“İrs” Partiyası: “Ermənistan dövlətə qarşı olan Ermənistan-Rusiya qaz sazişini ləğv etməlidir”

Ermənistan tərəfi 2043-cü ilə qədər Rusiyadan qaz almaq və “Qazprom”un maraqlarına zidd olan qərar və qanunların qəbul etməməklə bağlı öhdəlik götürüb

03.12.2013   Foto armenia-am.gazprom.com saytındandır

Ermənistanın müxalif siyasi qüvvələrindən biri – “İrs” Partiyası 2013-cü ildə bağlanmış Ermənistan-Rusiya qaz sazişinin ləğvini tələb edir. “İrs”in bəyanatında bu sazişin dövlətçiliyə qarşı olduğu deyilir, ondan imtina çağırışı da elə bununla izah olunur.

Ermənistan-Rusiya qaz sazişi “Qazprom” Ermənistanda “ArmRosqazprom”un 20 faiz səhmlərini aldıqdan sonra bağlanıb. Ermənistan Rusiyaya 155 min dollar borclu idi və bu borcun bir hissəsi həmin səhmlər hesabına silinib.

Qaz sazişinə görə, Ermənistan tərəfi 2043-cvü ilə qədər Rusiya qazını almaq öhdəliyi götürüb. Üstəlik bu öhdəliklərə Ermənistan tərəfindən 2043-cü ilə qədər “Qazprom”un, yəni Rusiyanın maraqlarına zidd olan qərar və ya qanunların qəbul edilməyəcəyi də daxildir.

Müxalif çevrədə bu vəziyyəti biabırçılıq kimi dəyərləndirirlər və qeyd edirlər ki, Ermənistan qazı Avrasiya İttifaqına daxil olan digər ölkələrlə müqayisədə baha alır. Baxmayaraq ki, Ermənistan da bu qurumun üzvüdür.

“Məlumatlı vətəndaşlar” ictimai təşkilatının apardığı araşdırmaya görə, Ermənistan sakinləri Rusiya qazını bu ölkənin gərgin münasibətdə olduğu Ukrayna vətəndaşları ilə təxminən eyni qiymətə alır. Rusiyanın müttəfiqi Belarus sakinləri isə qış aylarında qazı Ermənistan sakinlərindən 6-7 dəfə ucuz alırlar.

Bu kontekstdə “İrs” Partiyası enerji mənbələrinin diversifikasiyası imkanları məsələsinə də toxunur: qazı İrandan almaqdan tutmuş bərpa olunan mənbələrdən istifadə etməklə ölkənin öz daxilində enerji istehsalına qədər.

Ekspertlər həmçinin hesab edirlər ki, Ermənistan qazı alternativ mənbələrdən, məsələn, İrandan ala bilər. Üstəlik İran qazı Ermənistan sakinlərinə Rusiya qazından iki dəfə ucuz başa gələcək.

Bundan başqa, “İrs” Partiyası ABŞ və Avropa İttifaqının Ermənistanın energetika sahəsinə milyardlıq sərmayə imkanları haqda rəsmi bəyanatlarını da xatırladır. Müxalif partiyada hesab edirlər ki, Qərbin təklifi “yalnız Ermənistanın enerji müstəqilliyinin zəmanəti deyil, həmçinin iqtisadiyyatın inkişafı üçün də ciddi imkandır”.

Hakimiyyət hələlik bu bəyanata reaksiya verməyib.

Ermənistanın Rusiyadan aldığı qazın qiymətlərinə dair JAMnews-un bir qədər əvvəl dərc olunan analitik məqaləsini oxumağı təklif edirik.

Ermənistan-Rusiya: qazla isinən hisslər


More on JAMnews