncu sülhməramlı cəhddən sonra Qarabağ münaqişəsinin həlli prosesində iştirakdan geri çəkilib. Bununla belə, onun üçün aşkar itki yəqin ki, sərhədin Araz çayı boyu işğal altında olan hissəsinin Azərbaycanın nəzarəti altına keçməsi olacaq. Hazırda bu yer heç bir gömrüyün nəzarəti altında deyil və “kölgə biznesi” üçün özünəməxsus “klondayk”dır.

***

Sonda qeyd etmək istəyirəm ki, burada göstərilən sxem çox sadələşdirilib və bütün hesablamalarım subyektiv xarakter daşıyır. Əlbəttə ki, oxucular “matrisa”nın hansısa elementləri ilə razılaşmaya, öz variantlarını təklif edə bilərlər. Bütün iradlara cavab verməyə və şərhlərdə müzakirələrə hazıram.


More on JAMnews