Müxalifət seçkilərə prezident Ərdoğanın təkbaşına hakimiyyətini zəiflətmək imkanı kimi baxır" />

“İstanbulu fəth etmək Türkiyəni fəth etməkdir” – Türkiyənin əsas meqapolisinin merinin seçkiləri

Müxalifət seçkilərə prezident Ərdoğanın təkbaşına hakimiyyətini zəiflətmək imkanı kimi baxır

Son günlərdə İstanbulun həmişə gur olan mərkəzində, xüsusən də Taksim meydanı və İstiqlal küçəsində ayrı bir canlanma var. Hər yandan musiqi səslənir. İnsanlar rəqs edir, şüar səsləndirərək qruplar şəklində küçələrlə yürüş edir, əllərdə bayraqlar dalğalanır, liderlərinin portretlərini gəzdirirlər.

Bu gün, iyunun 23-də şəhər təkrar seçkilərdə yeni merini seçəcək.

İqtidar namizədinin tərəfdarları prezident Rəcəb Tayyib Ərdoğana həsr olunmuş mahnını oxuyur, müxalifət namizədinin tərəfdarları isə İmamoğlunun seçkiqabağı kampaniyasının əsas şüarını səsləndirir – “Hər şey gözəl olacaq!”.

Martın 31-də baş tutmuş ötən seçkilərdə müxalifət partiyasının namizədi Əkrəm İmamoğlu az fərqlə qalib gəlmişdi. O, səslərin 48,80%-ni, hakim partiyadan olan rəqibi Binali Yıldırım isə 48,55%-ni toplamşdı.

Lakin yeni mer şəhəri cəmi 19 gün idarə edə bildi. Hakim partiya seçkilərin nəticələrindən şikayət etdi və təkrar seçkilər təyin olundu.

• Türkiyə “hə” dedi? Kütləvi aksiyalar və onlarla həbs – referendum nəticələrinə ilk reaksiya

• Türkiyə Ərdoğanla Gülən arasında

• Türkiyə: nəzarətdən çıxan inflyasiya – bu, müxalifətə kömək ola bilərmi?

2917-ci ilin aprelində Türkiyə prezidentinin təşəbbüsü ilə referendumda konstitusiyaya dəyişikliklər edilib. Bu dəyişikliklər prezidentin səlahiyyətlərini artırıb və faktiki olaraq parlament üsul idarəsindən prezident üsul idarəsinə keçilməsi anlamına gəlir. Referendum fövqəladə hal şəraitində keçirilib, müxalifət nəticələri mübahisələndirib.

2018-ci ilin iyununda Ərdoğan 52,6 faiz səslə yenidən Türkiyə prezidenti seçilib. elə həmin vaxt onun partiyası parlament seçkilərində 42,6% səs toplayaraq çoxluğa sahib olub.

Təkrar seçki – “siyasi qərar”?

Sadə insanlar arasında seçkilərin təkrarlanmasından narazı qalanlar az deyil. İstanbul küçələrində ünsiyyətdə olduğumuz vətəndaşlardan “iqtisadi vəziyyət bu qədər ağır ikən hakimiyyətin bütün diqqəti təkrar seçkiyə yönəltməsi və bunun üçün vəsait xərcləməsini” yanlış sayanlar vardı.

Mer kürsüsünü itirmiş müxalifət partiyası hesab edir ki, təkrar seçkilərin keçirilməsi barədə qərar sırf siyasi qərardır.

“Türkiyədə bir adamın idarəçiliyi problemi var. Referendumdan sonra bizim Cümhuriyyət Xalq Partiyası vətəndaşlara məhz bunu anlatmağa çalışır”, – JAMNews-a CHP-dən deputat Dərya Şəntürk deyib.

“Əgər bütün səlahiyyətlər bir nəfərə verilərsə, məhkəmələr azad olmayacaq, bir adamın hakimiyyəti bərqərar olur, bütün qərarlar onun istıyi ilə qəbul edilir. Əgər bu adam seçkilərin nəticələrindən narazı qalarsa, elə vəziyyət yaranır ki, Türkiyə hazırda məhz həmin vəziyyətdədir. Məhkəmələr təzyiq altında təkrar seçkilərin keçirilməsi barədə qərarları seçkilərin nəticələri həmin adamı qane edənə qədər qəbul edəcəklər. Təəssüf ki, Türkiyədə seçkilərə və hüquqa olan inam sarsılıb”.

