İsa Qəmbər müxalif “Müsavat” partiyasının Azərbaycan prezidentliyinə namizədi elan olunub
Yanvarın 27-də müxalif “Müsavat” partiyası payızda Azərbaycanda keçiriləcək prezident seçkilərində İsa Qəmbərin namizədliyini irəli sürmək qərarı qəbul edib. Qanuna əsasən, namizədlərin rəsmi qeydiyyatının seçki günündən iki ay öncə başlayacağına baxmayaraq, “Müsavat” artıq seçki qərargahının yaradılması qərarını verib.
Qəmbər 1992-1993-cü illərdə parlamentin spikeri vəzifəsini tutub, hətta qısa müddətə Azərbaycan prezidentinin səlahiyyətlərini də yerinə yetirib. 2003-cü ildə o, Azərbaycan prezidentliyinə namizəd olub və İlham Əliyevdən sonra ikinci yeri tutub. 2013-cü ilin prezident seçkilərində Qəmbər növbəti dəfə namizədliytini irəli sürüb, amma sonradan müxalifətin vahid namizədinin xeyrinə öz namizədliyini geri çəkib.
“Müsavat” partiyasının Məclisində İsa Qəmbər öz seçki platformasının əsas istiqamətlərini müəyyənləşdirib. O, ölkədə dəyişikliklərə nail olmağın, ölkəni inkişaf yoluna çıxarmağın vacibliyini qeyd edib. Bununla belə o, ölkələrə real müstəqilliyini yaşamağa imkan verməyən Rusiya imperializminin hələ də mövcud olduğunu da bildirib.
“Putin hakimiyyəti bu siyasəti davam etdirir. Azərbaycan hakimiyyətində olan şəxslər isə vəzifədən, hakimiyyətdən ötrü Moskvanın istənilən tapşırığını yerinə yetirməyə hazırdır. Əgər sabah belə bir vəziyyət yaransa, onlar SSRİ-nin bərpasına, Rusiya Ordusunun dəvət olunmasına da imza ata bilərlər. Belə insanlar Azərbaycan siyasətində hələ də aparıcı rol oynayırlar”, – Qəmbər öz çıxışında bildirib. Çıxışın videosu onun Facebook səhifəsində dərc olunub.
- Azərbaycanda rezident seçkiləri 2018-ci il oktyabrın 17-də baş tutacaq.
- 2016-cı il 26 sentyabr referendumu nəticəsində Konstitusiyaya edilən dəyişikliklərə əsasən, prezident yeddi il müddətinə seçiləcək.