Hakim partiya isə seçkilərin nəticələrindən verilmiş şikayəti məcburi addım hesab etdiyini bidirir.

“Biz təkrar seçkilərin tərəfdarı deyilik. Martın 31-də seçkilər olub və pozuntular baş verib. Biz bütün səslərin yenidən sayılmasını tələb etdik. CHP-nin etirazından sonra biz yol verilmiş və MSK tərəfindən qeydı alınmış pozuntuları əsas gətirərək, 23 iyun təkrar seçkilərinə getməyə məcbur olduq”, – JAMNews-a müsahibəsində hakim AKP-nin İstanbul bölməsinin xarici işlər departamentinin başçısı Halil Aslan deyib.

İstanbulu qazanmaq, Türkiyəni qazanmaqdır

25 il ərzində İstanbul meriyasına yalnız hakim partiyanın və onun müttəfiqlərinin – “Rifah” və “Fazilet” partiyalarının nümayəndələri başçılıq edib.

1994-cü ildə hazırkı Türkiyə prezidenti İstanbulun meri seçilib və bu, onun siyasi karyerasında əldə etdiyi ilk ciddi uğurdur. Ekspertlər hesab edirlər ki, məhz bu səbəbdən İstanbul hakim partiya üçün bu qədər əhəmiyyətlidir.

Lakin müxalifət bura digər heç də az əhəmiyyətli olmayan amilləri, misal üçün, maliyyəni əlavə edir.

“Çünki İstanbul Türkiyənin qəlbidir, inanılmaz maliyyə mərkəzidir, deməli, hökumət üçün əsas qida mənbəyidir. İstanbulu fəth etmək Türkiyəni fəth etməyə bərabərdir”, – Dərya Şəntürk deyir.

Hakim partiya hesab edir ki, onun fəxr edə biləcəyi çox şey var. AKP-nin İstanbuldakı hakimiyyəti dövründə yeni metro xətləri tikilib, yeni avtobuslar peyda olub.

Əvvəlki seçkilərdə hakim partiya İstanbuldakı seçkiləri böyük fərqlə qazanırdı. Lakin son seçkilər göstərdi ki, istanbullular artıq onların hakimiyyətindən elə də razı deyillər. Qalib gələ bilmək üçün həm hakim partiya, həm də müxalifət koalisiya yaradıblar.

“Biz Milli Hərəkat Pariyası ilə “Cümhur ittifaqı” yaratdıq. Rəqiblərimiz CHP isə “İyi parti” və HDP ilə koalisiya yaratdılar. Bu partiyaların İstanbulda və bütün Türkiyədə kifayət qədər ciddi elektoratı var. Təklikdə bu partiyalar həmişə AKP-yə uduzublar. Çıxış yolunu Ərdoğana qarşı birləşməkdə görürlər”, – İbrahim Halil Aslan deyir.

Kürd amili

Seçkilərdə kürd xalqını təmsil edən müxalif “HDP” partiyasının “CHP”ni dəstəkləməsi iqtidar partiyası üçün öz opponentlərini “terrorçuların yandaşları” adlandırmaq fürsəti olub.

“HDP” parlament seçkilərində 10,5 faiz səslə Milli Məclisə daxil olmuş bir partiyadır. Hazırda kürd terror qruplaşmalarına dəstək verməsi ittihamı ilə partiyanın bir sıra deputatları, o cümlədən də partiya sədri Səlahəddin Dəmirtaş həbsdə saxlanılır. Təkrar seçkilər elan ediləndən sonra Dəmirtaş həbsxanadan istanbullu tərəfdarlarına müraciət edərək, onları “CHP” namizədi İmamoğlunu dəstəkləməyə çağırıb.

“Onların lehinə səs verməyənlər haqqında, bizim haqqımızda daha nələr demədilər. Hətta terrorçu belə adlandırdılar. Biz isə Türkiyə Respublikasının vətəndaşlarıyıq və müsəlmanıq onlardan daha həqiqi müsəlmanıq”, – bunu JAMNews-a İmamoğlunu dəstəkləyən İstanbul sakinlərindən biri deyib.

Qarşılıqlı ağır ittihamlara rəğmən “CHP” İstanbulda bələdiyyə seçkisini təkrar qazanarsa, İstanbulun ən böyük şəhərini “AKP” daxil bütün partiyalarla əməkdaşlıq çərçivəsində idarə etməyə hazır olduğunu vurğulayır.

“Biz partiya tərəfkeşliyi ilə idarə olunan sistemdən qurtulmaq istəyirik. Bizim üçün əsas amil insandır. Din, məshəb, etnik mənşə, siyasi baxış önəmli deyil. İşinin mütəxəssisi olan hər kəslə işləmək arzusundayıq”, – Dərya Şentürk deyir.

“Seçkidə “AKP” qələbə qazanarsa, digər partiyalarla əməkdaşlıq çərçivəsində çalışacaqmı?” sualının cavabında “AKP” yetkilisi Aslan “əlləri şəhid qanına bulaşmış terrorçuları dəstəkləyən partiya ilə bir ittifaqda birləşən partiyalarla heç vaxt əl sıxmarıq” cavabını verib.

Nəticələri proqnozlaşdırmaq mümkün deyil

Təkrar seçkilərdə kimin qalib ola biləcəyi ilə bağlı proqnozlar məsələnin ən çətin yanıdır. Bir çox ekspertlər həmçinin hesab edirlər ki, 31 martdan bəri seçicilərin əhvalında və partiyaların durumunda dəyişən bir şey yoxdur.

KONDA Araşdırma və Məsləhət Şirkədinin baş direktoru Bekir Ağırdır MedyascopeTV-ə müsahibəsində bildirib ki, ilkin seçkilərdən təkrar seçkilərə qədərki zaman kəsiyində nə “AKP”, nə də “CHP” tərəfdarlarında artma və ya azalma müşahidə olunmur.

“Çünki bu müddət ərzində nə Binali bəyin, nə də Əkrəm bəyin tərəfdarları fikir dəyişərək qarşı tərəfə səs vermək qərarına gəlməyib. Düşünürəm ki, aşağı-yuxarı insanlar artıq qərarını verib. Qalibiyyət yenə də kiçik faizdən asılı olacaq”.

Namizədlərin istanbullular arasında populyarlığı həqiqətən də bərabər kimi görünür. Hətta İstanbul küçələrində təsadüfi insanlar arasında apardığımız qısa sorğu zamanı da respondentlərin ümumi sayının “AKP” və “CHP” tərəfdarları arasında yarı-yarıya bölündüyünə şahid olduq.

Ekspertlərin bildirdiyinə görə, insanlar “AKP”nin indiyə qədər əhali üçün həyata keçirdiyi uğurlu layihələrlə, hazırda yaranmış ağır böhrandan çıxmaq üçün ümid kimi görünən “CHP” arasında var-gəl edir.

Xidmət sahəsində işləyən 34 yaşlı Əsmanın öz mövqeyini ifadə etdiyi kimi:

“Ərdoğanı çox sevirəm. Amma ona səs verməyəcəm. Çünki həyata keçirdikləri o qədər gözəl işlərdən sonra indi həyat şəraitimiz çox çətinləşib. Maaşlarımız artırılıb, deyirlər. Doğrudur, amma bahalaşma maaş artımını üstələyib, bahalaşmanın qarşısını ala bilmirlər.

Görünür, bir kürsüdə uzun illər qalınca, artıq insan burnunun ucunu görməyəcək hala gəlir. Mənim üçün İmamoğlu bir ümiddir. CHP-dən gözəl işlər gözlədiyim üçün yox, düşünürəm ki, AKP İstanbulu uduzsa, Ərdoğanın yanlışları anlamaq və düzəltmək fürsəti olacaq”.

Facebook Comments

More on JAMnews